Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TAP boru kəmərinin tikintisi uğurla davam edir

Layihənin reallaşdırılmasına başlandığı vaxtdan 3 il keçir

TAP boru kəmərinin tikintisi uğurla davam edir

Transadriatik boru kəməri (TAP) layihəsi Azərbaycanın “Şahdəniz” yatağından və digər Xəzəryanı mənbələrdən hasil olunan qazın Avropaya nəqlini texniki cəhətdən etibarlı, rentabelli və kommersiya tələblərinə cavab verən şəkildə həyata keçirə biləcək yeganə marşrutdur. TAP-ın təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Təməlqoyma mərasimində Azərbaycanın, Yunanıstanın, ABŞ-ın, Albaniyanın, İtaliyanın, Türkiyənin, Gürcüstanın, Bolqarıstanın yüksək vəzifəli şəxsləri, Avropa Komissiyasının və konsorsiuma daxil olan şirkətlərin səlahiyyətli nümayəndələri iştirak ediblər.

Transadriatik Qaz Boru Kəmərinin inşasına başlanması region üçün böyük əhəmiyyət kəsb edən hadisə idi. Çünki bu kəmər enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və mənbələrin şaxələndirilməsinə ciddi dəstək verəcək. O, eyni zamanda, regionda əməkdaşlıq körpülərini möhkəmləndirəcək, yüksək gəlirlər, firavanlıq, xeyir-bərəkət gətirəcək.
Xatırladaq ki, TAP layihəsində SOCAR (20 faiz), BP (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagas” (16 faiz) və “Axpo” (5 faiz) şirkətləri iştirak edir.
Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq. “Şahdəniz” yatağından ilk Azərbaycan qazının 2020-ci ildə Avropaya çatdırılması planlaşdırılır.
“Şahdəniz” konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 kilometrdir ki, bunun da 550 kilometri Yunanıstan ərazisini, 215 kilometri Albaniyanı, 105 kilometri Adriatik dənizini, 8 kilometri isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1800 metr), ən aşağı hissəsi isə (820 metr) dənizin dibində olacaq.
İtaliya İqtisadi İnkişaf Nazirliyi tərəfindən Avropa Komissiyasına göndərilmiş Energetika və iqlim üzrə İnteqrasiya edilmiş Milli Plan Layihəsinin məlumatına görə, TAP 2020-ci ildə istifadəyə veriləcək.
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının bu il fevralın 20-də Bakıda keçirilən növbəti toplantısında Prezident İlham Əliyev demişdir: “Transadriatik boru kəmərinin inşasında da böyük irəliləyiş var. Ötən ilin fevral ayında şura qarşısında çıxışımda TAP-ın hazırlığının 67 faiz səviyyəsində olduğunu qeyd etmişdim. İndi isə son göstəricilərə görə bu rəqəm 87 faizdir. Yəni bir ildə biz böyük irəliləyişə nail olmuşuq, işlər uğurla gedir və ümidvaram ki, gələn il biz yeni nəticələr haqqında danışacağıq”.
TAP-ın qəbul terminalını “Snam Rete” qaz şəbəkəsi ilə birləşdirən interkonnektor tikintisi layihəsinin həyata keçirilməsi üzrə işlər 2019-cu il yanvarın 12-də başlanacaq.
“Snam-TAP” layihəsi TAP boru kəmərinin qəbul terminalını İtaliyada “Snam Rete” qaz şəbəkəsi ilə birləşdirəcək 55 kilometrlik interkonnektor tikilməsini nəzərdə tutur.
Albaniya KİV-lərinin verdiyi məlumata görə, bu ölkə TAP-ın qorunması layihəsi üçün avadanlıqdan müvəqqəti istifadə edilməsi barədə qərarı bəyənib.
Məlumatda deyilir: “Albaniya hökuməti Berat, Skrapar və Fiyeri regionlarında çayların məcrasından çıxmasının qarşısını alan və TAP-ın qorunmasını təmin edən bəndlər tikinti layihəsinə aid torpaq sahələrinin müvəqqəti özgəninkiləşdirilməsi və istifadə edilməsi barədə qərarı təsdiq edib”.
Qeyd edilir ki, torpaq sahələrinin və daşınmaz əmlak obyektlərinin sahiblərinə tam həcmdə kompensasiya ödəniləcək. Bu torpaq sahələrindən və daşınmaz əmlak obyektlərindən bir il ərzində istifadə ediləcək.
TAP kəmərinin ilkin gücünün ildə 10 milyard kubmetrə bərabər olması və gələcəkdə onun daha da artırılması planlaşdırılır.
Üç il əvvəl təməli qoyulan kəmərin tikintisi həmin vaxtdan indiyədək ahəngdar davam edir. 2009-cu ildən bəri aparılan dizayn və mühəndislik işləri də daxil olmaqla, layihənin ümumi dəyərinin 4,5 milyard avro təşkil edəcəyi nəzərdə tutulur.

 

V.BAYRAMOV, “Xalq qəzeti”

 

18 2019 22:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə