Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

18 May – Beynəlxalq Muzeylər Günüdür

Muzeylər tarfixi yaddaşımızın saxlanc yeridir

18 May – Beynəlxalq Muzeylər Günüdür

Xalqımızın ən qədim zamanlardan müasir dövrədək tarixini və mədəniyyətinin inkişaf yolunu əks etdirən Azərbaycan muzeyləri ölkəmizdə zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rol  oynayır. Bu gün muzeylərimiz nadir sənət incilərinin və milli sərvətlərin nümayiş etdirildiyi geniş bir şəbəkəyə malik olub, respublikamızın bütün bölgələrini əhatə edir.                                                                                                  

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuşdur. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Beynəlxalq Muzeylər Gününün əsas məqsədi cəmiyyətin həyatında  muzeylərin  nə qədər mühüm bir rol oynadığını göstərməkdir. Bu bayram dünyanın 100-dən artıq ölkəsində qeyd edilir.

Beynəlxalq Muzeylər Günündə insanlar muzeyləri gəzərək milli mədəniyyət və tarix haqqındakı məlumatlarını daha da zənginləşdirirlər. Hər il müxtəlif devizlərlə keçirilən bu bayram muzey əməkdaşlarını birləşdirir, ictimaiyyətin diqqətini muzeylərə cəlb edir. Bayram günü muzeylər öz qapılarını tamaşaçıların  üzünə açır və yaşından, vəzifəsindən asılı olmayaraq insanlara pulsuz xidmət göstərilir. Tarixi, maddi və mənəvi abidələrlə zəngin olan ölkəmizdə də Beynəlxalq Muzeylər Günü qeyd edilir.

Tarixi qaynaqlardan məlumdur ki, muzeylər zamanın müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinədir. Muzeylərin əsas vəzifəsi əşyaların və eksponatların, sadəcə, qorunub öyrənilməsi deyil, həm də onu təbliğ etməkdən ibarətdir.

Azərbaycanda muzeylərin təşəkkül tapmasının əsası XX əsrin ikinci onilliyinin əvvəllərində qoyulmuşdur. “Doğma diyarın öyrənilməsi muzeyi” adlanan ilk muzey 1920-ci ildə Bakıda, ilk memorial muzey isə 1938-ci ildə Şəkidə yaradılmışdır.

Ötən əsrin 30-cu illərindən etibarən bir-birinin ardınca mahiyyətinə görə müxtəlif təmayüllü – dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq, teatr muzeyləri yaradılmışdır. Bu muzeylər sırasında tanınmışlardan Nəriman Nərimanov, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Cəlil Məmmədquluzadə və digərlərinin ev-muzeyləri də vardır. Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin mülkündə yerləşən Milli Azərbaycan Tarix Muzeyinin binasının özü də Azərbaycan tarixinin keçmişindən xəbər verən daş abidə kimi qiymətlidir.

Təəssüf ki, maddi-mənəvi xəzinəmiz sayılan neçə-neçə tarixi abidəmiz, muzeylərimiz ötən əsrin 90-cı illərində erməni işğalçıları tərəfindən zəbt edilərək ya qarətə, ya da dağıntıya məruz qalmışdır. Yeraltı, yerüstü sərvətlərimiz, var-dövlətimiz, tarixin daş yaddaşı sayılan abidələrimiz, muzeylərimiz, mədəniyyət ocaqlarımız, Azərbaycan qadınının duyğu və düşüncələrinin əksi olan qədim xalça məmulatları talançıların əlinə keçərək mənimsənilmişdir. İşğal olunmuş ərazilərdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalmışdır. Erməni talançıları 22 muzeyi, 4 rəsm qalereyasını yoxa çıxarmışlar. Canlı muzey olan Şuşanın özündə 8 muzey fəaliyyət göstərmişdir.

Ölkəmizdə bu sahənin inkişafı, muzeylər şəbəkəsinin yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz həmişə muzeylərə böyük önəm vermiş, bu sahəyə də diqqət və qayğı ilə yanaşmışdır.

2000-ci il martın 24-də qüvvəyə minmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bunlarla bağlı münasibətləri tənzimləyir.

Bu gün Prezident İlham Əliyev tərəfindən bu sahədə uğurlu addımlar atılır, böyük layihələr həyata keçirilir.

Hazırda Azərbaycanda 200-dən çox muzey fəaliyyət göstərir. Dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında” 2006-cı il 18 dekabr və “Müasir İncəsənət Muzeyinin yaradılması haqqında” 2006-cı il 19 dekabr tarixli sərəncamları muzey işinə dövlət qayğısının aydın təzahürüdür. Prezident İlham Əliyevin “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli sərəncamı, 2009-cu il 22 may tarixli ərəncamı ilə təsdiq edilmiş “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı” və digər normativ aktlar bu sahədə hüquqi bazanın formalaşdırılmasının əyani ifadəsidir, Azərbaycan Xalça Muzeyinin müasir tələblərə, beynəlxalq standartlara cavab verməsi üçün yeni binanın inşa edilməsi də  muzey işin ə  göstərilən qayöının nəticəsidir. Son dövrlər yaradılan muzeylərin sırasında ölkənin əksəriyyət şəhər və rayonlarında inşa edilmiş Heydər Əliyev Mərkəzlərini xüsusi qeyd etmək lazımdır.

Artıq  mayın  17-dən  bu bayram münasibətilə  tədbirlərin keçirilməsinə  start  verilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı və Park Bulvar AVM-nin dəstəyi ilə keçirilən tədbilərdə ölkəmizin 12 muzeyi 3 gün (17-19 may) ərzində qonaqlara müxtəlif proqramlar təqdim etməyə başlasmışlar.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

18 2019 12:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə