Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Regional nəqliyyat-kommunikasiya sistemində Azərbaycanın rolu artır

Regional nəqliyyat-kommunikasiya sistemində Azərbaycanın rolu artır

Nəqliyyat sisteminin inkişafı hər bir ölkənin iqtisadi həyatında xüsusi önəm daşıyır. Son illər respublika səviyyəsində yolların yenidən qurulması, bərpası və genişləndirilməsi, körpülərin, yol ötürücülərinin, yeraltı keçidlərin, habelə, çoxmərtəbəli və yeraltı avtomobil dayanacaqlarının tikilməsi uğurla həyata keçirilir. Xüsusilə də beynəlxalq nəqliyyat-kommunikasiya tranzit dəhlizlərinin yaradılması və perspektiv dəhlizlərin formalaşdırılması istiqamətində aparılan düşünülmüş siyasət nəticəsində Azərbaycanın istər regional, istərsə də qlobal nəqliyyat sistemində geosiyasi çəkisi artır və bu proses postneft dövrünün çağırışlarına adekvat reaksiya verilməsinə öz müsbət təsirini göstərir.
Azərbaycanın iqtisadi qüdrətinin artmasında nəqliyyat növlərini əhatə edən beynəlxalq və regional layihələrin əhəmiyyəti böyükdür. Məhz bu layihələr dünya bazarlarına çıxışa imkan yaratmaqla, həm də ümumi iqtisadi inkişafa ciddi təkan verir. Ölkəmizin beynəlxalq nəqliyyat-kommunikasiya layihələrində iştirakı strateji əhəmiyyət kəsb edir. Ona görə ki, Azərbaycanın Avropa və Asiya ilə iqtisadi əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi, dünya iqtisadiyyatına inteqrasiyası və beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün böyük imkanlar yaradır. Bundan başqa, belə layihələr həm də Azərbaycanın nəqliyyat sisteminin, eləcə də milli iqtisadiyyatın inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. 
Avropa ilə Asiyanı birləşdirən ən qısa nəqliyyat marşrutlarının kəsişməsində əlverişli geostrateji mövqedə yerləşməsi də Azərbaycanı ölkələrarası iqtisadi əlaqələrin yaradılmasında və gücləndirilməsində vacib aktorlardan birinə çevirmişdir. Beynəlxalq iqtisadi əlaqələrin inkişafına təkan verəcək layihələrin reallaşmasına öz töhfəsini əsirgəməyən Azərbaycan son illər ərzində nəqliyyat sektorunun texniki təchizatının yaxşılaşdırılması sahəsində bir sıra tədbirlər həyata keçirmiş, avtomobil magistrallarının, dəmir yolu xətlərinin və körpülərin bərpası və tikintisi, dəmir yolu nəqliyyatı vasitələrinin, gəmilərin, bərələrin, liman qurğularının təmiri üzrə genişmiqyaslı işlər görmüşdür.
Bazar iqtisadiyyatının inkişaf etməsi şəraitində nəqliyyat sistemində davamlı və dinamik inkişafın təmin olunması hər bir ölkənin sosial-iqtisadi siyasətinin strateji istiqamətlərindən biri hesab edilir. Prezident İlham Əliyev Azərbaycanda nəqliyyat sektorunun iqtisadiyyatın inkişafında mühüm mövqeyə malik olduğunu dəfələrlə vurğulamışdır. Ölkə başçısı çıxışlarında yol-nəqliyyat kompleksinin bütün sahələrinin sürətlə modernləşdirildiyini bildirməklə yanaşı, demişdir ki, artıq respublikamızda region üçün əhəmiyyətli layihələr həyata keçirilir. Məhz Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində Yeni Bakı Beynəlxalq Ticarət Limanının və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası, habelə” Şimal-Cənub” beynəlxalq tranzit dəhlizinin formalaşdırılması və digər tədbirlər Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə daha böyük həcmdə daşımaların yerinə yetirilməsinə şərait yaratmışdır. Bundan başqa, Azərbaycanın tranzit potensialının və cəlbediciliyinin artırılması istiqamətində bir sıra mühüm tədbirlər də görülmüşdür. Belə ki, sadalanan strateji dəhlizlərin rəqabətqabiliyyətliliyinin artırılması məqsədilə region ölkələri arasında əlaqələr gücləndirilmiş və prosedurlar təkmilləşdirilmişdir. 
Şərq-Qərb ticarət, enerji-yanacaq və nəqliyyat-kommunikasiya əlaqələrinin mərkəzində dayanan və Avrasiyanın əsas tranzit ölkələrindən birinə çevrilən Azərbaycanın tranzit imkanlarının artması regional əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına imkan verir. Xüsusilə, ölkənin nəqliyyat qovşağına çevrilməsinə Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi böyük perspektivlər açır. Bunlar Azərbaycana xarici investisiya axınının artmasına, əhalinin məşğulluğunun təmin olunmasına, həmçinin beynəlxalq arenada ölkənin imicinin möhkəmlənməsinə də şərait yaradır. Ən əsası, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi Qədim İpək Yolunun üzərində yerləşən ölkələrin tarixi uğurlarını təkrarlamağa imkan vermişdir. Azərbaycanın tranzit potensialının və tranzit daşımalarında iştirak imkanlarının genişlənməsi, digər dəhlizlərlə müqayisədə yüklərin bizim ərazimizdən daha əlverişli şərtlərlə, yəni qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımalarının həcminin dəfələrlə artmasına imkan yaratması Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasətinin nəticəsidir. Dövlət başçımız nəqliyyat sektorunun ölkə iqtisadiyyatında artan rolundan danışarkən bildirmişdi ki, “Azərbaycan Asiyanı Avropa ilə birləşdirən körpüdür. Biz indi öz nəqliyyat infrastrukturumuzu möhkəmləndiririk. Bizim dəniz nəqliyyatına, dəmir yoluna böyük investisiyalar qoyulur. Bir sözlə, nəqliyyat sektoru gələcəkdə böyük rol oynayacaqdır. Regionda digər mühüm işlər də məhz bununla bağlıdır”. 
Azərbaycanın iştirak etdiyi və dəstək verdiyi strateji nəqliyyat-kommunikasiya layihələrinə beynəlxalq diqqət də hər keçən gün artır. Artıq bir sıra ölkələr sadalanan layihələrdə iştirak etmək istəyini açıqlayırlar. Məsələn, bu günlərdə Özbəkistan Baş nazirinin müavini Suhrob Xolmuradov Özbəkistan-Hindistan hökumətlərarası komissiyasının 11-ci iclası zamanı ölkəsinin “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizində iştirak etməkdə maraqlı olduğunu bildirmişdir. Onun sözlərinə görə, bu nəqliyyat layihəsi regionun nəqliyyat-tranzit potensialını artıra bilər. S.Xolmuradov, həmçinin vurğulamışdır ki, Hindistan Özbəkistan,Türkmənistan, İran və Omanın iştirak etdiyi Aşqabad sazişinə də qoşulmuşdur. O əlavə etmişdir ki, bu layihə Hindistanla və Mərkəzi Asiyanın digər ölkələri ilə ticarət dövriyyəsinin artmasına xidmət edəcək. 
Qeyd edək ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Hindistan, İran, Azərbaycan, Rusiya və Qazaxıstanı əlaqələndirir. “Şimal-Cənub” nəqliyyat dəhlizi bütün nəqliyyat növlərini – dəmir yolu, dəniz, avtomobil yolları və hava nəqliyyatını, eləcə də bu nəqliyyat növlərinə aid infrastruktur sahələrini əhatə edir. Xüsusilə qeyd etmək vacibdir ki, “Şimal-Cənub” dəhlizi də, öz növbəsində ölkəmizin nəqliyyat əlaqələrinin genişləndirilməsinə və tranzit ölkə kimi bu sahədən böyük həcmdə gəlir əldə etməsinə imkan verəcəkdir. Yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərin artmasına, tranzit xidmətlərini büdcənin əsas gəlir mənbələrindən birinə çevirməyə, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərınin açılmasına və digər problemlərin həllinə şərait yaradacaqdır.
Xəzərin hüquqi statusu haqqında imzalanmış Konvensiya da Azərbaycanın mühüm tranzit və enerjidaşıyıcı ölkə kimi potensialının artmasına öz töhfəsini verəcək. “Report" İnformasiya Agentliyinin məlumatına görə, “Arabnews" nəşrinin (BƏƏ, Dubay) iqtisadi şərhçisi Frank Keyn məqaləsində bildirmişdir ki, Xəzər dənizinin statusu ilə bağlı Aktauda imzalanmış konvensiyadan daha çox Azərbaycan, Qazaxıstan və Türkmənistan qazanmışdır. Müəllifin sözlərinə görə, adı çəkilən ölkələr Xəzərdə daha çox əraziyə sahib olacaqlar və dənizin resurslarından istifadə üzrə sazişlər imzalaya biləcəklər. “Bunlardan ən vacibi Transxəzər boru kəməridir. Bu layihə çoxdandır ki, dünyanın iri şirkətlərinin nəzərindədir. Həmin kəmərlə Türkmənistan qazı Azərbaycan və Türkiyə üzərindən Avropanın enerji bazarına nəql olunacaq. Bu, Avropanın enerji xəritəsində böyük dəyişikliklərə gətirib çıxaracaq”. 
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Enerji Siyasəti və Diplomatiya Beynəlxalq İnstitutun direktorunun müavini İqbal Quliyev isə düşünür ki, adı çəkilən konvensiya Transadriatik qaz kəməri (TAP) vasitəsilə qaz ixracının artması üçün daha bir addımdır. Onun sözlərinə görə, Xəzər regionu məsələləri üzrə əməkdaşlıq sahəsində irəliləyişlər fonunda Türkmənistan Xəzər dənizinin dibi ilə Transxəzər qaz kəmərinin tikintisinə və daha sonra TANAP layihəsinə qoşulmasına ümid edir. Ekspert hesab edir ki, Cənub Qaz Dəhlizi layihəsinə yeni tədarükçülərin qoşulması və buraxılış gücünün artırılması üzrə planlar gündəlikdə qalır: Cənub Qaz Dəhlizi boru kəmərləri sisteminin istifadə edilməsi ilə potensial təbii qaz tədarükçüləri Xəzər regionu ölkələri hesab olunur. Yaxın zamanlarda müxtəlif ölkələrin TAP layihəsinə də marağı artacaq”.
Bir sözlə, bu gün hər hansı dövlət yerləşdiyi məkandan asılı olmayaraq, istehsal etdiyi sənaye və kənd təsərrüfatı məhsullarını daha səmərəli yolla dünya bazarına çıxarmağa və yüksək gəlir əldə etməyə çalışır. Bu baxımdan nəqliyyat-kommunikasiya sisteminin inkişafı strateji vəzifə kimi qarşıya çıxır və Azərbaycanın bu prosesdə oynadığı rol getdikcə artır. Ən əsası, nəqliyyat-kommunikasiya potensialının artması yeni imkanlar yaradır ki, bu da Azərbaycanın qədəm qoyduğumuz postneft dövründə bir sıra strateji məqsədlərə nail olmasına kömək edəcək.

Səbuhi MƏMMƏDOV, 
“Xalq qəzeti”

3 2018 22:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə