Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AzMİU-da İtaliya – Azərbaycan Dizayn Mərkəzinin açılış mərasimi

AzMİU-da İtaliya – Azərbaycan Dizayn Mərkəzinin açılış mərasimi

Dünən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İtaliya – Azərbaycan Dizayn Mərkəzinin açılış mərasimi olub. Mərasimdə təhsil naziri Ceyhun Bayramov, İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri  Auqusto Massarini, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov və başqaları iştirak ediblər.  Qonaqlar arasında Milan Politexnik Universitetinin dizayn kafedrasının rəhbəri, professor Silvia Piardi, Dizayn məktəbinin dekan müavini Françesko Zurlo, professor Mauro Çeçenello, dosent Silvia Gramegna və müxtəlif qurumları təmsil edən nümayəndələr də olublar.  

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova giriş sözü ilə tədbiri açaraq gələn qonaqları salamlayıb. Rektor ötən ilin  iyul ayında Azərbaycan və İtaliya prezidentlərinin görüşündə iki ölkə arasında bir çox sahədə əməkdaşlıq sənədlərinin imzalandığını yada salıb. Qeyd edib ki, həmin sənəddən irəli gələn məsələlərdən biri AzMİU-nun nəzdində İtaliya – Azərbaycan Dizayn Mərkəzinin yaradılması təşəbbüsü olub. Rektor mərkəzi yaratmaqda məqsədin ölkəmizdə dizayn ixtisası üzrə təhsil alan savadlı, bacarıqlı mütəxəssislər yetişdirmək, dizayn təhsilinin İtaliya dizayn təhsili səviyyəsinə yüksəlməsinə çalışmaq olduğunu vurğulayıb. “Yaradılan dizayn mərkəzi məhz Azərbaycanda ali dizayn təhsilinin İtaliya nümunəsi üzərində qurulmasına şərait yaradacaq və baza rolunu oynayacaq”. 

Gülçöhrə Məmmədova AzMİU-da dizayn ixtisasını modernləşdirmək üçün təhsil proqramlarını da italyanların proqramına uyğunlaşdırmağın vacibliyini və bu istiqamətdə müəyyən işlər görüldüyünü bildirib. Rektor bu il ilk dəfə olaraq dizayn ixtisası üzrə ingilis dilli tədrisin aparıldığını, bununla da ilkin addımların atıldığını söyləyib. AzMİU-nun və Milan Politexnik Universitetinin birgə həyata keçirdiyi layihənin 2 il müddətində gərçəkləşdiriləcəyini, lakin gələcəkdə bu müddətin artırılması, ikili diplom proqramların həyata keçirilməsinin qarşıya məqsəd olaraq qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. 
Təhsil naziri Ceyhun Bayramov yeni mərkəzin açılması münasibəti ilə AzMİU kollektivini təbrik edib, professor-müəllim heyətinə yaradıcılq uğurları arzulayıb. Nazir ümidvar olduğunu bildirib ki,  mərkəz ölkəmizdə dizayn ixtisasının daha yüksək səviyyəyə qaldırılmasına və inkişaf etdirilməsinə böyük töhfə verəcək: “Sevindirici haldır ki, bu gün ölkəmizdə bir neçə ali təhsil müəssisəsində dizayn ixtisası üzrə kadrlar hazırlanır. Ümid edirəm ki, bu mərkəzin imkanlarından nəinki AzMİU-nun müəllim, tələbə heyəti, həm də ölkəmizdə fəaliyyət göstərən digər təhsil müəssisələrinin əməkdaşları, müəllim və tələbə heyəti də faydalana biləcəklər. Azərbaycan universitetlərinin dünyanın aparıcı universitetləri ilə əlaqələrinin genişlənməsi  təhsil inkişafı üzrə dövlət strategiyasına uyğun olaraq əsas istiqamətlərdən biri hesab olunur. Ölkə başçısının 2018-ci il noyabr ayında Azərbaycan universitetlərinin beynəlxalq rəqabətliliyinin artırılmasına dair 2019-2023-cü illəri əhatə edən dövlət proqramı imzalanarkən həmin proqramın iki əsas istiqamətlərindən biri məhz ölkə universitetləri ilə dünyanın aparıcı universitetlərinin  ikili diplom proqramlarının təchiz  edilməsidir. Düşünürük ki, bu gün açılışında iştirak etdiyimiz dizayn mərkəzi iki universitet arasında gözəl ənənələrin təməlini qurmaqda müsbət rol oynayacaq”.
İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri  Auqusto Massarini də təbriklərə qoşularaq, yaradılmış mərkəzin dizayn ixtisasında oxuyan tələbələrin mütəxəssis kimi yetişməsində böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. 
İtaliyadan gələn qonaqlar – Françesko Zurlo və Silvia Elvira Maria Piardi də çıxış edərək mərkəzin açılmasını yüksək qiymətləndiriblər. 
Çıxışlardan sonra mərasim iştirakçıları dizayn ixtisasında təhsil alan tələbələrin italyan müəllimlərin rəhbərliyi altında keçirilən vorkşopda hazırladığı layihələrin təqdimatına baxıblar. 
İtaliya – Azərbaycan Dizayn Mərkəzinin direktoru Könül Şirin qonaqları mərkəzin sürətli prototipləşdirmə laboratoriyası, maket studiyası və ağac emalatxanası ilə tanış edib, burada görüləcək işlər barədə məlumat verib.
Mərasimin sonunda  qonaqlar Memarlıq fakültəsində dərs prosesi ilə maraqlanıblar. 

 

“Xalq qəzeti”

20 2019 22:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə