Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Koroğlu havaları”ndan ibarət disk təqdim ediləcək

“Koroğlu havaları”ndan ibarət disk təqdim ediləcək

Sentyabrın 7-də R.Behbudov adına Dövlət Mahnı Teatrında “Koroğlu havaları” vətənçilik, dövlətçilik və qəhrəmanlıq düşüncəsini daşıyan milli-mədəni dəyərlər kimi” layihəsi əsasında hazırlanmış audiodiskin təqdimatı keçiriləcək.

Bu barədə Azərbaycan Aşıqlar Birliyin (AAB) katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu məlumat verib. O bildirib ki, layihə AAB tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilib.

Qeyd edib ki, layihə həyata keçirilərkən “Koroğlu havaları” ilə bağlı klassik ustadların ifaları dinlənilərək müzakirə olunub, onların çağdaş aşıqların repertuarında yenidən səsləndirilməsi məqsədəuyğun hesab edilib. Ölkəmizin müxtəlif guşələrində yaşayan istedadlı aşıqların arasında seçim aparılaraq “Koroğlu havaları”nın ən yaxşı ifaçısı olan aşıqlar seçilib və onların ifasında qəhrəmanlıq ruhunda olan aşıq havaları lentə alınıb.

Təqdim olunan CD albomda 16 aşıq havası yer alıb. Qələndər Zeynalov, Məhərrəm Hüseynli, Ağamurad Şirvanlı, Altay Məmmədli, Ramin Qarayev, Dəmir Vəliyev, İsa Qaraxanlı, Şöhrət Kərimov, Təbriz Vəliyev, Nəbi Nağıyev, Nazim Quliyev, Şaiq İncəli, Avdı Musayev, Anar Abdullayev, Xanlar Alqayıt, Babək Şakirli və Qabil Faxralı kimi istedadlı aşıqların, eləcə də “Çeşmə” sazçı folklor qrupunun ifasından yazıya alınan “Misri”, “Osmanlı divanisi”, “Şahsevəni”, “Eyvaz peşrovu”, “Təbli-cəngi Koroğlu”, “Ovşarı”, “Cəngi Koroğlu”, “Dərbəndi Koroğlu”, “Koroğlu dubeyti”, “Sulduzu”, “Sürütmə Koroğlu”, “Koroğlu gözəlləməsi”, “Bozuğu Koroğlu”, “İrəvan çuxuru” və “Koroğlu müxəmməsi” havaları milli dövlətçilik düşüncəsinin, hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edir.

Təqdimat mərasimində ifaları diskdə yer almış aşıqların konserti də nəzərdə tutulur.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

4 2018 11:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Aprel 2019 | 13:39
Sosial islahatların uğurları

Ən son xəbərləri səhifəmizdən də izləyin