Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın sülhməramlı siyasəti rəğbətlə qarşılanır

Azərbaycanın sülhməramlı siyasəti rəğbətlə qarşılanır

Tərəfdaşlar bilirlər ki, ­bizim sözümüzün imzamız qədər qüvvəsi, dəyəri var. Ona görə hesab edirəm ki, xarici siyasətlə bağlı aparılan işlər təqdirəlayiqdir. Xarici siyasət daxili siyasətin məntiqi davamıdır. Ümid edirəm ki, bundan sonra da biz bu istiqamətdə uğurlar yolu ilə gedəcəyik.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Mayın 2-də V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında nitq söyləyən Prezident İlham Əliyev beynəlxalq aləmə xitabən dedi ki, Azərbaycanın həyata keçirdiyi siyasətin məqsədi əməkdaşlıq, qarşılıqlı anlaşma və qarşılıqlı fayda vasitəsilə məqsədlərə nail olmaq, ölkəni gücləndirməkdən ibarətdir. Yəni son məqsəd ölkəni gücləndirməkdən ibarət olsa da, bütün fəaliyyətimiz sülh və anlaşma çərçivəsində reallaşdırılır. 

Xatırladaq ki, bu gün beynəlxalq aləmdə şahidi olduğumuz terror, təxribat, separatçılıq, ilhaqetmə hadisələrini nəzərdən keçirən siyasətçi və ekspertlər bu fonun əks istiqamətindəki ölkələri – yəni sülhməramlı siyasət yeridən, mehriban qonşuluq, etibarlı tərəfdaşlıq kimi mövqe sərgiləyən dövlətləri alqışlayırlar. Həm qətiyyətlə, həm də fəxrlə deyə bilərik ki, Azərbaycan məhz sülhməramlı dövlətlər sırasındadır. 
Avropanın tanınmış elektron kütləvi informasiya vasitələrindən olan “emergingeurope.com” portalı bu məsələyə məxsusi münasibət bildirərək yazır ki, Azərbaycan sülhməramlı, dayanıqlı iqtisadi inkişafa malik, hətta Avropada belə qibtə doğuracaq təqdirəlayiq infrastrukturu olan ölkədir. Orada qeyd edilir ki, Prezident İlham Əliyev yüksək dövlət idarəçiliyi nümayiş etdirir. 
Bəzən “Azərbaycanın sülhməramlı mövqeyi” deyəndə, hərbçilərimizin Əfqanıstanda, İraqda, Kosovoda sülhməramlı xidmət keçməsini nəzərdə tuturlar. O, tamamilə başqa məsələdir. Bizim siyasətimizin sülhməramlılığı torpaqlarımızın 20 faizini işğal etmiş qəsbkar dövlətlə danışıqlara, münaqişənin sülh yolu ilə həllinə sədaqət nümayiş etdirməyimizdə özünü göstərir. Azərbaycanın sülhməramlılığı Ermənistan istisna olmaqla regionun bütün ölkələri ilə mehriban qonşuluq və bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini qoruyub saxlamasında üzə çıxır. 
Dövlət başçımızın beynəlxalq sülhə və tərəqqiyə çağırışları təkcə Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq məqsədi daşımır. Dünyanın tanınmış siyasətçi və dövlət xadimlərinin dönə-dönə vurğuladığı kimi, Prezident İlham Əliyev beynəlxalq aləmdə sülhün və əmin-amanlığın qorunmasına xüsusi töhfələr vermiş siyasi xadimdir. Biz bunu Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi iki ildə də sübut etmişik, ölkəmizin beynəlxalq tədbirlərin keçirildiyi əsas mərkəzlərdən biri kimi tanındığı son 16 ildə də. ABŞ və Rusiyanı təmsil edən ən ali səviyyəli hərbçilərin, eləcə də, NATO və Rusiya generallarının müxtəlif məsləhətləşmə görüşü üçün Bakını seçməsi də bizim beynəlxalq sülhə verdiyimiz töhfələrin qiymətləndirilməsi kimi qəbul edilir. 
Azərbaycanın sülhməramlı siyasətinin əsas göstəricilərindən biri də ölkəmizin təbii sərvətlərindən beynəlxalq aləmdəki dost və tərəfdaşlarımızın da bəhrələnməsi üçün yaratdığımız şəraitdir. Doğrudur, biz həmin prosesdə istehsal etdiyimiz neft və qaz məhsullarını satırıq, kiməsə bağışlamırıq. Ancaq tərəfdaşlarımız qarşısında hansı şərtləri qoyuruq, hansı qiymətə satırıq? Bu sualların cavabını tərəfdaşlarımız daha yaxşı bilir və Azərbaycanın mövqeyini yüksək qiymətləndirirlər. 
Bundan başqa, Azərbaycan elə bir geosiyasi məkanda yerləşir ki, Şimaldan Cənuba, Şərqdən Qərbə daşınan yüklərin böyük hissəsi mütləq ölkəmizdən keçməli olur. Türkiyəli ekspert Əli Bulacın fikrincə, “Azərbaycan bu təbii imkanlarından istifadə edərək kimlərəsə, nələrisə diktə edə bilər. Ancaq rəsmi Bakının öz dövlət maraqlarını və xalqın mənafelərini qorumaqdan başqa nəinki heç bir diktəsi, hətta qeyri-adi bir şərti də yoxdur”.
Yeri gəlmişkən, bu uğurlu siyasət son bir ildə də əvvəlki illərdəki kimi prinsipiallıq və qətiyyətlə davam etdirilir. Məsələn, ötənilki prezident seçkilərindən sonra, daha doğrusu, may ayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. Dövlət başçımızın fikrincə, bu, tarixi layihədir: “Bu layihənin icrası ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək, bizim siyasi və iqtisadi maraqlarımızı qoruyacaq. May ayında digər böyük layihə istifadəyə verildi, biz Ələt Beynəlxalq Dəniz Ticarət Limanının açılışını qeyd etdik. Bu limanın və 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması Azərbaycanı Avrasiya məkanında önəmli beynəlxalq nəqliyyat mərkəzinə çevirib. Biz bu gün uğurla Şərq--Qərb və Şimal--Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətinə təkan veririk. Azərbaycan hər iki layihədə uğurla fəaliyyət göstərir. Deyə bilərəm ki, bu layihələrdə 10-dan çox ölkə iştirak edir, ancaq yalnız bir ölkə -- Azərbaycan həm Şimal--Cənub, həm Şərq--Qərb nəqliyyat dəhlizlərində fəal iştirak edir və bir çox təşəbbüslərin müəllifi olmuşdur”.

Ölkəmizin sülhməramlı xarici siyasətinin əsas istiqamətlərindən danışan dövlət başçımız deyir: “Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. Azərbaycan bu gün bir çox ölkələrlə çox səmərəli, işgüzar, ikitərəfli münasibətlər qurub. Bir çox hallarda Azərbaycan çoxtərəfli əməkdaşlıq formatının təşəbbüskarıdır. Qonşu dövlətlərlə əlaqələrimiz yeni mərhələyə qədəm qoyub. Hər bir ölkə üçün qonşularla münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Çox şadam ki, biz qonşu ölkələrlə səmərəli, işgüzar, qarşılıqlı hörmət əsasında münasibətlər qura bildik. Müsəlman ölkələri ilə əlaqələrimiz inkişaf edir və İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. İslam həmrəyliyinə verdiyimiz töhfə bütün müsəlman aləmində yüksək qiymətləndirilir”.
Ancaq xarici siyasətimizin sülhməramlı olması o demək deyil ki, biz işğalçı dövlətlə danışıqlarda hansısa güzəştlərə gedə bilərik. Bu, qətiyyən belə deyil. Doğrudur, biz indiyədək Ermənistana çox böyük güzəştə getmişik. Bu güzəşt işğal altında olan torpaqlarımızın sülh yolu ilə, danışıqlar vasitəsilə qaytarılmasına razılaşmağımızdan ibarətdir. Ancaq bizim güzəşt limitimiz çoxdan bitib. Ermənilər bunu 2016-cı ilin Aprel döyüşləri zamanı hiss etdilər. 
Məhz heç bir güzəştə getməyəcəyimizi düşmənin nəzərinə çatdıran dövlət başçımız deyir: “Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim tarixi diyarımızdır və münaqişənin tezliklə həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında olmalıdır. Bilirsiniz ki, Ermənistan tərəfi danışıqlar formatının dəyişdirilməsi ilə bağlı məsələlər qaldırıb. Ancaq təbii ki, Azərbaycan bunu qəbul edə bilməz. Eyni zamanda, Minsk qrupunun həmsədr ölkələrinin səfirləri -- Amerika, Fransa, Rusiyanın nümayəndələri ciddi bəyanat verərək bildirdilər ki, format dəyişməz olaraq qalmalıdır... Yəni, bu, Ermənistana birmənalı ciddi siqnaldır, eyni zamanda, onu göstərir ki, Azərbaycanın ­mövqeyi daha da böyük dəstək qazanır”.
Ermənilər və onların ­havadarları bilməlidirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həlli regionda sülhün, sabitliyin təmin olunmasına gətirib çıxaracaq. Dövlət başçımız və Azərbaycan xalqı çalışır ki, bu məsələ tezliklə, ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapsın. Belə olduğu halda bölgə dövlətləri Azərbaycanın sülhməramlı siyasətindən daha çox bəhrələnə biləcəklər. 

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

 

 

20 2019 23:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə