Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cəsarətli və güclü vətənpərvər - Davud İmanov

Cəsarətli və güclü vətənpərvər - Davud İmanov

Onu yaxşı tanıyırdım. Filmləri ilə də tanış idim. Bədii və sənədli  filmlər  çəkirdi.

1988-ci ilin fevralında Sumqayıt şəhərində ermənilər tərəfindən Azərbaycana qarşı törədilmiş təxribat xarakterli qırğınlar barədə   çəkdiyi  "Sumqayıtın əks-sədası" tammetrajlı sənədli film onun  qorxmaz  və cəsarətli bir  vətənpərvər olmasının  əsl   nümunəsi idi. O dövrdə bu olduqca çox riskli addım idi. Bunu isə ancaq humanist, vətəninə, xalqına bağlı olan insanlar edə bilərdilər.

Davud  cox zəngin bir ömür yolu keçmişdi. O, 20 may 1945-ci ildə Qazaxıstanın Akmolla rayonunda anadan olmuşdu. Həmin vaxt onun valideynləri burada 37-ci ilin repressiya qurbanı olaraq doğma Azərbaycandan köçürülmüş və həmin dövrdə "köçürülmüş xalqlar" kimi tanınan digər millətlərin nümayəndələri ilə bir yerdə yaşayıblar. Stalinin ölümündən sonra sürgün olunanlara SSRİ-nin yeni rəhbərliyi öz yurd-yuvalarına dönmələrinə icazə verir. Davud İmanovun ailəsi də 1957-ci ildə bəraət alaraq Azərbaycana qayıdıb. Azərbaycana dönən ailə Sumqayıtda məskunlaşır. 

O, 1979-cu ildə Ümumittifaq Teatr və Kino İnstitunun rejissorluq fakültəsinə daxil olur və 1984-cü ildə həmin İnstitutu fərqlənmə diplomu ilə bitirir. 1984-cü ildən 1994-cü ilədək Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasında kino-rejissor vəzifəsində çalışır. O, kino-rejissor kimi fəaliyyət göstərdiyi zamanlarda bir çox sənədli və publisistik filmlər çekranlaşdırmışdır. Bunlardan Rəşid Behbudov, Səttar Bəhlulzadə, "Lüdmila Qurçenko - artistlik sənəti" və s. sənədli filmlərini, "Afroditanın qolları" (1987) qısametrajlı bədii filmini, "Dənizçi ürəyi" (1986), "Hamı bir nəfər üçün" (1984), "Kölgədə 40 dərəcə isti" (1987) və s. filmlərini misal göstərmək olar. Onun Bakıya və bakılılara həsr etdiyi tammetrajlı "Zirzəmi" bədii filmi Azərbaycan kinosunda layiqli yer tutmuşdur. "Mozalan" kino-jurnalının isə Davud İmanovun yaradıcılığında xüsusi yeri vardır.

Ömür yoluna yorulmadan davam edən Davud müəllim 1995-ci ildən 2002-ci ilə qədər "Mir" Teleradio Kompaniyasının Azərbaycan bölməsinə rəhbərlik edib, bundan başqa bir neçə beynəlxalq festivallarda münsiflər heyətində təmsil olunmuşdur... Yaradıcı insanın bir ömürdə görə biləcəyindən qat-qat artığını həyata keçirən Davud İmanov "Sumqayıtın əks-sədası" sənədli filmində bəlkə də ilk dəfə olaraq Sumqayıt hadisələrinin baş verməsində ya birbaşa müqəssir, ya da iştirakçı olan Sovet İttifaqı rəhbərlərindən faktiki olaraq ifadə almış və bu həqiəqtlərə o dövr üçün çox böyük sensasiya, həmçinin də bir rejissor üçün misilsiz uğur sayıla biləcək formada ayna tuta bilmişdi.

Zəngin həyat yoluna, böyük təcrübəyə malik olan bir insan haqqında daha çox öyrənməyə çalışırsan. Bu üzdən vaxtilə Davud müəllimin yanında çalışan insanlarla əlaqə saxlayıb fikirlərini öyrənən zaman məlum olur ki, Davud müəllim işlədiyi dövrdə iş yerində rəhbərdən çox bir ağsaqqal, qayğıkeş insan olub. Gənc kadrlara hər zaman yol göstərib, onların yetişməsi üçün nə şərait lazımdırsa yaradıb. Hətta olub ki, işi doğru yerinə yetirə bilməyən işçiyə nə hirslənməz, nə də danılmazdı. Belə hal baş verdikdə onu yanına çağırar, söhbət edər, nəyin doğru, nəyin yanlış etdiyini ətraflı izah edərdi. Bununla da demək olar ki, "işdə səhv etmə" anlayışı yavaş-yavaş aradan qalxırdı. Bu o demək deyil ki, orada səhv olmurdu. Təbii ki yox, əgər iş varsa, orada çatışmazlıq və səhvlər də mövcud olacaq. Sadəcə olaraq Davud müəllimin işçilərlə ünsiyyəti, işi etibar etməsi, işçidə özgüvənin aşılaması sayəsində nöqsanlar aradan qalxırdı. Əgər hər hansı işçi bir çətinliklə üzləşərdisə, səhvə yol vermədən yaranmış çatışmazlığı aradan qaldırar, onun böyüməsinə imkan verməzdi. Çünki həmin işçi Davud İmanovun yaradıcılıq məktəbini keçmişdi. Belə təqdirəlayiq hərəkətlər ancaq sözün əsl mənasında İNSAN olan şəxslərə xasdır. Onlar başqa cür ola da bilməzlər. Çünki mənsub olduğu kökə bağlılığını, böyüklərindən görüb götürdükləri adəti, insana münasibəti, pisə, yaxşıya dəyər vermək qabiliyyətini hər zaman qoruyub saxlayıblar.

Bu yazıda Davud İmanovun ömür yoluna qısaca da olsa nəzər salıb, yad etdik. Vətəni, dövləti, xalqı üçün həyatını riskə atan, fəaliyyəti ilə örnək olan Davud İmanov yaddaşlarda yaşayaraq daim anılacaqdır.

Davud İmanovun uzaq 1945-ci ildə Qazaxıstandan yola çıxan ömür qatarı 2002-ci ildə 57 yaşında doğma Azərbaycanında son mənzilə çatdı.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

21 2019 12:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə