Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yardımlıda ilk rübün yekunları müzakirə olunub

Yardımlıda ilk rübün yekunları müzakirə olunub

Ölkəmizin bütün rayonlarında olduğu kimi, Yardımlıda da ilin ilk rübündə sosial-iqtisadi inkişaf tendensiyası güclü olub. Rüblük hesabat yığıncağında bu fikir xüsusi vurğulanıb. 

Yığıncağı giriş sözü ilə açan icra hakimiyyətinin başçısı Ayaz Əsgərov bildirib ki, Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin rəhbəri geniş nitq söyləyərək ötən il prezident seçkilərindən sonra islahatların yeni mərhələsinin başladığını və onun icrası üçün məqsədyönlü addımlar atıldığını bildirmişdir.
Yardımlıda regional inkişaf üzrə Dövlət Proqramı uğurla yerinə yetirilir. Bütövlükdə, ölkə üzrə son illərin mühüm prioritetlərindən sayılan yol infrastrukturunun genişləndirilməsi hərtərəfli inkişafa əsaslı zəmin yaradıb. Elə Yardımlıda yolların əsaslı şəkildə yenidən qurulmasından sonra bir neçə yaşayış məntəqəsində turizm və rekreasiya obyektləri salınıb, sahibkarlıq subyektlərinin sayı artıb. 
Cənab İlham Əliyevin imzaladığı sərəncamla Cəlilabad–Yardımlı yerli əhəmiyyətli avtomobil yolunun Yardımlı ərazisinə daxil olan 21 kilometrlik hissəsi əsaslı şəkildə tikiliib və artıq əhali bu yoldan rahatlıqla istifadə edir. Digər bir sərəncamla tikintisi reallaşdırılan 22 kilometrlik Yardımlı–Bozayran–Bürzümbül–Vərgədüz–Sırıq yerli əhəmiyyətli avtomobil yolunda işlər başa çatmaq üzrədir. Bu yol əhalisinin sayı 20 min nəfər olan 15 yaşayış məntəqəsini birləşdirir. Sırıq və Vərgədüz kəndləri arasında, Viləş çayı üzərində eni 12 və uzunluğu 31 paqonometr, yükgötürmə qabiliyyəti 100 ton olan müasir körpü inşa olunub. Həmin yolun üstündə yerləşən Osnağaran kəndinin daxili yolu da tezliklə asfaltlaşdırılacaq.
Prezidentin tapşırığı ilə Şıxlar kəndində 80, Bilnə və Avun kəndlərində 56 yerlik modul tipli məktəblərin tikintisi yekunlaşmaq üzrədir. Əlavə olaraq, 120 yerlik Qaraqaya məktəbi də inşa olunur. Eyni zamanda, şəhərin Heydər Əliyev küçəsində müasir idman kompleksinin tikintisi sürətlə aparılır. 
Yardımlı şəhərinin 20 yanvar küçəsində 1,5 kilometrlik məsafədə küçə işıqları quraşdırılıb. Hazırda bu işlər davam edir. “Heydər Əliyev”, “Gənclər” və “İstirahət” parklarında yeni ağac növləri əkilib, fəvvarələrdə və park ərazilərində təmir işləri aparılıb. Əlavə oalaraq, rayonda 2 minə yaxın müxtəlif növ ağac əkilərək aqrotexniki qulluq göstərilir. 
Əhalinin məşğulluğunun təmin edilməsindən ötrü ictimai qaydada abadlıq-quruculuq işləri, eləcə də Qaz istismar sahəsi və Elektrik şəbəkəsində çalışmaq üçün 309 ştat vahidi ayrılıb. Kommunal xidmətlərin (elektrik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlər üzrə də zəruri addımlar atılıb. Sözsüz ki, yaşayış məntəqələrinin inkişafı bu xidmətlərdən daha çox asılıdır. “SEDA” Qeyri Hökumət Təşkilatı tərəfindən Sırıq kəndində gündəlik istehsal gücü 1,5 ton olan “Yem emalı”, Gavran kəndində isə aylıq istehsal gücü 2 min 400 ədəd yumurta olan “İnkubator” məntəqələrinin inşası da müsbət işlərdəndir. 
Yardımlıda içməli su və kanalizasiya xətlərinin çəkilişi tam başa çatdırılıb. 1647 abonentə su xətti çəkilib, sayğaclar quraşdırılıb, 650 abonentin isə kanalizasiya xəttinə birləşməsi üçün ev çıxışları verilib. Müxtəlif obyektlərin də mərkəzləşdirilmiş kanalizasiya xətlərinə birləşdirilməsi məqsədilə maarifləndirmə işləri aparılır. Hazırda Gavran kəndində artezian quyusunun qazılması işləri yekunlaşmaq üzrədir. Yaxın aylarda Qabaqdibi və Alçabulaq kəndlərində də bu işlərə başlanılacaq. Bu tədbirlər üç kənddə, ümumilikdə, 3 min 300 nəfərlik əhalini əhatə edəcək. Qazlaşma ilə əlaqədar da bir sıra işlər görülüb. Elektrik təsərrüfatının dayanıqlığını təmin etmək üçün də mühüm tədbirlər həyata keçirilir. Bu il 15 yaşayış məntəqəsində elektrik təsərrüfatı yenilənəcək. 
 İnformasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsinə uyğun olaraq rayonun əksər idarə-müəssisə və təşkilatlarında elektron sənəd dövriyyəsi sistemi yaradılıb və vətəndaşlar istədikləri zaman heç bir təşkilata getmədən öz evlərindən onlayn qaydada müraciətlərini edə bilərlər. Yardımlı Rayon İcra Hakimiyyətində artıq bir neçə vaxtdır ki, bu sistemin tətbiqinə başlanıb. 
Sonra Ayaz Əsgərov rayon üzrə məhsul istehsalı dinamikası, aqrar inkişaf, gəlirlər, əməkhaqqı artımı barədə konkret rəqəmlər əsasında məlumat verib, əhalinin sosial müdafiəsi və aztəminatlı ailələrə qayğıdan bəhs edib. Məruzədə rayon həyatının digər sahələrində görülmüş işlərə də güzgü tutulub və qarşıda duran vəzifələr diqqətə çatdırılıb. 
Məruzə ətrafında müzakirələr yüksək işgüzar ruhda keçib. Şura iclasında iştirak edən Prezident Administrasiyasının sektor müdiri Dəyanət Abdullayev son 15 ildə ölkədə görülmüş işlərin geniş icmalını verib, sosial yönümlü iqtisadi siyasətin aspektlərindən danışıb. 

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti” 

 

20 2019 23:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə