Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fitoterapiya vacib sahələrdən biridir

Fitoterapiya vacib sahələrdən biridir

Qovlar şəhərindəki Gənclər Evində “Fitoterapevtlər Cəmiyyəti” İctimai Birliyinin (İB) geniş maarifləndirmə seminarı keçirilib. RİH-in, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin və Gənclər evinin dəstəyi ilə təşkil edilən seminarda “Fitoterapevtlər Cəmiyyəti” İB-nin sədri Məlahət Qəhrəmanova cəmiyyət haqqında məlumat verib.

Bildirib ki, cəmiyyətin əsas məqsədi ölkəmizin zəngin dərman bitkiləri ehtiyatından istifadə edərək, onları bütün dünyaya tanıtmaqdır. O, Fitoterapevtlər Cəmiyyətində bu sahədə mütəxəssis olan alim və tədqiqatçıların təmsil olunması, həyata keçirilən və nəzərdə tutulan layihələr barədə də məlumat verib. 
“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Q.Paşayeva Fitoterapevtlər Cəmiyyətinin paytaxtdan kənar ilk tədbirinin Tovuz rayonunda keçirilməsinin təsadüfi olmadığını deyib. Çünki Tovuz rayonu zəngin florası olan bölgələrdəndir: “Bildiyiniz kimi, Prezident İlham Əliyev çıxışlarında ölkəmizdə bütün sahələrin inkişafına diqqət yetirilməsinin önəmini qeyd edir. Fitoterapiya da xüsusi diqqət göstərilməsi vacib sahələrdən biridir. Azərbaycan, o cümlədən Qovlar zəngin floraya malikdir, bu məkan dərman bitkiləri ilə də zəngindir”. 
Bu sahədə maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd edən Q.Paşayeva sağlam həyat tərzinin, düzgün qidalanmanın zəruriliyini bildirib. Qidalanma üçün faydalı, eyni zamanda, dərman bitkiləri ilə zəngin olan ölkəmizdə müxtəlif dərmanların hazırlanmasının önəmi barədə danışaraq, cəmiyyətin ölkəmizdə fitoterapiyanın inkişafına müsbət töhfələr verəcəyinə inandığını deyib və uğurlar diləyib.
Azərbaycan Tibb Universitetinin professoru Aidə Bəndəliyeva “Təbii mənşəli müalicə vasitələri və sağlamlıq” mövzusunda danışıb və ölkəmizin bölgələrində bu kimi tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib. 
Cəmiyyətin icraçı direktoru Ülviyyə Abbasova təşkilatın maarifləndirmə istiqamətində hədəfləri barədə geniş məlumat verib və bu kimi tədbirlərin keçirilməsinin vacibliyi ilə bağlı fikirlərini bölüşüb. Ziyalılar çıxış edərək seminarın mövzusu ilə bağlı fikirlərini bildiriblər. 

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

20 2019 23:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə