Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şamaxıda ölkə başçısının rayona son səfəri ilə əlaqədar yığıncaq keçirilib

Şamaxıda ölkə başçısının rayona son səfəri ilə əlaqədar yığıncaq keçirilib

“Prezident İlham Əliyevin Şamaxıya səfəri zamanı rayonun sosial-iqtisadi həyatı üçün mühüm əhəmiyyətə malik olan istehsal və xidmət obyektlərinin açılışı, səfərdən sonra imzaladığı sərəncamlar rayon ictimaiyyəti tərəfindən böyük minnətdarlıqla qarşılanmışdır”.
Bu fikirlər ölkə başçısının Şamaxıya son səfəri və verdiyi tapşırıq, imzaladığı sərəncamlarla əlaqədar qarşıda duran vəzifələrə həsr edilən fəallar yığıncağında səsləndirilmişdir.
Yığıncağı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Prezident İlham Əliyevin sərəncam, tapşırıq və tövsiyələrinin icrası ilə bağlı fikirlərini bildirmiş, müxtəlif istiqamətlər üzrə hazırlanan fəaliyyət proqramlarından və planlardan danışmışdır. Qeyd etmişdir ki, bir sıra kəndlərə qaz çəkilişi, istehsal, sosial və təhsil obyektlərinin, yolların tikintisi ilə bağlı ilkin layihə işlərinə, torpaq ayrılmasına başlanılmışdır. Əminliklə bildirmişdir ki, dövlətimizin başçısının sərəncam, tapşırıq və tövsiyələrindən irəli gələn vəzifələr layiqincə, vaxtında icra olunacaqdır.
Natiq xüsusi olaraq vurğulamışdır ki, avqustun 25-26-da Şamaxıya səfər zamanı, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir sıra obyektlərin, o cümlədən Meysəri kəndində kənd tam orta məktəbinin yeni binasının, “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin, Dəmirçi kəndində Arxeologiya Muzeyinin və yeni Dəmirçi-Lahıc avtomobil yolunun açılışlarında iştirak etmiş, “Şirvan şərabları” MMC-nin kollektivi ilə görüşmüşlər.
Bildirilmişdir ki, avqustun 27-də Şamaxı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, “ASAN xidmət” mərkəzinin və rayonun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi avtomobil yolunun tikintisi ilə bağlı sərəncamların imzalanması dövlətimizin başçısının Şamaxıda, ümumən regionlarda sosial-iqtisadi infrastrukturun möhkəmləndirilməsinə, insanlara qarşı diqqət və qayğısının bariz nümunəsidir.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov, Dəmirçi kənd bələdiyyəsinin sədri Kərəm Şükürov, Meysəri kənd tam orta məktəbinin direktoru Emil Sayılov, Qaleybuğurd bələdiyyəsinin sədri Qahir Sadıqov və icra hakimiyyəti başçısının Mərzəndiyə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səfa Səmədov fəallar yığıncağında çıxış etmiş, cənab İlham Əliyevin səfərinin bölgənin sosial-iqtisadi inkişafına güclü təkan verəcəyini söyləmiş, dövlətimizin başçısının Şamaxı ilə bağlı imzaladığı sərəncam, verdiyi tapşırıq və tövsiyələrin icrası üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirmişlər.
Yığıncaqda müzakirə olunan məsələ ilə əlaqədar hazırlanan fəaliyyət istiqamətlərinə dair proqramlar və tədbirlər planı təsdiqlənmişdir.
Fəallar yığıncağının iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul etmişlər.

İlqar HƏSƏNOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri

3 2018 22:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Aprel 2019 | 13:39
Sosial islahatların uğurları

Ən son xəbərləri səhifəmizdən də izləyin