Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsrailli məşqçi: Bakı Milli Gimnastika Arenası dünyada ən yaxşı arenadır

İsrailli məşqçi: Bakı Milli Gimnastika Arenası dünyada ən yaxşı arenadır

Bədii gimnastika üzrə İsrail milli komandasının baş məşqçisi Ayelet Zussman bildirib ki, Bakı Milli Gimnastika Arenası dünyada ən yaxşı arenadır.

Ayelet Zussman Bakını çox bəyəndiklərini deyib: “Hər dəfə biz buraya gələndə, sanki öz  evimizə gəldiyimizi düşünürük, çünki burada çox vaxt keçiririk. Biz bir ay əvvəl məşqə gəlmişdik, bir neçə həftə əvvəl isə Dünya Kubokunda iştirak etmişdik”.

Məşqçi bildirib ki, bədii gimnastika üzrə 35-ci Avropa çempionatının yaxşı keçəcəyinə ümid edir.

Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir.

Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Yarışların ilk günü gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlayıb. Mayın 17-də isə böyük gimnastlar öz güclərini sınayıblar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edirlər.

Azərbaycanı Avropa çempionatında yeniyetmələr arasında Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

 

“Xalq qəzeti”

17 2019 17:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə