Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT-nin Əhali Fondu media nümayəndələri üçün təlimə başlayıb

BMT-nin Əhali Fondu media nümayəndələri üçün təlimə başlayıb

BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyinin və Avropa İttifaqının dəstəyilə jurnalistlər, bloqqerlər və vloqqerlər üçün “Gender əsaslı cins seçimi mövzüsunun işıqlandırılması üzrə media işçilərinin bacarıqlarının artırılması” mövzusunda 2 günlük praktik seminara start verib.

Tədbir Avropa İttifaqıının maliyyə dəstəyi ilə həyata keçirilən “Oğlan Uşaqlarına Verilən Üstünlüyün Qarşısının Alınması və Qızların Dəyərinin Təbliği üzrə” Qlobal Proqram çərçivəsində təşkil olunub. Layihənin məqsədi oğlan uşaqlarına üstünlük verilməsi probleminin və doğulan uşaqlar arasında gender əsaslı cins seçiminin aradan qaldırılması məqsədilə həyata keçirilən milli təşviqat kampaniyasına medianı cəlb etmək olub. Seminarda gender ayrı-seçkiliyi, gender əsaslı zorakılıq və s. bu kimi mövzuları işıqlandıran media nüməyəndələrinin doğulan uşaqların cins nisbətinin pozulmasının səbəb və nəticələri haqqında məlumatlılığının artırılması məsələsi müzakirə ediləcək.

Bununla yanaşı, iştirakçılara ənənəvi və yeni media vasitələrinin, sosial media alətlərinin bu mövzudakı təşviqat işində istifadə olunması üçün praktik biliklər veriləcək. Seminarın açılışında BMT-nin Əhali Fondunun Demoqrafik inkişaf üzrə müşaviri Nərminə Məlikova doğulanların cins nisbətinin pozulması ilə Azərbaycanda və dünyada mövcud vəziyyət mövzusunda məruzə edib. O bildirib ki, son illər Azərbaycanda cins nisbətinin pozulması halları müşahidə edilir ki, bu vəziyyət gələcəkdə əhalinin strukturunda xoşagəlməz nəticələrə çıxarır: " Kişilərin həddən artıq çoxalması ölkədə zorakılıq, kriminogen halların artmasına, gəlin qaçırma, insan alverinin çoxalmasına səbəb olur. Bu istiqamətdə BMT-nin Əhali Fondu ilə Azərbaycan höküməti tərəfindən müxtəlif layihələr həyata keçirilir. Layihələr çərçivəsində edilən müdaxilələrin uğurunu təmin etmək üçün KİV-in rolu vacibdir və önəmlidir.

Son zamanlar qadınların sosial iqtisadi sferada rol almasına baxmayaraq, onlar mediada ənənəvi rollarda çıxış edirlər". Mətbuat Şurasının sədri müavini Ümid Mirzəyev bildirib ki, mətbuatda utancverici halları bəzən daha çox qabardırlar, qadının üstünə çox gedirlər. "Kişi ilə qadın eyni hərəkət etsə, qadın daha çox müzakirə edilir, təhqir edilir. Avtomobil idarə edən qadın qəza törədəndə mediada onu gülünc vəziyyətə gətirirlər və daha çox bəzəyirlər. Bu yol verilməzdir". Ü.Mirzəyev vurğulayıb ki, Mətbuat Şurasına təxminən 1000-ə yaxın rəsmi şikayət müzakirə edilir. "Bir o qədər də şikayətləri katiblikdə danışıq yolu ilə həll edirik, rəsmiləşdirmirik. Şikayətlərin böyük hissəsində məluk olur ki, yazılarda kiminsə ailəsini, uşağını, həddi buluğa çatmamış qız uşağı ilə bağlı xoşagəlməyən yazılar gedir. Bunu yazan müəlliflər arasında xanımlar heç də az deyil. Xanım yazarların özləri bu cür məqamlarda həmcinslərini tənqid edirlər. Bölgələrdə kimsə sayt təsis edir və xanımlara kart verib, qapılara göndərir. Bu cür hallarla jurnalistikaya, mətbuata aidiyyatı olmayan adamlar yoldan çıxardılır, onlar mətbuatın adına ləkə gətirirlər".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib ki, cins nisbətinin pozulması bizi narahat edən problemdir: "2018-ci ildə kişilərin qadınlara nisbəti 100 ün 150-ə müəyyənləşib. Bunun genefona mənfi təsirləri var. Bu gələcəkdə qadınların hüquqlarının pozulmasına, kriminal vəziyyətə, ailə sttukturuna təsir edəcək. Biz artıq həyəcan təbili çalırıq ki, ailədə, cəmiyyətdə qadına, qıza dəyər verilsin. Ailədə qız dünyaya gətirən qadına təyziq olunmasın". Daha sonra, seminarın əsas təlimçisi Türkiyədən dəvət olunmuş media mütəxəsisi Ayşe Karabat Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və Mətbuat Şurası tərəfindən ərsəyə gələn müəllifi olduğu “Gender jurnalistikası” adlı təlim kitabçasını təqdim edib. Kitabça qadın hüquqları, gender bərabərliyi, gender zorakılığı və digər oxşar mövzularda yazan jurnalistlərə əyani vəsait rolunu oynayacaq.

Qeyd edək ki, BMT-nin Əhali Fondu reproduktiv sağlamlıq və hüquqların təşviqinə çalışan BMT-nin aparıcı təşkilatıdır. Azərbaycanda fəaliyyət göstərdiyi 25 il ərzində BMT-nin Əhali Fondunun səyləri əhalinin mövcud və gələcək ehtiyaclarının müvafiq şəkildə həll olunması üçün milli siyasət və proqramların formalaşdırılması, həyata keçirilməsi və monitorinqi üçün demoqrafik məlumatların mövcudluğunu, əlçatanlığını və istifadəsini yaxşılaşdırmaq üçün milli potensialın artırılmasına yönəlib. Qeyd edək ki, layihənin yerli tərəfdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mətbuat Şurasıdır.

 

Əfsanə Bayramqızı,
 "Xalq qəzeti"

21 2019 13:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə