Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İdrak” liseyində Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbir keçirilib

“İdrak” liseyində Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbir keçirilib

Sumqayıt şəhərindəki “İdrak” liseyində Nəsimin 650 illik yubileyi ilə əlaqədar olaraq maraqlı tədbir keçirilib.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinin nümayəndələri, şəhər ziyalıları, məktəblilər və müəllimlər, elm və mədəniyyət xadimləri  iştirak ediblər.

Tədbirin açılışında Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığından bəhs edən sənədli film təqdim olunub. Filmdə Nəsiminin ədəbi yaradıcılığı, fəlsəfi baxışları ilə bağlı maraqlı məsələlərə toxunulub. Sonra gənc muğam ifaçısı Almaxanım Əhmədli Nəsiminin qəzəllərini ifa edib. Ədəbi tənqidçi Əsəd Cahangir ölkə başçısının göstərişi ilə bu ilin “Nəsimi ili” elan edilməsini yüksək qiymətləndirib və bunu Nəsimi yaradıcılığının, onun ədəbi-fəlsəfi baxışlarının daha dərindən təhlili baxımından fürsət kimi dəyərləndirib. Nəsiminin Azərbaycan və dünya ədəbiyyatındakı roluna diqqət çəkən tənqidçi onun fəlsəfi baxışlarını təhlil edib, Nəsiminin Azərbyacan ədəbiyyatında mühüm yer tutduğunu, onun Nizami, Füzuli və digər klassiklər kimi ədəbiyyatımızın əsas sütunlarından birini təşkil etdiyini bildirib. Nəsiminin yalnız yazılı ədəbiyata deyil, həm də aşıq ədəbiyyatına, aşıq yaradıcılığına ciddi təsir göstərdiyini vurğulayan natiq  onun adına dastanların yaradılmasını da məhz bununla izah edib.  

Daha sonra çıxış edən xalq artisti, “Nəsimi” rolunun ifaçısı Rasim Balayev “Nəsimi” filmi ilə bağlı xatirələrini dilə gətirib. “Nəsimi” filmində çəkildiyim anlar həyatımın ən xoşbəxt anları olub”.  

Daha sonra Sumqayıt Dövlət Dram Teatrının aktyorlarının çıxışı maraqla qarşılanıb. Nəsimiyə həsr edilən “Səhranın bəyaz çiçəyi” tamaşasından ifa edilən səhnəcik alqışlarla qarşılanıb. İstedadlı müğənnilərin ifasında Nəsimi qəzəlləri ilə bağlı daha bir neçə mahnı ifa olunub.

Tədbirin sonunda çıxış edən liseyin təsisçisi, professor Mönsüm Alışov, Nəsimi ədəbi irsinin böyülüyünə diqqət çəkib, Qeyd edib ki,  Nəsimiyə, onun ədəbi yaradıcılığa diqqət yalnız bu cür yuvarlaq yubiley günlərində deyil, hər zaman göstərilməlidir. Sonda professor tədbir iştirakçılarına öz təşəkkürünü bildirib və “İdrak” liseyi adından qonaqlara xatirə hədiyyələri təqdim edilib.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

20 2019 13:43 - TƏHSİL
TƏHSİL
16 Avqust 2019 | 12:00
Təhsil naziri əmr imzaladı

Köhnə versiyamızdan xəbərləri izlə