Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan İslam ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir

Azərbaycan İslam ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir

Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir, biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük. Azərbaycanın təşəbbüsü ilə İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi və İƏT-ə üzv dövlətlərin Jurnalistlər Assosiasiyası yaradılmışdır. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilib. Azərbaycan islamofobiyaya qarşı fəal mübarizə aparan ölkələrin ön sırasındadır. 2017-ci ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bu möhtəşəm idman, dostluq, qardaşlıq bayramı bir daha bütün dünyaya göstərdi ki, İslam sülh, mərhəmət, bərabərlik dinidir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etməsi artıq ənənə şəklini alıb. Bu ənənə, sözün həqiqi mənasında, xarici siyasətimizin əsas istiqamətlərindən olan İslam həmrəyliyinə verilən töhfələrdəndir. Dövlət başçımızın həmin görüşlərdəki çıxışları isə “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” tezisinin həyata keçirilməsi kimi qiymətləndirilir.

Cənab Prezident builki  görüşdə xatırlatdı ki,  müsəlman ölkələri ilə bizim çox sıx əməkdaşlığımız var: “Siyasi sahədə fəal dialoq aparılır. ƏIbəttə, çox istərdik ki, iqtisadi sahədə daha da fəal əməkdaşlıq olsun. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, digər sahələrdə birgə fəaliyyətimiz xalqlarımız üçün çox böyük əhəmiyyət kəsb edə bilər. Müsəlman ölkələrinin rəhbərləri ilə çoxsaylı görüşlərimdə bu məsələlər daim gündəlikdədir. Əlbəttə, biz çox istərdik ki, təmsil etdiyiniz ölkələrdən olan şirkətlər Azərbaycanda müxtəlif layihələrdə daha fəal iştirak etsinlər”.
Qeyd edək ki, bu qəbildən olan tədbirlər haqqında söz açarkən, xüsusilə vurğulanmalı məqamlardan biri də əməkdaşlıq etdiyimiz müsəlman ölkələri ilə müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq və tərəfdaşlıq əlaqələrimiz mövcuddur və biz həmin əlaqələrin səmərəsini daim görürük. Dövlət başçımızın da dediyi kimi, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında bir-birimizə qarşılıqlı dəstək göstəririk. Bu qarşılıqlı dəstək bizim əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. 
Dövlət başçımız bütün beynəlxalq təşkilatların tribunasından çıxış edərkən və ya istənilən ictimai-siyasi tədbirdəki  kimi, dindaşımız olan ölkələrin diplomatları ilə görüşdə də Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini yada saldı və bu münaqişənin  həlli ilə bağlı müsəlman ölkələrinin dəstəyinin  bizim üçün çox əhəmiyyətli olduğunu vurğuladı: “Bildiyiniz kimi, Ermənistan Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və onun ətrafında yerləşən 7 rayonu uzun illərdir işğal altında saxlayır. Bu münaqişə və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bu, beynəlxalq hüququn pozulmasıdır. Baxmayaraq, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı müxtəlif qərar və qətnamələr qəbul etmişlər, əfsuslar olsun ki, işğalçı dövlətə lazımi təzyiqi göstərmirlər. BMT Təhlükəsizlik Şurası – dünyanın ali orqanı 4 qətnamə qəbul edib və bu qətnamələrdə göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Ancaq bu qətnamələr kağız üzərində qalıb və bu, ikili standartların təzahürüdür. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır... Beynəlxalq təşkilatlarda bizə göstərilən dəstəyə görə müsəlman ölkələrinə bir daha təşəkkürümü bildirirəm”.
Bu istiqamətdə həyata keçirilən tədbirlər və qeydə alınan faktlar çox olsa da, birini xatırlatmaq istərdik. Məsələn,  2018-ci il mayın 5-də  Banqladeş Xalq Respublikasının paytaxtı Dəkkə şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirlər Şurasının 45-ci iclasının nəticələri bizim milli maraqlarımız baxımından səmərəli olmuşdur. Belə ki, ölkəmizlə bağlı ənənəvi qətnamələr (Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”,  “Xocalı qırğınının qurbanları ilə həmrəylik”,  “Azərbaycana iqtisadi yardımın göstərilməsi”, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş torpaqlarında İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olunması”,  “Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumu”na dair qətnamələr) qəbul edilmişdir.  
Xatırladaq ki, Azərbaycan da öz növbəsində, beynəlxalq təşkilatlarda müsəlman ölkələrini daim dəstəkləyir. Dövlətimiz  İslam həmrəyliyinin gücləndirilməsinə çox böyük əhəmiyyət verir və bu istiqamətdə əməli addımlar atılır. Azərbaycanda keçirilmiş çoxsaylı tədbirlər İslam həmrəyliyinin möhkəmlənməsinə xidmət göstərir. 
Bu istiqamətdə olan faktlar da çoxdur. Ancaq onlardan da birini yada salmaq istərdik. Belə ki, 2017-ci il dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının o vaxtkı  sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı keçirilmişdi. “Qüdslə həmrəylik üçün birlikdə hərəkət” devizi altında keçirilən Zirvə toplantısına 50-dək ölkədən dövlət və hökumət başçıları qatılmışdı.
Müsəlmanlar İslamın ilk qibləsi və üç müqəddəs məscidindən biri olan Əl-Aqsanın yerləşdiyi Qüds şəhərinin tarixi və hüquqi statusuna edilən təcavüzü müzakirə etmək üçün bir araya gəlmişdilər. Həmin Zirvə sammitində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin dilə gətirdiyi fikirlər  bütün müsəlman dünyasında qəzetlərin manşetinə çıxarılmışdı: “Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Bir neçə il bundan əvvəl Azərbaycan Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransına və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransına ev sahibliyi etmişdir. 2017-ci ilin iyul ayında Azərbaycanda BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair komitənin, BMT-nin humanitar məsələlər üzrə əlaqələndirmə ofisinin, İƏT və müxtəlif qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə Qüds məsələsinə dair beynəlxalq konfrans keçirilmişdir. Konfransda Şərqi Qüdsün işğalı və Əl-Aqsa məscidində ibadət edənlərə qarşı tətbiq olunan məhdudiyyətləri qınayan bəyanat qəbul edilmişdir. Biz hər zaman olduğu kimi, bu gün də Fələstin xalqının yanındayıq”.
Yeri gəlmişkən, mayın 17-də Prezident İlham Əliyevin müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edərkən Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Nasir Əbdül Kərim Əbdül Rəhim çıxış edərək dedi: “Müsəlman ümmətinin əziz, ayrılmaz və vacib bir üzvü kimi, Azərbaycan müsəlman aləminin Dağlıq Qarabağdan tutmuş Əl-Qüds, Əl-Şərif, Kəşmirə qədər və digər işğal olunmuş müsəlman əraziləri ilə bağlı məsələlərdə ədalətli haqq işini böyük səylə dəstəkləmiş, habelə bu günün çoxsaylı çağırışları ilə mübarizədə birgə səylərin önündə olmuşdur. Bunlardan biri də məkrli və yanlış məfhum olan islamofobiya ilə mübarizə aparmaqdır”.
Bütün bunlar isə sübut edir ki, Azərbaycan dövləti xarici siyasətinin əsas istiqamətlərindən olan İslam ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir və bu önəmin qarşılığı olaraq müsəlman dünyasından möhtəşəm dəstək alır. 

 

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

 

 

18 2019 22:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə