Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zərdabda ilin uğurları üçün zəruri əsaslar yaradılmışdır

Zərdabda ilin uğurları üçün zəruri əsaslar yaradılmışdır

Zərdab Rayon İcra Hakimiyyəti ­başçısı ­yanında Şuranın geniş toplantısında Nazirlər Kabinetinin rüblük iclasında ­Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr ­baxımından ilin birinci rübündə rayonun sosial-­iqtisadi inkişafına yekun vurulmuş, qarşıda duran vəzifələr müzakirə edilmiş və konkret hədəflər müəyyənləşdirilmişdir.

Ümumrayon yığıncağını giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev hökumətin iclasında dövlət başçısının nitqində əksini tapmış önəmli məsələlər barədə ətraflı məlumat vermiş, Prezident İlham Əliyevin növbəti tapşırıq və tövsiyələrindən irəli gələn vəzifələri şərh etmişdir.
Sonra ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunları barədə Zərdab RİH başçısının hesabatı dinlənilmiş və müzakirə edilmişdir. Məruzədə göstərilmişdir ki, respublikamızda gedən davamlı inkişaf prosesinə uyğun olaraq, Zərdabda da ilin birinci rübündə həyatın bütün sahələrində yeni uğurlar qazanılmışdır.
İlin əvvəlindən iqtisadiyyatda və xidmət sahələrində 24 milyon 521 min 400 manatlıq məhsul istehsal edilmiş, xidmətlər göstərilmişdir.
Ümumi məhsulun 9 milyon 275 min manatlığı (37,8 faiz) kənd təsərrüfatının, 1 milyon 412 min manatlığı (5,8 faiz) sənayenin, quruculuq-təmir işlərinin 6 milyon 215 min manatlığı tikintinin (25,3 faiz), xidmətlərin 7 milyon 111 min manatlığı (29,1 faiz) ticarətin, 347 min 600 manatlığı (1,4 faiz) nəqliyyatın, 158 min 500 manatlığı (0,6 faiz) poçt və rabitənin payına düşür. Birinci rübdə rayonda 74 daimi iş yeri yaradılmışdır. 
Bu ilin məhsulu üçün 18 min 716 hektarda payızlıq taxıl əkilmişdir. İxtisaslaşdırılmış 3 toxumçuluq təsərrüfatında 207 hektar sahədə arpa və buğda becərilir. Bu mövsümdə 2 min 250 hektarda pambıq yetişdirilməsi üçün şum və aratın vaxtında aparılması, səpinin optimal müddətdə başa çatdırılması təmin edilmişdir. 203,3 hektarda kartof, 146,6 hektarda tərəvəz, 50 hektarda qarğıdalı və 38 hektarda şəkər çuğunduru əkilmişdir. Yoncalıqların sahəsi 21 min hektarı ötmüşdür ki, bunun 1570 hektarı təzə biçinlərdir. Ümumiyyətlə, 2 min hektarda yazlıq bitki əkini aparılmışdır. “Aqrobaz” MMC 150 hektarda təzə yonca, 2 hektarda kartof, 50 hektarda qarğıdalı, 350 hektarda pambıq əkmişdir.
Məruzədə daha sonra bildirilmişdir ki, hazırda, rayonda iri malın sayı artaraq 54 min 724 başa, qoyun-keçilər isə 113 min 760 başa çatmışdır. Rüb ərzində rayonda 10 min 819 sentner ət, 64 min 506 sentner süd, 2 milyon 27 min ədəd yumurta istehsal edilmişdir. 
İlin əvvəlindən rayonda abadlıq-quruculuq işləri də genişləndirilmişdir. Zərdab şəhərinin küçələrində və Heydər Əliyev parkında tikinti-abadlıq işləri aparılır. Rayon Statistika İdarəsinin inzibati binasının tikintisi davam etdirilir. 32 hektar ərazidə 50 yerlik körpələr evi–uşaq bağçasının tikintisi, Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının əsaslı təmiri, Gödəkqobu kəndində tibb məntəqəsinin inşası başa çatdırılmışdır.
Hüseynxanlı kəndində 80 şagird yerlik modul tipli ümumi orta, Nəzəralılı və Siləyli kəndlərində 20 şagird yerlik modul tipli ibtidai məktəblər istifadəyə verilib. Sarıqaya kənd 96 şagird yerlik modul tipli tam orta məktəbdə isə işlər yaxın vaxtlarda başa çatdırılacaqdır. Beləliklə, rayon üzrə 44 ümumtəhsil məktəbinin 27-də (61 faiz) təlim-tərbiyə prosesi yeni tikilmiş və ya əsaslı təmir edilmiş məktəblərdə aparılır.
“39 saylı Yol İstismarı” MMC orta və cari təmir, yolların saxlanılması istiqamətində 360,9 min manatlıq iş görmüşdür. 11,4 kilometrlik Zərdab–Qaravəlli avtomobil yolunun tikintisi davam etdirilir. 70,5 kilometrlik Ucar–Zərdab–Ağcabədi yolunun tikintisinə başlanılmışdır. 
Hesabatda qeyd edilmişdir ki, rayonda elektrik və qaz təsərrüfatının inkişaf etdirilməsi, əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Son illərdə qurulmuş 33 modul tipli sutəmizləyici qurğular rayonun bütün yaşayış məntəqələrini içməli su ilə təmin edir.
Məruzə ətrafında çıxışlarda ayrı-ayrı sahələrdə əldə edilmiş uğurlardan, növbəti vəzifələrdən söhbət açılmışdır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Əlibaba Əliyev yığıncaqda çıxış edərək regional inkişaf proqramlarının gerçəkləşdirilməsinə zərdablıların töhfəsini vurğulamış, onlara yeni uğurlar arzulamışdır.

 

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

18 2019 22:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə