Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Şimal – Cənub” dəhlizi ilə keçən ildəkindən 100 dəfə çox yük daşınıb

“Şimal – Cənub” dəhlizi ilə keçən ildəkindən 100 dəfə çox yük daşınıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə daha da inkişaf etdirilməsini sürətləndirəcək. Bunu dövlətimizin başçısının mətbuata bəyanatında səsləndirdiyi fikirlər, eləcə də görüşlər zamanı müzakirə edilən və razılaşdırılan məsələlər də aydın göstərir.  
Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın böyük potensialı var. Rusiya Prezidentinin qeyd etdiyi kimi, ötən ilin yekununa görə, iki ölkə arasında əmtəə dövriyyəsi, demək olar ki, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib.
Soçi görüşlərində deyildiyi kimi, Rusiya ilə Azərbaycanın birgə nəqliyyat layihələri çoxsaylı ölkələri əhatə edəcək. Bununla ölkələrimizin tranzit imkanları artacaq, minlərlə yeni iş yeri yaradılacaq. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu il Şimal-Cənub nəqliyyat dəhlizi ilə keçən illə müqayisədə 100 dəfə çox yük daşınması da iki ölkənin birgə nəqliyyat layihələrinin uğurla reallaşmasından xəbər verir.
Yeri gəlmişkən, Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın getdikcə artan potensialı ilə bağlı bir faktı da xatırlatmaq istərdim. Hazırda sözügedən qonşu dövlət qeyri-neft sahəsinin azərbaycanlı ixracatçıları üçün birinci yerdədir. Başqa sözlə, bu, iki ölkə arasında ticari-iqtisadi sahədə əmtəə dövriyyəsinin dinamik şəkildə artmasını, inteqrasiya əlaqələrinin möhkəmlənməsini aydın şəkildə göstərir. 
Azərbaycan Prezidenti İlham Əliyev  mətbuata bəyanatında da bu barədə bildirib: “Bizi həm dəmir yolları, həm avtomobil yolları, həm də çox fəal sərnişin və yükdaşımaları üçün hava yolları birləşdirir. Biz ölkələrimiz, eləcə də qonşularımız üçün yeni nəqliyyat imkanları yaradılması üzrə gələcək addımlarımızı ətraflı müzakirə etdik. Vladimir Vladimiroviç “Şimal-Cənub” layihəsinin reallaşdırılmasının vacibliyini qeyd etdi. Azərbaycan da öz tərəfindən ölkə ərazisində bu istiqamətdə bütün mühüm infrastruktur layihələrini həyata keçirib. Bu il “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə keçən illə müqayisədə 100 dəfə çox yük daşınıb. Bu, hələ başlanğıcdır, çünki bu genişmiqyaslı qlobal layihə çoxsaylı ölkələri və qitələri əhatə edəcək. Beləliklə, ölkələrimizin tranzit imkanları artacaq, minlərlə yeni iş yeri yaradılacaq”.
Göründüyü kimi, bu gün Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşdır. İki ölkə qarşılıqlı şəkildə bir-birinə investisiya yatırır. Sənaye, nəqliyyat sektoru, turizm üzrə birgə layihələr reallaşdırılır. Azərbaycanın əlverişli geostrateji mövqeyi, nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşməsi isə    bu resurs və imkanlardan daha səmərəli şəkildə faydalanmasına şərait yaradır.  
 

Vəkil HÜSEYNOV, 
Azərbaycan Dövlət İqtisad 
Universitetinin professoru

3 2018 22:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə