Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Rusiya ilə ənənəvi dostluq və əməkdaşlığı uğurla davam etdirir

Azərbaycan Rusiya ilə ənənəvi  dostluq və əməkdaşlığı uğurla davam etdirir

Münaqişənin tezliklə həlli bizim vətəndaşlarımızın öz tarixi torpaqlarına qayıtmalarına imkan verər, həmçinin bizim regiona sülh, sabitlik və əməkdaşlıq gətirər. Rusiya, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi tənzimləmə işində mühüm rol oynayır. Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Biz ümid edirik ki, münaqişənin ­nizamlanmasında Rusiyanın səyləri davam edəcək.
İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti
 Soçi, 1 sentyabr 2018-ci il

 

 

Əlbəttə ki, biz beynəlxalq və regional problemlərlə bağlı fikir mübadiləsi apardıq. Xüsusən, təbii ki, Dağlıq Qarabağ probleminə də toxunduq. Minsk qrupunun həmsədri kimi Rusiya bu münaqişənin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcək.
Vladimir PUTİN 
Rusiya Federasiyasının Prezidenti
Soçi, 1 sentyabr 2018-ci il

 

Adətən, Azərbaycan – Rusiya dostluq və tərəfdaşlıq münasibətləri haqqında qəzet materialı hazırlayanda və ya dövlət başçılarının qarşılıqlı səfərlərini şərh edəndə mütləq bu əməkdaşlığın tarixçəsinə nəzər salır, bir sıra faktları xatırladırıq. Ancaq indi hesab edirik ki, həmin ənənənin təkrarlanmasına ehtiyac yoxdur. Çünki Bakı ilə Moskva arasındakı əməkdaşlığın, tərəfdaşlığın tarixini hər iki ölkədə uşaqdan böyüyə, az qala hamı bilir. Bir də ki, həmin münasibətlərin səviyyəsini indiyədək olan tarixçələrə istinadən deyil, prezidentlərin sentyabrın ilk günündə mətbuat qarşısında səsləndirdikləri bəyanatlara istinadən qələmə almaq daha doğru addımdır. 
Qeydlərimizi həmin münasibətlərin səviyyəsini, əməkdaşlığın səmərəsini göstərən iki məqamı xatırlatdıqdan sonra davam etdirəcəyik. Məsələn, cənab Putin öz bəyanatında dedi ki, Azərbaycan bazarında təxminən 700 birgə müəssisə, onlardan da üçdə biri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir. Sahibkarlıq birlikləri arasında, o cümlədən kiçik və orta biznes xətti ilə əlaqələr genişlənir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib.
 Fikrimizcə, təkcə bu fakt ölkələr arasındakı əməkdaşlığın səviyyəsini tam ifadə edir. Həmin əməkdaşlığın səmərəsinin ifadəsinə gəlincə isə, Soçidə qeyd edildi ki, bu il “Şimal – Cənub” nəqliyyat dəhlizi ilə ötən illə müqayisədə 100 dəfədən çox yük daşınıb. Bizcə, indiyədək heç bir hesabatda belə göstəricinin şahidi olmamışıq. Çünki iqtisadi artımlar adətən yüz faiz, yüz əlli faiz, iki dəfə, beş dəfə – deyə qeyd edilir. İndi isə artım 100 dəfə ilə ifadə olunur. Daha uğurlu olsun! 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 1-də Rusiyaya reallaşdırdığı rəsmi səfəri bir neçə cəhətdən əlamətdar oldu. Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın səylərini davam etdirəcəyi barədə bilavasitə Vladimir Putinin dilindən bəyanat verilməsi, iqtisadi əməkdaşlığa dair yol xəritələri barədə razılaşmalara nail olunması, hərbi-texniki əməkdaşlığın perspektivlərinin müzakirə edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsində Rusiya hərbi sənayesinin nailiyyətlərindən istifadə edilməsi barədə fikir mübadilələri və bir çox bu kimi, digər məsələlər dünya mətbuatı tərəfindən maraqla işıqlandırıldı. 
Təbii ki, bütün bunların reallaşdırılması üçün ilk növbədə tərəflər arasında imzalanan rəsmi sənədlərin əhatə dairəsinin genişləndirilməsi zərurəti var idi. Dövlət başçımızın Soçi səfəri çərçivəsində həmin zərurət yüksək səviyyədə nəzərə alındı və çoxsaylı yeni müqavilələr imzalandı. 
Dövlət başçıları “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat”ı imzaladıqdan sonra müvafiq qurum rəhbərləri 15-ə yaxın müqavilə, saziş, memorandum, protokol və fəaliyyət planı imzaladılar. Ekspertlərin fikrincə, həmin razılaşmaların hər biri ayrı-ayrılıqda mühüm əhəmiyyət kəsb etsə də, “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” və “Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında 2024-cü ilədək əməkdaşlıq Proqramı” adlı sənədlər qarşılıqlı əməkdaşlığa daha böyük perspektivlər vəd edir. 
Sənədlərin imzalanması mərasimi başa çatandan sonra Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata bəyanatlarla çıxışında da məhz həmin perspektivlərdən söz açılırdı. 
Rusiya Prezidenti öz bəyanatında qeyd etdi ki, Azərbaycan Prezidenti ilə imzalanan Birgə Bəyanat, həmçinin hökumətlərarası və idarələrarası sanballı sazişlər paketi məhz bu əməkdaşlığın daha da dərinləşdirilməsinə istiqamətlənib: “İlk növbədə, əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planını qeyd edirəm. Bu proqram sənədə ticarətin və qarşılıqlı sərmayələrin artırılması, nəqliyyat marşrutlarının yaradılması, eləcə də humanitar qarşılıqlı fəaliyyətin, o cümlədən mədəni və turizm mübadilələrinin genişləndirilməsi kimi mühüm məsələlər üzrə belə adlandırılan yol xəritələri daxildir”.
Rusiya Prezidenti xüsusi olaraq qeyd etdi ki, mədəniyyət və təhsil sahəsində ikitərəfli əlaqələrin zənginliyini məmnunluqla qeyd edirik. Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır. Onlardan minə yaxını Rusiya Federasiyasının Federal büdcəsi hesabına təhsil alır. Hər il Azərbaycan vətəndaşlarına 200-dən çox təqaüd verilir. Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə yaradılan Bakı Beynəlxalq Humanitar Forumunun iclasları müntəzəm keçirilir. Forumun ilin sonunda Bakıda keçiriləcək növbəti 6-cı iclasına 500-dən çox iştirakçının gələcəyi gözlənilir.
Azərbaycan və Rusiya prezidentlərinin görüşlərinin müntəzəm xarakter daşıdığını xatırladan İlham Əliyev qeyd etdi ki, biz son üç ayda üç dəfə görüşmüşük: “Bu, üçüncü görüşümüzdür. İyunda Moskvada futbol üzrə dünya çempionatı ərəfəsində, avqustda Qazaxıstanda və bu gün Soçidə görüşürük. Fürsətdən istifadə edib, Rusiyanı həmin qlobal beynəlxalq tədbiri uğurla keçirməsi, Rusiya yığmasını dünya çempionatında parlaq çıxışı münasibətilə bir daha təbrik etmək istərdim”.
Dövlət başçımız qeyd etdi ki, prezidentlər arasında müntəzəm əlaqələr bizim çox möhkəm bazaya əsaslanan münasibətlərimizə dinamizm verir. Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir: “Bu münasibətlər həyatımızın bütün sahələrini əhatə edir və bu gün mənim səfərim zamanı biz ikitərəfli münasibətlərimizin bir çox aspektlərini, beynəlxalq problemləri ətraflı şəkildə müzakirə etdik... Müzakirə etdiyimiz məsələlər arasında regional təhlükəsizlik məsələləri, ilk növbədə, uzun müddət davam edən və Azərbaycan xalqının böyük iztirablarına gətirib çıxarmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi mühüm yer tutur. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış əraziləri erməni işğalı altındadır. Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”. 
Qeyd edildi ki, Azərbaycan tərəfi ölkələrimiz, eləcə də qonşularımız üçün yeni nəqliyyat imkanları yaradılması üzrə gələcək addımların ətraflı müzakirə edilməsini alqışlayır. Prezident dedi: “Vladimir Vladimiroviç “Şimal-Cənub” layihəsinin reallaşdırılmasının vacibliyini qeyd etdi. Azərbaycan da öz tərəfindən ölkə ərazisində bu istiqamətdə bütün mühüm infrastruktur layihələrini həyata keçirib. Bu il “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə keçən illə müqayisədə 100 dəfə çox yük daşınıb. Bu, hələ başlanğıcdır, çünki bu genişmiqyaslı qlobal layihə çoxsaylı ölkələri və qitələri əhatə edəcək. Beləliklə, ölkələrimizin tranzit imkanları artacaq, minlərlə yeni iş yeri yaradılacaq”.
Qeyd edək ki, Soçi görüşündəki müzakirələrdə humanitar sahədəki əməkdaşlıq da xüsusi yer tuturdu. Qeyd edildi ki, Azərbaycanda rus mədəniyyətinə, rus dilinə, əsrlər boyu xalqlarımızı birləşdirmiş və bu gün də birləşdirən nə varsa, hamısına çox qayğı ilə yanaşırlar. Azərbaycanda təhsilin rus dilində olduğu 340-dan çox məktəb fəaliyyət göstərir, Rusiyanın aparıcı universitetlərinin iki filialı mövcuddur. Dövlət başçımız qeyd etdi ki, bu gün biz humanitar, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın möhkəmlənməsinə dair gələcək addımlarımızı müzakirə etdik, o cümlədən idman sahəsində imzalanmış sənədlər ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq. Başqa sözlə, ölkələrimiz arasında tamdəyərli tərəfdaşlıq, dostluq, mehriban qonşuluq münasibətləri var.
Fikrimizcə, dövlət başçımızın Rusiya Federasiyasına rəsmi dövlət səfərinin nəticələri barədə hazırladığımız sətirləri cənab Prezidentin bəyanatından seçdiyimiz bir cümlə ilə yekunlaşdırmağımız tamamilə yerinə düşür: “Mehriban dostlar və qonşular arasında münasibətlər belə də olmalıdır”.

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

3 2018 22:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə