Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT rəsmisi: İdlibdə genişmiqyaslı hərbi əməliyyatlar ağır faciəyə səbəb olacaq

BMT rəsmisi: İdlibdə genişmiqyaslı hərbi əməliyyatlar ağır faciəyə səbəb olacaq

BMT Baş katibinin humanitar məsələlər üzrə müavini, fövqəladə hallar üzrə koordinator Mark Loukak bildirib ki, Suriyanın İdlib vilayətində genişmiqyaslı hərbi əməliyyatlar başlansa, bu, XXI əsrin ən böyük faciəsinə səbəb olacaq. Məlumatı “Anadolu” agentliyi yayıb. 

M.Loukak BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib: “Bizim dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq, təəssüf ki, bölgədə ən pis ssenarilər üzrə təhlükələr reallaşmağa başlayır”. 
BMT rəsmisi vurğulayıb ki, son həftələr ərzində İdlib şəhərini tərk etməyə məcbur olan 180 min sakindən təxminən 100 min nəfəri Suriya daxilində müxtəlif qaçqın düşərgələrində yerləşdirilib. Digər 80 min nəfər isə heç bir sığınacaq tapmadan, sözün hərfi mənasında, açıq səma altında qalaraq, çox acınacaqlı vəziyyətə düşüb.
M.Loukakın sözlərinə görə, son günlər Suriya ordusunun hücumları nəticəsində bölgədə azı 18 tibb müəssisəsi hava zərbələrinə məruz qalıb. Həmin binaların, demək olar ki, hamısına ciddi zərər dəyib və onları bərpa edərək istifadə etmək qeyri-mümkündür. 
Qeyd edək ki, Suriyanın şimalında, Türkiyə sərhədi yaxınlığında yerləşən İdlibdə vəziyyətin kəskinləşməsi Ankaranı ciddi narahat edir. Bir neçə gün əvvəl bu məsələ ilə bağlı Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub. İki gün əvvəl isə Türkiyənin milli müdafiə naziri Hulusi Akar problemi rusiyalı həmkarı Sergey Şoyqu ilə telefonda müzakirə edib. 
Türkiyə və Rusiya rəsmiləri İdlibdə deeskalasiya zonasının yaradılması ilə bağlı iki il əvvəl Soçidə imzalanmış razılaşma üzrə öhdəliklərinə əməl edəcəklərini vəd ediblər. 

M.HACIXANLI, “Xalq qəzeti” 

18 2019 22:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə