Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan torpaqlarında Ermənistan dövləti necə yaradıldı

(Tarixi, nəticələri və Azərbaycanın müasir baxışı)

Azərbaycan torpaqlarında Ermənistan dövləti necə yaradıldı

əvvəli http://xalqqazeti.com/az/news/21586

 

Ermənilər vaxtaşırı beynəlxalq hüququn vacib elementi olan “millətlərin öz müqəddəratını təyin etmək” hüququ ilə manipulyasiya etməyə çalışırlar. Lakin bildirmək istəyirəm ki, ermənilər artıq bir millət kimi öz müqəddəratını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti vardır. 
Biz imkan vermərik ki, öz ərazimizdə ikinci qondarma erməni dövlətini yaratsınlar. ­Birinci erməni dövləti bizim ərazimizdə, qədim Azərbaycan torpağında, İrəvan, Göyçə, Zəngəzurda ­qurulubdur. İkinci erməni dövləti olmayacaqdır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti



III.Ermənistan dövlətinin yaradılması barədə erməni tarixşünaslığı nə yazır?


Ermənistan dövlətinin yaradılması haqqında erməni tarixşünaslığında vahid fikir yoxdur. İlk konsepsiyanı daşnak liderləri yaradıb. Ermənistan Respublikasının ilk baş naziri Kaçaznuni bunu 1923-cü ildə yazdığı və “məruzə” adlandırdığı “Daşnaksütuna bir iş qalmadı” kitabında ifadə edib. Onun fikrincə, Ermənistan dövlətinin yaradılması daşnakların işi idi. Bu kitaba ön söz yazan kommunist S.Xanoyan isə Kaçaznuninin sözləri ilə, bütövlükdə, daşnaklara qarşı çıxıb, özlərini haqlı hesab edib. 
İkinci konsepsiya kommunist ideologiyasına əsaslanan erməni sovet tarixşünaslığına məxsusdur. Erməni sovet tarixşünaslığı Ermənistan Respublikasının yaradılmasını Osmanlı imperiyası ilə bağlayırdı. Y.Sərkisyan “Osmanlı imperiyasının I Dünya müharibəsi ərəfəsi və illərində Zaqafqaziyada təcavüzkar siyasəti” adlandırıdığı monoqrafiyasında (1962) Ənvər paşaya istinadən belə bir iqtibas verir: “Türkiyə nazirləri iki həftə fikirləşdilər ki, Ermənistan yaratsınlar, ya yox və nəhayət, qərara aldılar ki, yaratsınlar, ona görə ki, bu həm ermənilər üçün, həm də türklər üçün əlverişli idi.” 
Üçüncü konsepsiya isə müasir dövrdə yaradılıb. Bu baxış o zaman dövlətin yaradılmasında “erməni xalqı və onun mübarizəsi”nə, xüsusilə 1918-ci il mayın 21--28 arasında olan Sərdarabad, Başaparan və Qarakilsə döyüşlərinə xüsusi yer ayırır. Bunu Ermənistanın indiki baş naziri N.Paşinyanın Ermənistan Respublikasının 100 illiyi münasibətilə Sərdarabadda keçirilən paraddakı çıxışından da aydın görmək olur. O, deyib ki, erməni xalqı qalib gəldi, ona görə ki, öz tarixinin 400 ilində ilk dəfə olaraq özünə ümid etdi, ona görə ki, milli dövlətin təhlükəsizliyin yeganə qarantı olduğunu başa düşdü. 
Burada erməni baş nazir, eyni zamanda, azadlıq hərəkatı haqqında erməni mifini də rədd edir və istər-istəməz təsdiq edir ki, ermənilər öz tarixinin 400 ilində yalnız başqalarına ümid ediblər. Bu fikirlər nə qədər müxtəlif və ziddiyyətli olsa da, həqiqəti müəyyən etmək çətin deyil.


Ermənistanın müstəqilliyi və daşnakların hakimiyyəti ələ alması (1918-ci il 26-28 may)


Batum konfransının birinci raundunun gedişində Gürcüstan və Almaniya arasında yaxınlaşma sonda gürcülərin dövlət müstəqilliyini elan etməyə qərar verməsi ilə nəticələndi. Bu xüsusi prosedurla həyata keçirildi. 1918-ci il 26 may iclasında Seym iki səs əleyhinə olmaqla, çoxluqla Zaqafqaziyanın parçalanmasını təsdiq etdi və öz səlahiyyətlərinə xitam verdi. Seymin sədri Çxenkelinin onun buraxılması haqqında digər dövlətlərə məlumatında Zaqafqaziya Seymi tərəfindən gündüz saat 3-də Zaqafqaziya Federativ Respublikasının hissələrə bölündüyünü və daha mövcud olmadığını elan etdi. 2 saat sonra, saat 5-də gürcülər dövlət müstəqilliyini elan etdilər. 
Erməni Milli Şurası da həmin gün axşam iclasa toplandı. Gürcülər əleyhinə çıxışlar ilə birlikdə, yeni şəraitə uyğun hərəkət etmək qərara alındı. Daşnaksütyun partiyası daha çox canfəşanlıq etməyə başladı və mayın 
27-də Tiflis təşkilatının iclasında Erməni Milli Şurasının hökumət funksiyası və diktator hüququnu üzərinə götürməsi haqqında qətnamə qəbul etdi. 
Azərbaycan Milli Şurasının həmin gün müstəqilliyini elan etməsini qərara alması ermənilər üçün həlledici rol oynadı. Kaçaznuni bunu özünməxsus tərzdə belə izah edir: Növbə Ermənistanın idi. Biz müstəqilliyimizi elan etməli idikmi, öz dövlətimizi yaratmaq və onu saxlamaq imkanımız var idimi? Bu suallar gülüş doğuracaq qədər gülünc idi. 1918-ci ilin mayında başqa seçimin yeri və vaxtı deyildi. Tarix bizi müəyyən vəziyyətə gətirmişdi və s. Daha sonra o qeyd edir ki, 28 mayda gecədən keçmiş mərkəzi milli şura Ermənistanı müstəqil respublika, özünü respublikanın ali hakimiyyəti elan etməyi qərara aldı. 
Kaçaznuninin bütün fikirlərinin üzərində ətraflı şəkildə dayanmadan iki məsələni xüsusi qeyd etmək lazımdır. Əvvəla, müstəqil Ermənistan elan edilməsinin ən mühüm məqsədlərindən biri Azərbaycanın öz tarixi torpaqlarına sahib olmasının qarşısının bu yol ilə alınması olub. Kaçaznuni yazırdı: Biz Ermənistanın sahibi olmalı idik, başqa cür onu geridönməz şəkildə itirə bilərdik. İkincisi, Ermənistanın müstəqilliyini elan edən mərkəzi milli şura milli məclisdən belə bir səlahiyyət almamışdı. Kaçaznuni yazırdı ki, sonralar heç kimin ağlına gəlmirdi ki, onu hakimiyyətini artırmaqda günahlandırsın. O, burada tamam yanlışlığa yol verib.
 Ola bilsin ki, nə onda, nə də indi bu qanunsuzluq ermənilərin ağlına gəlməsin, lakin tarix bunu unutmur. Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq demişdir: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Bizim tarixi torpaqlarımız təkcə Dağlıq Qarabağın ərazisi deyil. İrəvan, Göyçə, Zəngəzur bizim tarixi coğrafiyamızdır, tarixi torpaqlarımızdır. Ermənistan vaxtilə bizim o torpaqlarda qanunsuz olaraq dövlət qurub”.
Elə həmin gün türklər tərəfindən verilən ultimatumun qəbul edilməsi və Batuma geniş səlahiyyətlər ilə yeni nümayəndə heyəti (A.Xatisyan, O.Kaçaznuni və M.Papacanyan) göndərilməsi də qərara alındı. Müstəqil Ermənistan haqqında siyasi qərar onun “ərazi təminatını” da tələb edirdi. Əsl məsələ də bundan ibarət idi. Ermənilər Cənubi Qafqazda heç bir əraziyə malik deyildi. Ona görə də əsas obyekt Azərbaycan torpaqları oldu. Bu torpaqların ələ keçirilməsi üçün təcavüzkar mahiyyəti olan hərbi-siyasi vasitələrə əl atıldı. 
İlk hədəf yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti oldu. İrəvanın tədricən ermənilər tərəfindən işğalı və AXC-dən fərqli olaraq böyük hərbi qüvvəsi olması ona təzyiqi gücləndirdi. Sonralar bu təzyiq Ermənistan–Azərbaycan müharibəsinə çevrildi. Osmanlı dövlətinə yanaşma isə fərqli oldu. Batum danışıqlarının yeni formatda davam etdirilməsi qərara alındı. Ərazi iddiaları Gürcüstan ilə də müharibəyə səbəb oldu.


Azərbaycan Milli Şurası iclasının 3 nömrəli protokolu (1918-ci il 29 may)


İclasın açılması ilə şura üzvü Fətəli xan Xoyski Azərbaycan Milli Şurası və Erməni Milli Şurası nümayəndələrinin Azərbaycan və Ermənistan federasiyası ərazilərinin sərhədi xüsusunda məruzə etdi. O, çıxışını belə bir məlumat ilə bitirdi ki, Ermənistan federasiyasının yaradılması üçün onlara siyasi mərkəz lazımdır, Gümrü (Aleksandropol) türklərə keçdiyi üçün belə mərkəz İrəvan ola bilər, bunun üçün İrəvanın ermənilərə güzəşt edilməsi, labüddür. Bu məsələ üzrə X.Xasməmmədov, M.Cəfərov, A. Şeyxülislamov, M.Məhərrəmov öz fikirlərini bildirərək, İrəvanın ermənilərə güzəşt edilməsini tarixi zərurət, labüd bəla adlandırdılar. Bu məsələ üzrə səsvermə aşağıdakı nəticəni verdi: İrəvanın güzəşt edilməsinə 
28 ümumi saydan – 16 lehinə, 1 əleyhinə , 
3 bitərəf olmaqla səs verildi. 
Burada Gümrü məsələsi üzərində xüsusi dayanmağa ehtiyac var. Gümrü də Azərbaycanın tarixi coğrafiyasına aiddir. 1837-ci ildə çar I Nikolayın Qafqaza səfəri zamanı belə adlandırılıb. Bu şəhər də çar Rusiyası zamanı erməniləşdirməyə məruz qalıb, imperiyanın süqutundan sonra ermənilər tərəfindən işğal edilib. Ona görə də Batum konfransındakı Azərbaycan nümayəndələri İrəvan və digər Azərbaycan torpaqlarını qorumaq məqsədi ilə Gümrü ətrafında ermənilərin cəmlənməsini mümkün hesab edirdi. Bununla da Ermənistan Osmanlı dövlətinə daha yaxın olurdu. 
Gümrüdə ermənilərin fəallaşması onu ciddi təhlükə mənbəyinə çevirirdi. Bunu nəzərə alan Osmanlı imperiyası 1918-ci il mayın 14-dən 15-nə keçən gecə ultimatum verdi ki, ermənilər Gümrüdən geri çəkilsin. 15 may axşam saat 6-da ermənilər geri çəkildi. Ermənilər Gümrüyə bir də 1918-ci ilin dekabrında qayıda bildilər. 
F.Xoyski İrəvan məsələsinə elə həmin gün xarici işlər naziri M.Hacınskiyə direktivində bir daha qayıdaraq yazdı ki, biz ermənilər ilə bütün mübahisələri bitirdik, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəşt etdik. 
Bu sənəd məsələnin mahiyyətinə daha bir aydınlıq gətirir. Deməli, bu protokolda, sadəcə, güzəştdən bəhs olunmur, burada erməni işğalından, onun qarşısını almaq üçün seçilən “labüd bəla”dan bəhs olunur. Bu sənəd mahiyyət etibarı ilə həmin zaman mövcud olan tarixi reallığı sənədləşdirərək, Ermənistana ittiham aktı kimi çıxış edir. Bu, Ermənistanın Azərbaycan torpaqlarında dövlət yaratmasına dair dosyenin ən vacib sənədlərindən də biridir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, İrəvanın ermənilərə güzəşt edilməsi o zaman ondan əl çəkilməsi anlamına gəlmirdi.

 

Kərim ŞÜKÜROV,
tarix üzrə elmlər doktoru, professor Dövlət mükafatı laureatı

 

18 2019 22:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2019 | 20:44
Hava proqnozu
18 Sentyabr 2019 | 20:39
Krit Universiteti birincidir
18 Sentyabr 2019 | 20:39
Qaçqın axını artıb
18 Sentyabr 2019 | 20:38
Türk pilot kosmosa uçacaq

Köhnə versiyamızdan xəbərləri izlə