Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 224 Bakı şəhəri, 17 may 2019-cu il
 
“Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisəsi nəzdində olan peşə məktəbinin Nümunəvi Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 16 iyun tarixli 239 nömrəli Qərarının ləğv edilməsi barədə
“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisəsi nəzdində olan peşə məktəbinin nümunəvi Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 16 iyun tarixli 239 nömrəli Qərarı ləğv edilsin.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri
 

Azərbaycan  Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 17 may

tarixli 224 nömrəli Qərarı ilə

təsdiq  edilmişdir.

 

Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi

 

1. Ümumi müddəalar

 

1.1. Bu Nümunəvi Nizamnamə “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 5.5-ci maddəsinə əsasən hazırlanmışdır və cəzaçəkmə müəssisələrinin nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin fəaliyyətini tənzimləmək üçün onların nizamnamələrinin hazırlanması və dövlət qeydiyyatından keçirilməsi məqsədini nəzərdə tutur.

1.2. Bu Nümunəvi Nizamnamə cəzaçəkmə müəssisələrinin nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisəsi (bundan sonra - peşə təhsili müəssisəsi) üçün nizamnamənin hazırlanmasında əsas hesab olunur.

1.3. Peşə təhsili müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarına uyğun olaraq əmək bazarının tələbatına uyğun peşələr öyrədən, əlavə təhsil verən və ictimai-faydalı əməyə şüurlu münasibəti tərbiyə edən publik hüquqi şəxsdir.

1.4. Peşə təhsili müəssisəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən yaradılır.

1.5. Peşə təhsili müəssisəsi Nazirliyin tabeliyində fəaliyyət göstərir.

1.6. Peşə təhsili müəssisəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikasının “Publik hüquqi şəxslər haqqında”, “Təhsil haqqında”, “Peşə təhsili haqqında” qanunlarını və digər normativ hüquqi aktlarını, Nazirliyin, nəzdində fəaliyyət göstərdiyi qurumun əmr və sərəncamlarını, öz nizamnaməsini rəhbər tutur.

1.7. Peşə təhsili müəssisəsi müstəqil balansa, istifadəsində olan əmlaka, banklarda hesablara, üzərində Nazirliyin, həmçinin özünün adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.8. Peşə təhsili müəssisəsi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusu əldə edir. Peşə təhsili müəssisəsinin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.

1.9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, peşə təhsili müəssisəsinin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Peşə təhsili müəssisəsi məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.10. Peşə təhsili müəssisəsinin fəaliyyətinə lisenziya Azərbaycan Respublikasının “Lisenziyalar və icazələr haqqında”, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarına uyğun olaraq verilir.

1.11. Peşə təhsili müəssisəsi Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarına uyğun olaraq akkreditasiya edilir.

1.12. Peşə təhsili müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.

1.13. Peşə təhsili müəssisəsinin adı və hüquqi ünvanı onun nizamnaməsində göstərilir.

 

2. Peşə təhsili müəssisəsinin fəaliyyətinin

məqsədi və istiqamətləri

 

2.1. Peşə təhsili müəssisəsi aşağıdakı məqsədlərə xidmət edir:

2.1.1. müxtəlif peşələr üzrə ixtisaslı kadr hazırlığını, məhkumlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini, eyni zamanda zəruri əmək bacarıqlarına yiyələnməni təmin etmək;

2.1.2. məhkumları ictimai həyata hazırlamaq üçün onlara peşə bacarıqlarını aşılamaq;

2.1.3. məhkumların peşə ixtisası almasını və ixtisaslarının daim artırılmasını təmin etmək;

2.1.4. təşəbbüs və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri biliklərə və praktik bacarıqlara yiyələnən məhkumlardan müasir təfəkkürlü və rəqabətqabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq;

2.1.5. məhkumların şəxsi inkişaflarını təmin etmək, onları Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının adət və ənənələrinə hörmət edən, ümumbəşəri dəyərləri qoruyan, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil, yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;

2.1.6. məhkumlara kollektiv daxilində birgə fəaliyyət və ünsiyyət mədəniyyəti, təbiətə və insanlara həssas münasibət, özünün və digərlərinin hüquqlarına hörmət hissi aşılamaq;

2.1.7. məhkumlar tərəfindən sağlamlığın qorunması istiqamətində gigiyenik tələblərə və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək.

2.2. Peşə təhsili müəssisəsinin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.2.1. məhkumlara iqtisadiyyatın müxtəlif sahələri üzrə peşə təhsilinin verilməsi;

2.2.2. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsinin təmin edilməsi;

2.2.3. təhsilalanlarda sahibkarlıq düşüncə tərzinin formalaşdırılması, onlara müasir qeyri-standart yanaşma və sahibkarlıq bacarıqlarının aşılanması istiqamətində nəzəri məlumatların və praktiki bacarıqların öyrədilməsi;

2.2.4. təhsilalanların ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlanması.

 

 

3. Peşə təhsili müəssisəsinin vəzifələri və hüquqları

 

3.1. Peşə təhsili müəssisəsinin vəzifələri aşağıdakılardır:

3.1.1. peşə təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

3.1.2. peşə təhsili müəssisəsində tətbiq edilən dövlət peşə təhsili standartlarına uyğun olaraq, təhsilalanların zəruri biliyə və həyati bacarıqlara yiyələnməsini təmin etmək;

3.1.3. əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrlar hazırlamaq, hər bir təhsilalanın intellektual, mədəni və mənəvi inkişafı, təhsilalma tələblərini ödəmək;

3.1.4. təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək və onun monitorinqini həyata keçirmək;

3.1.5. təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etmək;

3.1.6. mühəndis-pedaqoji heyətin ixtisasının artırılması və əlavə təhsilə cəlb olunması üçün müvafiq tədbirlər görmək;

3.1.7. işçiləri məhkumların saxlanılması rejiminin əsas tələbləri və təlim-tərbiyə işlərinin xüsusiyyətləri ilə tanış etmək;

3.1.8. məhkumlara cəzaçəkmə müəssisələrinin istehsalat sahələrində müxtəlif peşələrin öyrədilməsi işinə metodiki yardım göstərmək;

3.1.9. işçilərin cəzaçəkmə müəssisəsində rejimin tələblərinə riayət etmələrinə nəzarət etmək və məhkumlar üçün müəyyən edilmiş rejim qaydalarının gözlənilməsi işində cəzaçəkmə müəssisəsinin rəhbərliyinin qanuni tələblərini icra etmək;

3.1.10. təhsilalanların istehsalat avadanlıqları, alətləri, qurğuları ilə ehtiyatlı davranmalarını, materiallardan, elektrik enerjisindən qənaətlə istifadə etmələrini, istehsalat işlərini keyfiyyətlə və vaxtında yerinə yetirmələrini, eləcə də texniki təhlükəsizliyə və daxili qaydalara riayət etmələrini təmin etmək;

3.1.11. ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.12. istifadəsində olan əmlakın saxlanılmasını, qorunmasını və ondan səmərəli istifadə olunmasını təmin etmək məqsədilə lazımi tədbirlər görmək;

3.1.13. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.14. peşə təhsili müəssisəsində mühəndis-pedaqoji heyətin və təhsilalanların təhlükəsizliyini təmin edən tədbirlərin yerinə yetirilməsinə nəzarət etmək;

3.1.15. Nazirliyin informasiya sisteminə qoşulmaq;

3.1.16. “Şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulmaq;

3.1.17. sağlamlıq imkanları məhdud olan şəxslərin inklüziv təhsilini təşkil etmək;

3.1.18. Nazirliyin müəyyən etdiyi formada fəaliyyətinə dair Nazirliyə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə (bundan sonra – Agentlik) hesabatlar və məlumatlar vermək;

3.1.19. peşə təhsili müəssisəsinin strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.20. qanunvericilikdə nəzərdə tutulan hallarda və qaydada hüquqmüəyyənedici sənədlər vermək, müvafiq məsələlərə münasibət bildirmək;

3.1.21. maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində işlər görmək;

3.1.22. təhsilalanların sağlamlığının qorunmasında bilavasitə iştirak etmək, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq və zərərli vərdişlərdən çəkindirmək;

3.1.23. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;

3.1.24. peşə təhsili müəssisəsinin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.25. inzibati xəta və cinayət əlamətləri aşkar etdikdə, aidiyyəti üzrə məlumat vermək;

3.1.26. Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarından irəli gələn, habelə peşə təhsili müəssisəsinin nizamnaməsi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Peşə təhsili müəssisələrinin hüquqları aşağıdakılardır:

3.2.1. peşə təhsilinə dair normativ hüquqi aktların, bu sahənin inkişafı üzrə səriştələrə əsaslanan, nəticəyönlü dövlət təhsil standartlarının və kvalifikasiyalara uyğun təhsil proqramlarının (kurikulumların) hazırlanmasına dair təkliflər vermək;

3.2.2. peşə və ixtisaslara uyğun dərsliklərin, dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyat hazırlamaq və nəşr etmək;

3.2.3. əlavə gəlir əldə etmək məqsədilə öz nizamnaməsi çərçivəsində cəzaçəkmə müəssisəsinin rəhbərliyinin razılığı ilə profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq, təhsilin prioritetliyini əsas götürməklə, Azərbaycan Respublikasının “Peşə təhsili haqqında” və “Publik hüquqi şəxslər haqqında” qanunları ilə müəyyən edilmiş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;

3.2.4. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.5. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.6. Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarından irəli gələn, habelə peşə təhsili müəssisəsinin nizamnaməsi ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

3.3. Peşə təhsili proqramlarına və onların həyata keçirilməsinə qoyulan ümumi tələbləri Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə müəyyənləşdirir.

3.4. Peşə təhsili müəssisəsində tədris peşə təhsili pilləsi üzrə təhsilin məzmununu və mənimsənilməsi qaydalarını müəyyən edən və Nazirlik tərəfindən təsdiq edilən təhsil proqramları əsasında həyata keçirilir.

3.5. Peşə təhsili müəssisəsində təlim-tərbiyə prosesinin təşkili ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarına, həmçinin həmin qanunlardan irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirliyin müəyyən etdiyi qaydalara uyğun olaraq həyata keçirilir.

 

4. Peşə təhsili müəssisəsinin idarə olunması

 

4.1. Peşə təhsili müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsas tutulmaqla, Azərbaycan Respublikasının “Təhsil haqqında”, “Peşə təhsili haqqında” və “Publik hüquqi şəxslər haqqında” qanunlarına və öz nizamnaməsinə uyğun olaraq idarə edilir.

4.2. Peşə təhsili müəssisəsinin təsisçisi Nazirlikdir.

4.3. Nazirliyin aşağıdakı səlahiyyətləri vardır:

4.3.1. peşə təhsili müəssisəsinin nizamnaməsinin və strukturunun təsdiqi;

4.3.2. peşə təhsili müəssisəsinin nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

4.3.3. inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiqi;

4.3.4. icra orqanlarının yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

4.3.5. peşə təhsili müəssisəsi tərəfindən təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə razılıq verilməsi;

4.3.6. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə publik hüquqi şəxsə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 faizini və daha çox hissəsini təşkil etdikdə) bağlanılmasına razılıq verilməsi;

4.3.7. peşə təhsili müəssisəsinin yenidən təşkili və ləğv edilməsi.

4.4. Peşə təhsili müəssisəsinin nizamnaməsi Nazirlik tərəfindən təsdiq edilir.

4.5. Peşə təhsili müəssisəsinin nizamnaməsində dəyişikliklər təhsil müəssisəsinin Pedaqoji Şurasında müzakirə edilərək, bu Nümunəvi Nizamnamənin 4.4-cü bəndi ilə müəyyən edilmiş qaydada təsdiq olunması üçün aidiyyəti üzrə təqdim edilir.

4.6. Peşə təhsili müəssisəsinin ali idarəetmə orqanı Pedaqoji Şuradır. Pedaqoji Şuranın tərkibinə müəssisənin direktoru (Pedaqoji Şuranın sədri), tədris-tərbiyə və istehsalat işləri üzrə direktorun müavini, baş usta, müəllimlər, istehsalat təlimi ustaları, cəzaçəkmə müəssisəsinin rəhbərliyinin nümayəndələri daxildir. Pedaqoji Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Nazirliyin təsdiq etdiyi müvafiq əsasnamə və peşə təhsili müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

4.7. Peşə təhsili müəssisəsində metodiki işləri gündəlik həyata keçirmək məqsədilə fənlər (modullar) və peşələr üzrə metodiki komissiyalar yaradılır. Müəllimlər üçün metodiki komissiya iclasları, seminarlar və fərdi metodiki işlər təşkil edilir.

4.8. Peşə təhsili müəssisəsinin cari fəaliyyətinə rəhbərliyi direktor həyata keçirir. Direktor Nazirliklə razılaşdırılmaqla, Agentlik tərəfindən vəzifəyə təyin və ya vəzifədən azad edilir.

4.9. Direktor peşə təhsili müəssisəsinin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən, vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, peşə təhsili müəssisəsinin maraqlarına sadiq olmağa, onun maraqlarını öz maraqlarından üstün tutmağa, ehtiyatlı olmağa, qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa, habelə adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməyə borcludur. Direktor bu vəzifələrin peşə təhsili müəssisəsinin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. O, öz vəzifələrini pozduğu halda, pozuntu nəticəsində peşə təhsili müəssisəsinə dəymiş zərərin əvəzini ödəməlidir.

4.10. Direktor:

4.10.1. peşə təhsili müəssisəsinin cari fəaliyyətinə rəhbərlik edir və bu fəaliyyət üçün şəxsən məsuliyyət daşıyır;

4.10.2. peşə təhsili müəssisəsini dövlət orqanları və təşkilatları ilə, digər yerli və beynəlxalq qurumlarla münasibətlərdə təmsil edir;

4.10.3. peşətəhsili müəssisəsinin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.10.4. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Nazirliyə təkliflər verir və sənədlər (o cümlədən, peşə təhsili müəssisəsinin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim edir;

4.10.5. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində ştat cədvəlini, xərclər smetasını Nazirliklə razılaşdırmaqla, həmçinin daxili intizam qaydalarını və işçilərin vəzifə təlimatlarını təsdiq edir;

4.10.6. peşə təhsili müəssisəsinin işçilərinin (direktor müavinləri istisna olmaqla) vəzifəyə təyin və vəzifədən azad edilməsinə,  peşə təhsili müəssisəsinin işçilərinin həvəslən-dirilməsinə və intizam tənbehi tədbirlərinin görülməsinə dair qərarlar qəbul edir;

4.10.7. peşə təhsili müəssisəsinin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.10.8. Pedaqoji Şuranın qərarlarını təsdiq edir, onun və digər idarəetmə orqanlarının qərarlarını həyata keçirir;

4.10.9. Pedaqoji Şuranın qarşısında tədris məsələlərinə dair, Nazirlik qarşısındapeşə təhsili müəssisəsinin cari fəaliyyətinə dair hesabatlar verir;

4.10.10. peşə təhsili müəssisəsinin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin əməkhaqqı fondu çərçivəsində və müəyyən edilmiş qaydada verilməsini təşkil edir;

4.10.11. peşə təhsili müəssisəsinin əmlakından bu Nümunəvi Nizamnamə ilə müəyyən edilmiş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir, bu Nümunəvi Nizamnamənin 3.1.11-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

4.10.12. bu Nümunəvi Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində peşə təhsili müəssisəsinin adından əməliyyatlar aparır, müqavilələr (o cümlədən, Nazirliyin razılığı ilə peşə təhsili müəssisəsinin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri peşə təhsili müəssisəsinin aktivlərinin 5 faizini və daha çox hissəsini, həmçinin 5 faizədək hissəsini təşkil edən əqdi) bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.10.13. fəaliyyət istiqamətləri ilə bağlı komissiyalar və işçi qruplar yaradır;

4.10.14. fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.10.15. kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.10.16. müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir;

4.10.17. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür;

4.10.18. peşə təhsili müəssisəsinin cari fəaliyyəti ilə bağlı, habelə digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri həll edir.

4.11. Peşə təhsili müəssisəsində direktor müavinləri Nazirliklə razılaşdırılmaqla, Agentlik tərəfindən təyin olunurlar. Direktor olmadıqda, peşə təhsili müəssisəsinin fəaliyyətinə rəhbərliyi Agentlik tərəfindən müəyyən edilən direktorun müavini həyata keçirir.

4.12. Peşə təhsili müəssisəsi cəzaçəkmə müəssisəsinin rəhbərliyi ilə əməkdaşlıq çərçivəsində təlim-tərbiyə fəaliyyətini həyata keçirir.

4.13. “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq, peşə təhsili müəssisəsi təlim proqramını (kurikulumu) mənimsəmiş, dövlət buraxılış imtahanlarını müvəffəqiyyətlə vermiş təhsilalanlara peşə təhsili pilləsində təhsil haqqında dövlət sənədi verir.

4.14. Peşə təhsili müəssisəsinə qəbul məhkumların ərizələri və cəzaçəkmə müəssisəsinin göndərişləri əsasında peşə təhsili müəssisəsinin direktorunun əmri ilə həyata keçirilir.

4.15. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi peşə təhsili almaq istəyən məhkumların şəxsi məlumatlarını peşə təhsili müəssisəsinə təqdim edir.

4.16. Cəzaçəkmə müəssisəsində ehtiyac duyulan ixtisaslar barədə məlumat cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən peşə təhsili müəssisəsinə verilir. Cəzaçəkmə müəssisəsində istehsalat sahəsinə uyğun ixtisaslara ehtiyac olduqda, peşə təhsili müəssisəsi bu ixtisaslara uyğunlaşdırılır və seçilmiş ixtisaslar üzrə peşə təhsilini həyata keçirir.

4.17. Peşə təhsili müəssisəsində təhsilalanlara münasibətdə intizam tənbehinin tətbiqi peşə təhsili müəssisənin rəhbərliyinin təqdimatı ilə cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən həyata keçirilir.

4.18. Peşə təhsili müəssisəsində mühəndis-pedaqoji və tədrisə köməkçi heyət üzrə vəzifələr nəzərdə tutulur. Bu vəzifələrin tutulması təyinolunma yolu ilə həyata keçirilir və hər bir halda (direktor və direktor müavinləri istisna olmaqla) peşə təhsili müəssisəsinin direktorunun əmri ilə rəsmiləşdirilir.

4.19. Təhsilalanların, təhsilverənlərin, peşə təhsili müəssisəsinin inzibati, inzibati-idarəetmə, inzibati-təsərrüfat və digər heyətinin hüquq və vəzifələri Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunları, peşə təhsili müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları, eləcə də peşə təhsili müəssisəsi ilə əmək münasibətləri olan şəxslərə münasibətdə eyni zamanda əmək müqavilələri ilə tənzimlənir.

 

5. Peşə təhsili müəssisəsinin nizamnamə fondu,

əmlakı və maliyyə fəaliyyətinin əsasları

 

5.1. Peşə təhsili müəssisəsinin nizamnamə fondu_______(____) manatdır.

5.2. Peşə təhsili müəssisəsinin əmlakı nizamnamə fondundan, ona Nazirlik tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət büdcəsindən və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və öz nizamnaməsi ilə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşdırılır.

5.3. Cəzaçəkmə müəssisəsi peşə təhsili müəssisəsinə tədris emalatxanalarının, tədris otaqlarının, laboratoriyaların və siniflərin təşkil edilməsi üçün uyğun bina verir və bunları öz vəsaiti hesabına tədris-istehsalat avadanlıqları, alətlər, qurğular, texniki və texnoloji sənədlər və tədris-əyani vəsaitləri ilə təchiz edir.

5.4. Peşə təhsili müəssisəsinin binasının saxlanıması, eləcə də bütün təsərrüfat-istehsalat xidmətləri cəzaçəkmə müəssisəsinin resursları və vəsaiti hesabına həyata keçirilir.

5.5. Peşə təhsili müəssisəsinin balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətləri “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

5.6. Peşə təhsili müəssisəsi ona verilmiş əmlakdan yalnız nizamnamə ilə müəyyən edilmiş məqsədlər üçün istifadə edir. Müəssisənin əmlakının təhsildənkənar məqsədlər üçün istifadəsi qadağandır.

5.7. Peşə təhsili müəssisəsi öz əmlakı üzərində sahiblik və ondan istifadə etmək hüququnu sərbəst şəkildə, sərəncamvermə hüququnu isə Nazirliklə razılaşdırmaqla həyata keçirir.

5.8. Peşə təhsili müəssisəsi Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarında nəzərdə tutulmuş mənbələrdən maliyyələşdirilir. Bu mənbələrdən, həmçinin sahibkarlıq fəaliyyətindən əldə olunan vəsait və digər əmlak dövlət tərəfindən yaradılan peşə təhsili müəssisəsinə büdcədən ayrılan vəsaitin məbləğinə təsir göstərmir.

5.9. Peşə təhsili müəssisəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 22 dekabr tarixli 561 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət peşə təhsili müəssisəsini maliyyələşdirmə normativləri”nə uyğun maliyyələşdirilir.

5.10. Peşə təhsili müəssisəsi bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.

5.11. Peşə təhsili müəssisəsi cəzaçəkmə müəssisəsinin rəhbərliyinin razılığı ilə “Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 10 nömrəli Qərarında göstərilmiş sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər.

5.12. Sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə peşə təhsili müəssisəsi Nazirliyin və cəzaçəkmə müəssisəsi rəhbərliyinin razılığı ilə təsərrüfat cəmiyyətləri yaradır və ya onlarda iştirak edir.

5.13. Peşə təhsili müəssisəsinin büdcədənkənar mənbələrdən daxil olan vəsaitləri hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir.

5.14. Peşə təhsili müəssisənin büdcədənkənar mənbələrdən əldə etdiyi gəlir yalnız təhsilin inkişaf etdirilməsinə, təhsil müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsinə, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinin təmin olunmasına yönəldilir. Peşə təhsili müəssisəsinin büdcədənkənar mənbələrdən daxil olan vəsaitinin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə (əməkhaqqına əlavələrə və digər stimullaşdırıcı ödənişlərə) yönəldilir.

5.15. Peşə təhsili müəssisəsində təhsilalanlar cəzaçəkmə müəssisəsi tərəfindən yemək, paltar, ayaqqabı ilə təmin edilirlər.

5.16. Peşə təhsili müəssisəsində dövlət hesabına göstərilən xidmətlərin dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi maliyyə normativləri ilə müəyyən edilir. Peşə təhsili müəssisəsinin bu Nümunəvi Nizamnamənin 5.11-ci bəndində nəzərdə tutulmuş fəaliyyətlə bağlı müvafiq məhsullarının (mallarının, işlərinin, xidmətlərinin) qiymətləri dövlət tərəfindən tənzimlənməyən qiymətlərə aiddir.

 

6. Peşə təhsili müəssisəsinin fəaliyyətinə nəzarətin

forması və əhatə dairəsi

 

6.1. Peşə təhsili müəssisəsinin fəaliyyətinə nəzarəti Nazirlik və Agentlik, həmçinin nizamnaməsi ilə müəyyən edilmiş qaydada müəssisənin idarəetmə orqanları həyata keçirirlər.

6.2. Nazirlik peşə təhsili müəssisəsində plan üzrə və ya plandankənar yoxlamalar həyata keçirə bilər.

6.3. Peşə təhsili müəssisəsinin fəaliyyətinə dair illik hesabat Agentliyə təqdim edilir.

6.4. Peşə təhsili müəssisəsinin fəaliyyətinə nəzarətin digər formaları Azərbaycan Respublikasının “Təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Publik hüquqi şəxslər haqqında” və “Lisenziyalar və icazələr haqqında”  qanunları ilə müəyyən edilir.

6.5. Peşə təhsili müəssisəsi yaratdığı təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

6.6. Nazirlik peşə təhsili müəssisəsinin fəaliyyətinin yoxlanılması üçün kənar auditor təyin edə bilər.

 

7. Peşə təhsili müəssisəsində uçot və hesabat

 

7.1. Peşə təhsili müəssisəsi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Peşə təhsili müəssisəsi “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

 

8. Peşə təhsili müəssisəsinin yenidən

təşkili və ləğv edilməsi

 

8.1. Peşə təhsili müəssisəsinin yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmaqla, Nazirlik tərəfindən həyata keçirilir.

8.2. Peşə təhsili müəssisəsi ləğv edildikdə, onun əmlakına Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq sərəncam verilir.

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə