Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İdmanı qərəzli siyasətin hədəfinə çevirmək heç kimə şərəf gətirmir

İdmanı qərəzli siyasətin hədəfinə çevirmək heç kimə şərəf gətirmir

Artıq bir müddətdir ki, Qərbdəki ənənəvi antiazərbaycan dairələr ölkəmizə qarşı növbəti çirkin kampaniyaya başlayıblar. Bu dəfə qarayaxma kampaniyasına əsas səbəb mayın 29-da Bakıda UEFA finalının keçirilməsidir. Bədxahlarımız idmana heç bir aidiyyəti olmayan, qərəzli, subyektiv mülahizələr irəli sürür və beynəlxalq ictimaiyyətdə  bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar. Bu ədalətsiz yanaşma ölkə ictimaiyyətində dərin hiddət hissi doğurur. Bu barədə Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru İlham MAZANLI dedi: 

– UEFA-nın final oyununun Azərbaycan paytaxtında keçirilməsini arzulamayanlar, fikrimcə, qərəzli olduqları qədər, reallıq hissini də itirmiş şəxslərdir. Onlar bilməli idilər ki, final oyununun Bakıda keçirilməsi ilə bağlı Azərbaycanın təklifini UEFA rəhbərliyi əvvəlcə ciddi şəkildə öyrənib, ölkəmizin bu sahədəki üstün imkanlara malik olduğunu nəzərə alaraq, belə mühüm qərar qəbul edib. 
Hamımız Qərbdəki antiazərbaycan dairələrin mühüm tədbirlər ərəfəsində ölkəmizə qarşı belə qərəzli kampaniyalar təşkil etmələrinin dəfələrlə şahidi olmuşuq. Yadınızdadırsa, ölkəmizdə mühüm enerji və nəqliyyat layihələrinin reallaşdırılması, qlobal xarakterli tədbirlərin keçirilməsi, 2012-ci ildə “Eurovision”, 2015-ci ildə Birinci Avropa Oyunları, 2016-cı ildə İslam Həmrəyliyi Oyunları və digər tədbirlər ərəfəsində Azərbaycan süni şəkildə təşkil olunmuş qarayaxma kampaniyalarının hədəfi olub. Lakin bu dəfə, hətta populyar idman oyununu ölkəmizə qarşı qərəzli siyasətin hədəfinə çevirmək cəhdini müşahidə etməli oluruq. Bu, artıq heç bir ­sağlam düşüncəyə və məntiqə sığmır. 
Yeri gəlmişkən, qarayaxma kampaniyasını aparanlar ölkəmizdə otellərin və təyyarə biletlərinin guya baha olması ilə bağlı bəhanələr gətirirlər. Bunların hamısı əsassızdır. AZAL-ın təklif etdiyi qiymətlər mövcud beynəlxalq qiymətlərdən daha aşağıdır. Mehmanxanalara gəlincə isə Bakıda xidmətin səviyyəsinə` uyğun olaraq, hər cür qiymətə otel ``tapmaq olar. Üstəlik, Azərbaycan paytaxtı bu gün dünyanın ən təhlükəsiz şəhərlərindən biridir.
Göründüyü kimi, ayrı-ayrı dairələrin irəli sürdüyü iddialar tamamilə əsassızdır və qərəzlidir. Məqsəd Azərbaycanın beynəlxalq nüfuzunu ləkələməkdən ibarətdir. Tamamilə əminəm ki, buna bədxahlarımız bu dəfə də nail ola bilməyəcəklər. 

 

Söhbəti qələmə aldı: 
M.HACIXANLI,
“Xalq qəzeti” 

18 2019 22:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə