Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lənkəran – cənubun dan ulduzu

Lənkəran – cənubun dan ulduzu

Bura yeni növrağını yaşayan qədim məkandır. Adına “cənub mirvarisi, qızıl Lənkəran” da deyirlər. Zümrüd rəngli dağların ətəyində, nəğməli Xəzərin qumlu sahilində gözəl bir diyardır. Baş-başa vermiş dağlar, yaşıl meşələr Tanrının Lənkərana bəxşişidir. Şəhər özü isə müasir əyalət mərkəzi kimi durmadan inkişaf edir. İnzibati ərazisinə Lənkəran və Liman şəhərləri, Şirinsu, Aşağı Nüvədi, Gərmətük, Haftoni, İstisu, Nərimanabad və Balıqçılar qəsəbələri, eləcə də 83 kənd daxildir. Bu gün Lənkəran dövlətin qayğısı, yerli rəhbərliyin səyləri ilə daha da abadlaşır, gözəlləşir. Lənkəranın unudulmaz şair oğlu Şəkər Aslan şeirlərində doğma yurdunu məhəbbətlə vəsf edib:

 

Burdadır ən barlısı 
Bağçanın da, bağın da.
Lənkəran bir gözəldir-
Bəzənir Xəzər adlı
Güzgünün qabağında. 

Yazın üzə güldüyü bu günlərdə Lənkəran daha füsunkar olub. Təkcə dağlarda, düzlərdə deyil, adamların üzündə də güllər açıb. Ağsaqqallar, ağbirçəklər daha da nurlanıblar. İgidlər bir az da boy-buxunlu görünürlər. Gözəl-göyçək Lənkəran qızlarının tellərində yağış damlaları bərq vurur. 
İnamla demək olar ki, son illərdə Lənkəran özünün ən parlaq dövrünü yaşayır. İki ay öncə qeyd edilən builki Novruzun ətri hələ də könüllərdədir. Bolluğun, zənginliyin nümayişi olan yarmarkalar yadda qalıb. Şəhər daimi festival rənglərinə bürünmüşdü. May bayramları da Lənkəranı böyük, əlvan bir xonçaya döndərmişdi. Şəhərin hər tərəfi təmizliyə bələnmiş, səliqə-sahmanla süslənmişdi. Bu gün də elədir. Təzə parklar, bağlar salınır, qaz,su, işıq xətləri çəkilir, ən ucqar kəndlərin yolları təmir edilir, körpülər salınır. Dövlət başçısının sərəncamları ilə arzu layihələri gerçəkləşir, xəyal ilğımları həqiqət olur. 
Lənkərana ötən səfərimdə tanımaza-bilməzə şair Etibar Vəliyevlə zəngləşib görüşdüm. Etibar müəllim haqqında eşitmişdim. Bilirdim ki, 9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsində çalışmaqla bərabər, şeirə, sənətə könül verib, sözü ilmə-ilmə naxışlayır. Şairlə ətirli Lənkəran çayından içə-içə bir saata qədər söhbət elədik. Gözəlliklərdən, özəlliklərdən danışdıq. Prezident təqaüdçüsü olan, son kitablarından biri “Ürəyimdə döyünən vətən” adlanan Etibar müəllimin yurd sevgisinə heyran qaldım.
– Lənkəran doğma evimiz-eşiyimizdir, – dedi. – Dövlət, hökumət Lənkəranı nümunəvi bir məkana çevirib. Biz də onun tərəqqisi üçün əlimizdən gələni etməsək, yalançı vətənpərvərlər olarıq. 
...Çaydan söz düşəndə “Lənkəran çayı, limonu ilə məşhurdur” demək, bu diyar haqqında heç nə deməmək kimidir. Bunu hamı bilir. Çayın çeşidli növləri, ətirləri, limonun məxsusi dadı barədə nəsə söyləsən, hə, bu, başqa məsələ olar. Dostlardan biri danışırdı ki, bərk istidə qərib bir qonaq Lənkərandakı çayxanalardan birinə gələrək yanğısını söndürmək istəyib. Qarşısına qoyulan çayı nəlbəkiyə töküb ki, tez soyusun. Bu vaxt çayçı kişi yaxınlaşaraq acıqla onun çayını alıb yerə töküb. Çaşıb qalan qonaq səbəbini soruşanda ağsaqqal çayçı deyib:
– Sən çay içən deyilsən, get, su al, iç. Unutma ki, Lənkəran çayını nəlbəkidə soyutmaq onun qədrini bilməmək, dəmləyənə isə hörmətsizlik eləməkdir.
Bax, belə yerdir Lənkəran! Ciddi adamları da çoxdur, baməzələri də az deyil.
On-on beş gün bundan əvvəl Lənkəranın fermer təsərrüfatlarında birinci çay yığımı bayram kimi qeyd olunub. Builki məhsul yığımı kampaniyasına Kənd Təsərrüfatı Nazirliyinin Aqrar inkişaf könüllüləri də qoşulublar. Onlar ilk dəfə olaraq çaybecərən qızlarla birlikdə nübar çay məhsulu yığımında iştirak etməklə bərabər, yaşıl çay yarpağının emalı prosesi ilə yaxından tanış olublar. Onlara bildirilib ki, bu il plantasiyalarda bol məhsul var. Hər hektardan tonlarca məhsul gözlənilir. 
Statistik məlumata görə isə, Azərbaycan Respublikasının ­Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ­2018–2027-ci illər üçün çayçılığın inkişafına dair Dövlət Proqramlarının qəbul olunması bu sahəyə marağı daha da artırıb. Dövlət proqramının qəbulu istehsalçılarda işə həvəs yaradıb, torpağa yeni münasibət formalaşdırıb, sahibkarlıq hissini daha da gücləndirib. Əkin sahələrinin ötən il dəfələrlə genişlənməsi bunu bir daha sübut edir. Dövlət tapşırıqlarına uyğun olaraq lənkəranlılar qabaqcıl texnologiyalar tətbiq etməklə çay, çəltik və sitrus meyvələri istehsalının artırılması istiqamətində işləri daha da sürətləndiriblər. İcra müddətində rayonda 1500–2000 hektar sahədə yeni çay plantasiyalarının salınması və sitrus meyvə bağlarının genişləndirilib 1000 hektara çatdırılması nəzərdə tutulur.
Rayonda çəltikçiliyin inkişafına da böyük diqqət göstərilir. Ötən il 826 hektar sahədə çəltik əkini keçirilib, əkin sahələrinin genişləndirilməsi hesabına işə cəlb olunanların sayı da artıb. Cari ildə çəltik sahələrinin genişləndirilərək 1000 hektara çatdırılması üçün hazırlıq işləri görülür. Ötən dövrdə “Beta” şirkəti tərəfindən Osaküçə kəndində çay sahələri genişləndirilərək 50 hektara çatdırılıb. Ümumilikdə, ötən il rayonda 27 hektar sahədə yeni çay plantasiyaları salınıb.
“Fruit Garden” MMC tərəfindən Türkiyədən gətirilmiş 92 min ədəd sitrus meyvə ağacları Separadi kəndində 150 hektar sahədə müasir texnologiyaya uyğun əkilib, damcı üsulu ilə yeni suvarma şəbəkəsi və respublikada ilk dəfə olaraq şaxtanın təsirini azaldan “Donqoruyucu Pərvanə” mexanizmi quraşdırılıb. Hazırda təsərrüfatda aqrotexniki tədbirlər davam etdirilir. 
Tarixin müəyyən dövrlərində Lənkəranda xalçaçılıq geniş yayılıb. Ötən payız burada dövlət başçısının xeyir-duası ilə “Azərxalça” ASC-nin filialının istifadəyə verilməsi ənənənin bərpası baxımından önəmlidir. Lənkəranın palaz və vərni (qayıqlı kilim) istehsalı mərkəzi kimi tanınması, Səfəvilər dövründə burada xalçaçılığın inkişaf etməsi, məşhur “Bəhmənli” xalçalarının toxunması tarixi faktlardandır. Digər nəfis Qafqaz xalçalarının da bəzi növləri bu ərazidə araya-ərsəyə gətirilib, toxunub. Lənkəran xalçalarında qutu-gül haşiyələrinin, əjdaha formalarının həndəsi abstraksiyasının olması səciyyəvi cəhət sayılıb. 
Yenicə tikilib istifadəyə verilən filialda zövqlü və məhsuldar iş üçün hər cür şərait yaradılıb. Burada Lənkəran şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləri olan 150-dək toxucu və 14 inzibati-təsərrüfat işçisi çalışır. Emalatxanada müxtəlif ölçülü 43 dəzgah var. Əsasən Astara, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarının kəndlərində toxunan orijinal çeşnilərə üstünlük verilir.
Bu ilin əvvəlindən rayonda iqtisadiyyatın və sosial sferanın inkişafına 9,6 milyon manat investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi 8,8 milyon manat olub. Prezidentin müvafiq sərəncamına əsasən rayonda 135 nəfəri qadın olmaqla 1120 nəfər kommunal sahələrdə haqqı ödənilən ictimai işlərə cəlb edilib, eyni zamanda, Regional qaz idarəsində 135, Regional elektrik şəbəkəsində 55, ümumilikdə 1310 iş yeri açılıb. Təqdirəlayiq haldır ki, haqqı ödənilən ictimai işlərə cəlb olunanlar təkcə Lənkəran şəhərini və ətraf kəndləri deyil, rayonun digər ərazilərində işləməyə ehtiyacı olan vətəndaşları da əhatə edir. 
Məşğulluq Mərkəzində isə 2072 nəfər iş axtaran kimi qeydiyyata götürülüb ki, onlardan 800 nəfəri qadındır. İşlə təmin edilmək üçün 261 nəfəri qadın olmaqla 1321 nəfərə göndəriş, 8 nəfərə işsizlik statusu verilib. Hazırda rayon üzrə 173 nəfər özünüməşğulluq proqramına cəlb olunub. Cari ildə daha 250 nəfər iş axtaran vətəndaşın özünüməşğulluq layihələrinə cəlb edilməsi nəzərdə tutulur. Şəhər icra hakimiyyəti tərəfindən aztəminatlı ailələrə onların müraciətlərinə əsasən 45 min manatlıq ərzaq məhsulları, tikinti materialları və maddi yardımlar verilib.
Hazırda Prezidentin müvafiq sərəncamı ilə ayrılmış 2,9 milyon vəsait hesabına, 11 min əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən 7 kilometr uzunluğunda Hirkan-Mamusta-Siyavar kəndlərarası magistral avtomobil yolunun tikintisi davam etdirilir. Həmçinin 55 kilometr uzunluğunda Lənkəran-Lerik magistral avtomobil yolunun tikintisinə 14,2 milyon manat vəsait ayrılıb və hazırda orada da işlər sürətlə gedir. Bu yolun istifadəyə verilməsi iki rayon ərazisindəki dağ kəndlərinin sosial-infrastrukturunun daha da yaxşılaşmasına, bölgəyə turizm axınının güclənməsinə imkan yaradacaq. Bu il Lənkəran şəhərində yarımçıq qalmış kanalizasiya xətlərinin tikintisi işlərinin davam etdirilməsi nəzərdə tutulmuşdur.
Rayonun Sütəmurdov, Digah və Şiləvar kəndlərində içməli su xətləri çəkilir. Yaşıllaşdırma müəssisəsi tərəfindən küçə, park və meydanlarda 10 min ədəd dekorativ ağac və gül kolu, 7 min ədəd ağac əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib. “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi ilə bağlı Prezident İlham Əliyevin tapşırıqları üzrə Lənkəran rayonunda da müvafiq tədbirlər həyata keçirilir. Hazırda rayonun 18 istehsal müəssisəsi tərəfindən “Azexport.az” saytına 98 çeşiddə məhsulun adı yerləşdirilib. 
Təhsil müəssisələrinin maddi-texniki bazası da durmadan möhkəmləndirilir. Lənkəran Dövlət Universiteti üçün əlavə tədris korpusu və yataqxana tikilir. Şıxakəran kəndində 432 yerlik məktəbin tikintisi sürətlə aparılır. Bundan əlavə, Köhnəgəgir kəndində 40, Jidi kəndində 46, Alazəpin kəndində 20 və Türkəncil kəndində 80 yerlik modul tipli məktəblər quraşdırılır. Təhsil Nazirliyi tərəfindən 264 yerlik Gəgiran kənd orta məktəbinin tikintisinə hazırlıq görülür. Ümumilikdə, bu məktəblərin istifadəyə verilməsi nəticəsində 882 şagird yeni, müasir tipli məktəblərdə təhsilini davam etdirəcək. 
Ötən il Prezident İlham Əliyevin xeyir-duası ilə açılmış Lənkəran Olimpiya İdman Kompleksi gənclərə misilsiz bir hədiyyə olub, idmana marağı daha da artırıb. Bu il respublika səviyyəli idman yarışlarında uğurla çıxış edən rayon idmançılarından 19 nəfəri 1-ci, 14 nəfəri 2-ci və 18 nəfəri 3-cü yerə layiq görülüb. 
Turizm məkanı kimi tanınan Lənkərana ötən il 20 min nəfərdən artıq turist gəlib və onların 15 faizini xarici vətəndaşlar təşkil edib. Burada “Xəzər Palase”, “Starway”, “Palma İife”, “Palıdlı Sahil”, “Qafqaz Sahil”, “Qala”, “Lyuks Lənkəran” və sair kimi müasir otellər var. Mənalı istirahət, mədəni tədbirlər, səviyyəli xidmət, bölgənin görməli yerlərinə ekskursiyalar, misilsiz təamlar, dəniz qonaqların qəlbində silinməz izlər buraxır.
Lənkəranın sorağı uzaq Amerikadan da gəlir. ABŞ-ın Kaliforniya ştatının Lənkəranla qardaşlaşmış Monterey şəhərində Monterey–Lənkəran Dostluq Assosiasiyası fəaliyyət göstərir. Bu təşkilatın icraçı direktoru Nensi Selfric oktyabrda Lənkərana səfərə gəlmişdi. İcra başçı Taleh Qaraşovla görüş zamanı ABŞ-Azərbaycan əlaqələri çərçivəsində Monterey və Lənkəran şəhərlərinin dostluq münasibətlərinin inkişafından razılıq ifadə olunub. Son illər rayonda mədəni quruculuq və turizm sahələrində böyük uğurlar qazanıldığı, aqrar sahənin inkişaf etdiyi qonağın diqqətinə çatdırılıb. İki şəhərin əməkdaşlığının perspektivləri müəyyənləşdirilib. Sonra qonaq Mədəniyyət Mərkəzində “Nənələr” folklor ansamblının, “Çayçı qızlar” rəqs qrupunun, muğam üçlüyünün çıxışlarını seyr edib. 
Bu yaxınlarda isə Küveytin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səid Əbdüləziz Əlrumi Lənkəranda tanışlıq səfərində olub. Lənkəran rəhbəri ilə görüşən qonağa rayon barədə ətraflı məlumat verilməklə bərabər, Azərbaycan–Küveyt dostluq və əməkdaşlıq əlaqələri çərçivəsində müxtəlif sahələrdə, xüsusilə turizm sahəsində birgə işin qurulması perspektivləri barədə fikir mübadiləsi aparılıb. Həmin gün səfir Lənkəran şəhərinin görməli yerlərinə baxmaq üçün Heydər Əliyev xatirə parkında, Heydər Əliyev Mərkəzində, Tarix-diyarşünaslıq muzeyində, Xalça fabrikində, Hirkan Milli Parkı ərazisində yerləşən Xanbulan dəryaçasında, Olimpiya İdman Kompleksində, İstisu Müalicə Mərkəzində, “Green East” çəltikçilik təsərrüfatında olub və şəhərin dənizsahili turizm əraziləri ilə tanış olub.
İlin birinci rübünün hesabat yığıncağında icra hakimiyyətinin başçısı Taleh Qaraşov deyib ki, ilk üç ayda görülən işlər illik uğurlar üçün etibarlı təməl olub. İndi əsas vəzifə həmin təməlin üzərində zəfər mərtəbələri ucaltmaqla etimadı doğrultmaqdan, camaatın güzəranını daha da yaxşılaşdırmaq üçün səyləri ikiqat artırmaqdan ibarətdir. Rayonda hər kəsin məhz bu əzmdə olması yeni zirvələrin fəthinə inamı artırır.
Bölgənin yaxşı nəqliyyat infrastrukturu var. İndi Lənkəran hava limanından Moskvaya təyyarə reysləri işləyir. Bakı–Astara istiqamətində və geriyə qatarlar gündəlikdir. “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yeni yaradılmış Ələt–Astara–İran sərhədi avtomobil yolu ilə hərəkət etmək də ayrıca zövqdür. Özünəməxsus özəllikləri olan qonaqpərvər cənub şəhərinə axın günbəgün güclənir. Siz də kənarda qalmayın. Gəlsəniz, yaxşı istirahət edəcək, gözəlliklərə valeh olacaq və zəngin təəssüratlarla qayıdacaqsınız. 

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

 

18 2019 22:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə