Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cahana sığmayan şair

Cahana sığmayan şair

Darxan Kıdırali,
Qazaxıstan MEA-nın müxbir üzvü, Beynəlxalq Türk Akademiyasının prezidenti, professor


Allaha sonsuz sevgisi ilə insanın mənəvi baxımdan kamilləşməsinə, bütün dünyada yaxşılıq və xeyirxahlığın bərqərar olmasına ədəbiyyatın, xüsusilə sufi şairlərinin verdiyi töhfə ölçüyəgəlməzdir. Yaradılışın mahiyyətini qəlb gözüylə qavrayaraq, həqiqətlə çulğaşaraq sirrin şərbətini içən, dərin mətləbləri xalqın anlayacağı dillə şeirləşdirən şairlərin türk xalqları arasında əsrlərin karvanında önəmli ­mövqeyi olmuşdur. 

 

Təsəvvüf şeirinin əsasını qoyan Bəyazid Bestami, Həllac Mənsur, Balasaqunlu Yusif Xas Hacib, Xoca Əhməd Yəsəvi kimi şairlərin yaradıcılığını Yüknekli Edib Əhməd, Süleyman Bakırqani, Cəlaləddin Rumi, Yunus Əmrə, Seyfi Sarayı, Əlişir Nəvai, Məhtumqulu Fəraqi, Sufi Allahyar kimi türk şeir sənətinin parlaq ulduzları inkişaf etdirmişlər. “Mənəm Haqq” (“Ənəl-Həq”) deyən müəllimi Həllac Mənsurun yolunu davam etdirib səbir ilə cəsarətin, həqiqət mücadiləsinin simvoluna çevrilən böyük Azərbaycan şairi İmadəddin Nəsiminin sufi ədəbiyyatında xüsusi yeri vardır. Təkcə qardaş Azərbaycan xalqının deyil, mahiyyəti, təbiəti, sirli və dərin mənalı şeirləri ilə bütün türk dünyasının ortaq mütəfəkkirinə çevrilmiş böyük Nəsiminin bu il 650 illik yubileyi qeyd olunur.

Azərbaycan ədəbiyyatı tarixində ana dilinin fədaisi kimi önə çıxan, ədəbiyyat zirvəsinin ən uca məqamında yer alan Nəsimi öz yaradıcılığı ilə milli şeirin inkişafına yeni istiqamət vermişdir. Şair əsərlərində sadə xalq dilinin zənginliyinə baş vuraraq, orta əsrlərin mürəkkəb ədəbi mühitində üstün olan ərəb və fars dillərinin ədəbi çevrəsinə arxa çevirmiş, türk dilini təzyiqlərdən qorumuş və özündən sonra Xətai, Füzuli, Vaqif kimi xələflərinin söz meydanında daha çox parlamasına zəmin hazırlamışdır.

Nəsiminin ədəbi irsi dövrün dərin estetik-poetik fikirlərinin və fəlsəfi baxışlarının vəhdətini təşkil edir. Onun irsi orta əsrlər türk poeziyasının humanizm ideyaları ilə zənginləşməsində və yeni məzmun kəsb etməsində əvəzsiz rol oynamışdır. Əsərlərində kamil insanı tədqiqat obyekti seçən Nəsimi onu bütün gözəlliklərdən üstün tutur, ucaldır, hər şeyin fövqünə qaldırır. Nəsiminin dili onun kimliyi haqqında güclü və aydın informasiya verir. Onun əsərlərində daim düşünən, kamilləşmək arzusu ilə alışıb yanan, kainatın sirlərinə cavab axtaran bir insan obrazı vardır.

Bir qayda olaraq, təsəvvüf şairləri şeirlərini “haqqı tanıyıb həqiqətlə bütünləşmək”, “yara aşiq olmaq”, “sevgiliyə sirrini açıb söhbət etmək”, “həqiqət şərabını içmək”, “pərvanə olub odda yanmaq”, “ölmədən öncə ölmək”, “gülə qonan bülbül kimi oxumaq” kimi müəyyən simvolik ifadələrlə rövnəqləndirir, dərin düşüncələrini ədəbi dilin fərqli anlayış və incəlikləri, işarələrlə izah edirlər. Bununla yanaşı, yaradıcılıqlarında məcaz (metafora) elementlərindən böyük ustalıqla istifadə etmələri – “sərxoş olub özündən getmək”, “şərab içmək” kimi anlayışların işlədilməsi – bəzən şəriət hökmləri tərəfindən anlaşılmır və sufi şairlərin təqibinə səbəb olurdu. Ona görə hürufilik etiqadının əsas nümayəndəsi, “Mənəm Haqq” (“Ənəl-Həq”) deyən şair Mənsur Həllac və xələfi İmadəddin Nəsimi nadan, xurafatçı dindarlar tərəfindən günahsız yerə ölüm cəzasına məhkum edilmişdir. İnsanları gələcəyə səsləyən şair, yüksək səslə açıq şəkildə deyir:

 

Hеç kimsə Nəsimi sözünü
                                   kəşf еdə bilməz,

Bu, quş dilidir, bunu
                             Sülеyman bilir ancaq.

 

Böyük şairin şeirləri ilə Xoca Əhməd Yəsəvi, Yunus Əmrə, Əlişir Nəvai, Məhtumqulu Fəraqinin, xüsusilə Abay və Mağjanın şeirləri arasındakı harmoniya çox maraqlıdır:

 

Әhdә vәfa еylәdi
                            yari-vәfadarımız,

Yar ilә gör kim, nеcә
                      düşdü әcәb karımız.

Еşqә әlac istәmә,
                    dәrdinә sәbr еylә, dur,

Gör ki, nә dәrman
                    qılır yari-dilazarımız.

 

Bu misralar Abayın

 

“Bu dünyada sənin kimi mənə yar yox,

Ki, sənə məndən yaxşısı olsa da...”

dərin mənalı poeziyası ilə çox uyğunluq təşkil edir:

Qiblәsiyәm sadiqlәrin,
                    mәşuquyam aşiqlәrin,

Mәqsuduyam layiqlәrin,
            çün beyti-mәmur olmuşam.

Musa mәnәm kim, hәqq ilә
                 daim münacat eylәrәm,

Könlüm tәcәlli nurudur,
               anın üçün Tur olmuşam.

Bu şeiri oxuyan qazax oxucunun ağlına ilk olaraq Mağjan Jumabayevin aşağıdakı misraları gəlir:

Mən də Musa olardım,

Danışdırsa Tanrı ilə,

Kokşe mənə olur Tur.

 

(Qeyd: Kokşe – Qazaxıstanın şimal-şərqindəki Kokşe dağıdır – Kokşetau)

 

Türk poeziya tarixində böyük ədiblər kifayət qədər çoxdur. Amma onların içərisində ucalığı, “Tanrıya yaxınlığı” ilə Nəsimi zirvəsi xüsusilə seçilir. Bu zirvədən eşq Günəşi doğur, o Günəş qürub edir, amma heç zaman batmır. Yüzillərdir, böyük şairin adı Şərqdə mərdlik, fədakarlıq və iradə rəmzi hesab olunur. Dara çəkilib dərisi soyulan, son nəfəsində belə öz sözündən dönməyən böyük sənətkarın məsləki uğrunda faciəli ölümü “ədalətdən dönməzlik” simvoluna çevrilmişdir. Ağır cəzaya məhkum edilərək edamı insanlıq tarixinə qara ləkə kimi düşən cəsur şair şeirlərinin birində belə deyir:

 

Zahidin əfsanəsindən
                    soydular nahaq məni,

Həq bilir səndən, şəha,
                  sahib nəzərlər ağrımaz.

Zahidin bir barmağın kəssən
                     dönər həqdən qaçar,

Gör bu gerçək aşiqi
                 sərpa soyarlar ağrımaz.

Soyun, ey murdar sallaxlar,
                              Nəsiminin tənin,

Bunca namərdi görün
                   bir ər qıyarlar, ağrımaz.

Mənəvi azadlığa, bəşəri dəyərlərə, insana sevgiyə, azadlıq və əmin-amanlığa çağırış Nəsimi yaradıcılığının himni idi. Nəsimi fiziki olaraq cəzaya məhkum edilsə də, onun yaddaşlarda yaşayan ideyaları və poeziyası, tolerantlıq və sülh naminə çağırışları heç zaman aradan qaldırıla, edam edilə bilməz. Əsrlərdən bəri insanların qəlbində yaşamaqda davam edən Nəsimi dünya poeziyası, ədəbi və fəlsəfi fikrində öz abidəsini çoxdan ucaltmışdır.

Nəsiminin ana dilindən ustalıqla istifadə etməsi, xalqın öz dilinə yaxın tərzdə yazması ona böyük rəğbət qazandırmışdır. Dövrün bəzi cahil idarəçilərinin iddiasının əksinə olaraq, Nəsimi dini dəyərlərə qarşı çıxmır, yaşadığı cəmiyyətdə ədalət və həqiqət axtarır. Onun əsərlərində xalqın taleyini dərindən duyan insanpərvər sənətkarın iztirab və kədəri, üsyankar ruhu səslənir. Nəsimi cəmiyyətdəki zülmdən və özbaşınalıqdan şikayətlənir, zülmü, ədalətsizliyi, soyğunçuluğu pisləyir.

Böyük şair insana, onun ləyaqətinə, qüdrətinə olan yüksək inamını tərənnüm edərək şeirlərində insanı həyatın yaradıcısı, həyati gözəlliklərin birbaşa mənbəyi kimi vəsf edir. Ancaq bu gözəllik, bu qüdrət dünyada bütün insanlara deyil, yalnız özünü tanımış, dərk etmiş kamil insanlara xasdır. Məhz buna görə şair kamil insanın ölməzliyinə işarə edir və onu əbədiyyət üfüqlərində doğmuş eşq günəşinə bənzədir:

Nəsimi хəstəyə sənsiz
               Sülеyman mülkünü vеrsən,

Ol anı bir çöpə saymaz,
                     təmənnayi-vüsal еylər.

Şeirlərinin təməl anlamını İslam təsəvvüfünün vəhdəti-vücud ideyası və ilahi eşq təşkil edən Nəsimi doğma Azərbaycan türkcəsi ilə yanaşı fars, ərəb dillərində də mükəmməl poeziya örnəkləri ortaya qoymuşdur. Onun şeirləri bütün türk xalqları ədəbiyyatına və bütövlükdə klassik Şərq poeziyasına ciddi təsir göstərmişdir. Nəsimi ana dilində ilk dəfə müxtəlif poeziya janrlarına müraciət etmiş, rübai və yuğlarında sadə xalq dilinin əsrarəngiz gözəlliklərini ortaya qoymuşdur. Onun şeirlərində istifadə etdiyi dərin təsəvvüf düşüncəsi sonralar bir çox böyük mütəfəkkirlərə təsir göstərmişdir.

Nəsiminin olduqca enerjili, mükəmməl və üsyankar ruhlu poetik “Mən”i vardır. Parlaq, həcmli, dərin və ilahi məzmunlu “Mən”i ilə şair nəinki Azərbaycan, ümumən türk xalqları poeziyasında önə çıxmış və müasirlərini qabaqlamışdır. Ömrünün sonunadək “Ənəl-Həq” ideyasını müdafiə edən şair-mütəfəkkir sufizm-hurifizm cərəyanının ən parlaq simalarından birinə çevrilmişdir:

Məndə sığar iki cahan,
               mən bu cahanə sığmazam,

Gövhəri-laməkan mənəm,
               kövnü məkanə sığmazam.

Zərrə mənəm, Günəş mənəm,
                çar ilə pəncü şeş mənəm,

Surəti gör bəyan ilə,
                 çünki bəyanə sığmazam.

Ərşlə fərşü kafü nun
              məndə bulundu cümlə çün,

Kəs sözünü və əbsəm ol,
                  şərhi-bəyanə sığmazam.

Gərçi mühiti-əzəməm,
                  Adəm adımdır, Adəməm,

Tur ilə künfəkan mənəm,
              mən bu məkanə sığmazam.

Can ilə həm cahan mənəm,
              dəhrilə həm zaman mənəm,

Gör bu lətifəyi ki, mən
                 dəhrü zamanə sığmazam.

Şəhd ilə həm şəkər mənəm,
          şəms mənəm, qəmər mənəm,

Ruhi-rəvan bağışlaram,
              ruhi-rəvanə sığmazam.

Nəsimi yaradıcılığındakı “mən” birbaşa həyatın özü, insanlığın taleyidir. Sənətkarın poetik dünyasında kainatın sirləri dolaşır. Nəsimiyə görə, insanın ən ali keyfiyyəti özünüdərkdir. Ona görə də dahi mütəfəkkir əsərlərində insanları özünüdərkə səsləyir. Bu üzdən Nəsimi poeziyasının özü həqiqətdə dönməyən əsil insan, Haqq yolundan vazkeçməyən mücadiləçi, Yar üçün canını fəda etməyə hazır olan tam yetişmiş kamil insandır.

İmadəddin Nəsimi öz yaradıcılığında insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm edib, mənsub olduğu xalqın arzu və istəklərini dilə gətirib, onlara ümumbəşəri dəyər qazandırıb. O, istedadı və yaradıcılığının miqyası ilə yalnız Azərbaycan xalqına məxsus olmaqdan çıxmış, bütün insanlığın böyük dəyərinə çevrilmişdir

Əsərlərinin əsas məğzi Xoca Əhməd Yəsəvi irsi ilə üst-üstə düşən İmadəddin Nəsimi yaradıcılığı tolerant və humanist mövqeyi ilə o qədər dərin qatlara malikdir ki, ondan sonra çox sayda böyük şair, rəssam, yazıçı və digər incəsənət xadimləri üçün ilham mənbəyi olmuşdur. Onun ideya və fəlsəfi fikirləri insanları ortaq dəyərlər ətrafında birləşməyə və sülhü təşviq etməyə səsləyir. Ona görə də, Nəsimi irsi müasir dövrümüzdə də öz təsir gücünü ciddi şəkildə qoruyub saxlayır.

Nəsimi irsinin türk xalqlarının mənəviyyat xəzinəsində layiqli yer tutmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri əvəzsizdir. Məhz onun təşəbbüsü ilə ilk dəfə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur.

Yaradıcılığına böyük dəyər verərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi şərəfinə 2019-cu ili “Nəsimi ili” elan etməsi isə təkcə Azərbaycanda deyil, bütün türk dünyasında böyük məmnunluqla qarşılanmışdır.

Bununla əlaqədar olaraq, Beynəlxalq Türk Akademiyası da 2019-cu ili Qazaxıstanda “Nəsimi ili” elan etdi və geniş tədbirlər silsiləsinə başladı. Şairin şeirləri ilk dəfə olaraq qazax dilinə tərcümə edilərək çap olundu. Hesab edirəm ki, Nəsiminin əsərlərinin qazax dilində işıq üzü görməsi oxucuların böyük sənətkarın mənəvi irsini mənimsəməsi baxımından unikal imkan olacaqdır.

 

18 2019 22:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə