Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan səhnəsinin unudulmaz aktyoru

Rza ƏFQANLI – 120

Azərbaycan səhnəsinin unudulmaz aktyoru

Maraqlı adam idi Rza Əfqanlı. Ətrafına da həmişə maraqlı insanlar toplaşardı. Şən, həyatsevər insan idi. Rollarından da bunu aydın görmək olur. O, romantik aktyor məktəbinin nümayəndəsi idi. Ciddi və xeyirxah, saf qəlbli və sadə həyat tərzli obrazların ifasında ən uğurlu nailiyyətlər qazanmışdı. İfa etdiyi əsərin orijinal və ya tərcümə olmasından, xüsusən ona tapşırılmış rolun böyük, ya kiçikliyindən asılı olmayaraq, aktyor həmişə ilk növbədə bitkin və xarakterik səhnə obrazları yaratmağa çalışardı.

 Onun ömür yolu Cənubi Azərbaycandan başlamışdı. ­1899-cu ildə Sərab şəhərində doğulmuşdu. İki yaşında olarkən atası Rüstəm kişi vəfat etmişdi. Ailəsini dolandırmaq məqsədilə 1912-ci ilin yazında Bakıya gəlmişdi. 1916-cı ildə Pyatiqorska gedib və orada çəkməçi şagirdi işləmiş, iki il sonra rus ordusunda könüllü xidmət etmişdi.
 Aktyor sənətinə gənclik illərindən meyilli idi.1920-ci ildə Bakıya dönən Rza Əfqanlı əvvəlcə Sabunçu qəsəbəsindəki dram dərnəyində aktyorluq etmiş və tezliklə Akademik Dram Teatrının aktyoru Xəlil Hüseynovun təşəbbüsü ilə Mərkəzi Dövlət Səyyar Teatrında işləməyə başlamışdı.1923-cü ildə Akademik Dram Teatrının truppasına işə götürülmüş və paralel olaraq 1926-cı ildə Bakı Teatr Məktəbini bitirmişdir. 
Otuzuncu illərdə İran vətəndaşlarını geriyə deportasiya edirdilər. Əfqanlı aktyor olduğu və teatrda çalışdığı üçün Bakıda qalır. İrana dönmədiyi və İran vətəndaşlığından imtina etmədiyi üçün onu burada həbs ediblər. Həbsxana Azad qadın heykəlinin yanında yerləşən və sonradan “Karamel fabriki” adlanan binada olub. Həbsxananın pəncərəsindən baxanda Əfqanlı üzbəüz binada yaşayan Sona adlı bir bəy qızını görür və ona vurulur. Həbsxanadan çıxandan sonra həmin xanımı tapıb, onunla ailə həyatı qurur. Bu nikahdan onların Xumar adlı qızı dünyaya gəlir.
Xumar atasının peşəsini davam etdirərək sonradan Xalq artisti olur. Rza Əfqanlının digər qızı Ofelya Aslan da atasının peşəsini seçir. 
Dəfələrlə iş yerlərini dəyişməli olan aktyor 1929-cu ildə görkəmli rejissor və aktyor İbrahim İsfahanlının dəvəti ilə Tiflis Azərbaycan Dövlət Teatrında işləməyə getmişdir. 1933–1934-cü il teatr mövsümündə isə Türkmənistanın paytaxtı Aşqabadda “Az Millətlər Teatrı”nda baş rejissor olmuşdur. 1935-ci ilin əvvəllərində yenə Bakıya qayıdaraq Akademik Dram Teatrında fəaliyyətini davam etdirmişdir.
R. Əfqanlı deyirdi: “ Mənim teatrda ilk rolum Cəfər Cabbarlının “Solğun çiçəklər”ində Bəhram obrazı olub”. Sonralar aktyorun müxtəlif illərdə Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” (Tavad Orbeliani), “Köhnə dudman” (Bədəl), “Baba yurdu” (İsgəndərzadə), “Pəri cadu” (Qurban), “Dağılan tifaq” (Nəcəf bəy), Cəfər Cabbarlının “Od gəlini” (Rəbi, Aqşin və Elxan), “Oqtay Eloğlu” (Oqtay), Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” (Rüstəm bəy) əsərlərinin tamaşalarında ifa etdiyi rollar janr əlvanlığı, estetik zənginliyi ilə seçilmişdir.
Rza Əfqanlının rollarında romantik vüsət, poetik cazibədarlıq vardı. Zəhmli baxışları, sərt və ifadəli sifət cizgiləri ürəyəyatımlı idi, aktyor onları obrazın bədii siqlətinə uyğun tərzdə istiqamətləndirməyi bacarırdı. Romantik zəmində formalaşan Rza Əfqanlı realist obrazları da şövqlə, əzmlə, yaradıcılıq ehtirası ilə oynayırdı və bununla da öz üslubuna yeni təravət gətirirdi.
Rza Əfqanlının yaradıcılığında kino rolları ayrıca mərhələdir. Kino fəaliyyətinə 30-cu illərdə başlayan R.Əfqanlının “Bakılılar” filmindəki Cəfər obrazı uğurlu debüt idi və bu filmin ardınca o, “Qanun naminə”, “Dağlarda döyüş”, “Mən ki, gözəl deyildim” ekran əsərlərində rol almışdı.
Onun “Dağlarda döyüş” filmində yaratdığı Sərxan obrazını yəqin ki, xatırlayırsınız. Filmdə onun məğrur duruşu, cəsarətli, bəzən inamsız, ümidsiz hərəkətləri, pərişan saçları və gözlərindən oxunan qəmli-kədərli əhvalı müharibə dövrünün əsl azərbaycanlı kişisini xatırladır...
 Milli kino sənətimizin inkişafında Rza Əfqanlının xidmətləri çox olmuşdur. O, həqiqətən görkəmli kino xadimi olub. “Bakılılar”, “Kəndlilər”, “Yeni horizont”, “Dağlarda döyüş”, “Aygün”, “26-lar”, “O olmasın, bu olsun”, “Qanun naminə”, “Mən ki, gözəl deyildim” və digər filmlərdə bir-birindən maraqlı obrazlar yaradıb, həmin obrazlarla tamaşaçıların rəğbətini qazanıb. Qədirbilən xalqımız görkəmli incəsənət xadimlərimizi həmişə yad edir. Eynən də gənc nəsil klassik kino aktyorlarımızı – Ələsgər Ələkbərov, Adil İsgəndərov, Yusif Vəliyev, Möhsün Sənani və başqaları kimi Rza Əfqanlını da sevir və hörmətlə xatırlayır.
Aktyor 1938-ci il dekabrın ­4-də Azərbaycan Respublikasının Əməkdar artisti, 1943-cü il iyunun 17-də Xalq artisti fəxri adları ilə təltif edilib. 1948-ci ildə “Şərqin səhəri” (Ənvər Məmmədxanlı) tamaşasındakı Fərhad roluna görə Dövlət mükafatına layiq görülüb.
Xalq artisti Rza Əfqanlı 1973-cü il noyabrın 9-da Bakıda vəfat edib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

18 2019 22:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə