Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənclər cəmiyyətimizin aparıcı qüvvəsidir

Gənclər cəmiyyətimizin aparıcı qüvvəsidir

Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, dövlətin qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Buna görə də, dövlət gənclərin öz bilik və bacarıqlarının səmərəli şəkildə reallaşdırılması üçün çoxşaxəli siyasət həyata keçirir. Müasir Azərbaycan dövlətində də gənclər siyasəti uğurla davam etdirilir. Bu gün gənclərimiz Azərbaycanın hərtərəfli inkişafında yaxından iştirak edir, ölkəmizin gələcəyi uğrunda inamla addmlayırlar.

Gənclər cəmiyyətin aparıcı, avanqard qüvvəsidir. Bu gün Azərbaycan gəncləri ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə fərqlənir, siyasi, iqtisadi, humanitar və sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Məhz həyata keçirilən uğurli dövlət siyasəti nəticəsində gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. 
Bu, bir həqiqətdir ki, gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz xidmətləri olmuşdur. Məhz ötən əsrin 70-80-ci illərində ulu öndərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdir. Həmin gənclər sonradan Vətənimizin inkişafı prosesində yaxından iştirak etmişlər. Ancaq SSRİ-nin dağılmasından sonra müstəqilliyini elan etmiş Azərbaycanda müşahidə edilmiş hakimiyyətsizlik, özbaşınalıq, anarxiya və xaos bütün sahələrdə olduğu kimi, gəncliyin də həyatında öz mənfi təsirini göstərmişdi. Ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişindən sonra siyasi rəhbərliyə qayıdışı ilə ölkədə yeni reallığa uyğun gənclər siyasəti yürüdülmüşdür. 
Heydər Əliyev ölkə rəhbəri kimi, ilk növbədə, gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi. O, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib sayırdı. Bu məqsədlə imzaladığı fərmanla 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. 1995-ci ildə isə ulu öndər, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü və 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev şəxsən iştirak etdi. Bu da təsadüfi deyildi. Müdrik şəxsiyyət gəncliyi böyük qüvvə hesab edir və deyirdi ki, “gənclər bizim gələcəyimizdir”. 
Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclərin enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən ulu öndər müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə mühüm sənədlər imzaladı. Ulu öndər Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək söyləyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan ­Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.
Bu gün gənc nəslin düzgün formalaşdırılması dövlət siyasətində mühüm yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə uğurla təmsil olunurlar. Ötən müddət ərzində bu istiqamətdə atılmış addımlar, görülmüş işlər bunun əyani sübutudur. Bu baxımdan Azərbaycan Gənclər Gününün 10 illiyi münasibətilə 2007-ci ilin ölkəmizdə “Gənclər ili” kimi qeyd edilməsi olduqca əlamətdar olmuşdur. Bundan başqa, dövlət başçısı İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər) və “Azərbaycan Gəncliyi Dövlət Proqramı” (2011-2015-ci illərdə), “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007- 2012-ci illər)”, “2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”, “2007-2013- cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsinə dair Dövlət Proqramı” və bir sıra digər mühüm sənədlərin qəbul olunması və uğurla həyata keçirilməsi ölkəmizdə gənclərin potensialının inkişafı, onların faydalı məşğulluğunun təmin edilməsi istiqamətində böyük əhəmiyyət kəsb edir. Dövlət gənclər siyasətində istedadlı gənclərin müəyyən edilməsinə, dəstəklənməsinə və inkişafına böyük diqqət ayrılır. Hazırda ölkəmizdə 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Azərbaycan gəncləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar. 
Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün də dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. “Bədən tərbiyəsi və idman haqqında”, “Gənclər siyasəti haqqında” qanunlar, habelə “Gənc ailə” proqramı, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu Dövlət Proqramı” da bu qəbildəndir. ­Prezident İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi gənclərə ölkə Prezidenti tərəfindən böyük önəm verilməsinin növbəti sübutudur. 
Gənclərin ailə-məişət problemlərinin həllini daim diqqətdə saxlayan Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət yüksək dəyərləndirilir. Ölkə başçısının gənclərlə keçirdiyi görüşlərdə irəli sürülən təklif və təşəbbüslərin dəstəklənməsi, real həyatda həllini tapması onlara dövlət qayğısının ifadəsidir. 
Bu gün milli vətənpərvərlik Azərbaycanın hər bir vətəndaşının, hər bir gəncinin həyatının əsas prinsipidir. Baxmayaraq ki, 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs əldə olunmuşdur, amma bununla yanaşı, ordumuz gücləndirilir və xalqımız torpaqlarımızın azad edilməsi üçün daim döyüşə hazırdır. O cümlədən, bu gün hər bir gənc Azərbaycanın Milli Ordusunda xidmət etməyi özü üçün şərəf hesab edir. Cari ilin fevral ayının 2-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında Prezident İlham Əliyev bununla bağlı demişdi: “Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur”. 
Bu gün 2 milyon 519 minlik gənclər ordusuna (14-29 yaşlılar nəzərdə tutulur) malik Azərbaycan dövləti gənclərlə işə verdiyi diqqət və bu sahədə apardığı səmərəli siyasətinə görə fərqlənir. Uğurla davam etdirilən siyasət gənclərimizin həm milli-mənəvi dəyərlər ruhunda, həm də çağdaş dünyanın tələblərinə uyğun olaraq, çevik və innovativ bacarıqlara sahib bir fərd kimi formalaşmasına xidmət edir. Təsadüfi deyil ki, bu gün gənclərimiz hakimiyyətin bütün qollarında aktiv şəkildə təmsil olunurlar və bu uğurlu prosesin bundan sonra da davam etdiriləcəyinə heç bir şübhə yoxdur.

 

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”

 

18 2019 22:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə