Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu il pambıq sahələrindən 260 min ton məhsul istehsal ediləcəyi gözlənilir

Bu il pambıq sahələrindən 260 min ton məhsul istehsal ediləcəyi gözlənilir

Azərbaycan Prezidenti İlham Əliyevin qeyri-neft sektoruna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq pambıqçılıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Bununla da kənd təsərrüfatında sosial-iqtisadi göstəricilər tədricən yüksəlib və respublikada bu sahənin inkişafı prosesində əhəmiyyətli uğurlar əldə edilib. Elə bunun nəticəsidir ki,  bu il məhsuldarlığın 20 sentnerə, gələn il isə 30 sentnerə çatdırılması qarşıya mühüm vəzifə kimi qoyulub.   
Dövlətimizin başçısının pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı qəbul etdiyi qərarlar, verdiyi tapşırıq və tövsiyələr sayəsində ölkəmizdə bu sahənin sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaradılıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ildə respublika üzrə 22 rayonda 132,5 min hektar sahədə pambıq əkini həyata keçirilib. Becərmə işləri aqrotexniki qaydada aparılıb və mövsümün sonuna 260 min ton pambıq istehsalı nəzərdə tutulub. Yeri gəlmişkən, ötən il tarlalardan 207,5 min ton məhsul yığılıb.   Ümumiyyətlə, Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramında xam pambıq istehsalının 500 min tona çatdırılması qarşıya hədəf qoyulub.
Son illərdə emal sənayesinin yaxşılaşdırılması və toxumçuluqla bağlı da mühüm tədbirlər həyata keçirilib.   Ucar rayonunda illik emal gücü 40 min ton olan pambıq emalı zavodunun tikintisi artıq başa çatmaq üzrədir. Müəssisədə  digər emal məhsulları ilə yanaşı, ildə 20 min ton pambıq yağı və 2500-3000 ton lifsiz pambıq toxumu istehsal ediləcək. Bununla da lifsiz pambıq toxumu istehsal edəcək müəssisənin fəaliyyəti hesabına ölkədə pambıq toxumuna olan tələbat tam ödəniləcək.
Bundan başqa, 2021-ci ilədək Mingəçevir Sənaye Parkının nəzdində yüngül sənaye məhsulları istehsal edəcək 9 müəssisənin inşa olunması da nəzərdə tutulur. Artıq sənaye parkında iplik istehsalı üzrə iki müəssisə fəaliyyətə başlayıb.
Pambıq yığımına hazırlıqla əlaqədar “Aqrolizinq” ASC-nin regional nümayəndəliklərində mexanizatorlar üçün təlim kursları təşkil olunub. Kursları bitirən mexanizatorlara sertifikat verilib  və onlar pambıq yığımına cəlb olunublar. 
Pambıq yığımı ərəfəsində ölkə üzrə 303 pambıqyığan kombayn var. Bu il “Aqrolizinq” tərəfindən ölkəyə Hollandiya istehsalı olan daha 100 ədəd pambıqyığan kombaynın gətirilməsi də nəzərdə tutulub.
Əvvəlki illərdən fərqli olaraq cari  ildə “ağ qızıl”ın yığımına daha tez başlanılıb. Buna səbəb havaların əlverişli keçməsi və tarlalara göstərilən aqrotexniki qulluqdur. 
Məhsul yığımına başlanılan Füzuli rayonunda bu il 2100 hektar sahədə çiyid səpini həyata keçirilib. Pambıq əkinlərinin 1330 hektarı “P-Aqro” MMC, 630 hektarı “Azərpambıq” MMC ilə müqavilə əsasında, 140 hektarı isə fərdi qaydada becərilib.
Rayonda yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə, habelə   suvarma suyu ilə təmin edilib. Nəticədə tarlalarda bol məhsul yetişib.
Rayonda pambıq əl əməyindən istifadə edilməklə yığılmağa başlanıb. İnsanların məşğulluğunun təmin edilməsi, onların maddi rifah halının yaxşılaşdırılması üçün daha çox əl əməyinə üstünlük verilir.  
Qeyd edək ki, pambıq əkən fermerlər bu il məhsulu 60 qəpikdən təhvil verə biləcək, eyni zamanda hər kiloqram "ağ qızıl"a əlavə 10 qəpik subsidiya da ödəniləcək.
Yeri gəlmişkən, qeyd edək ki, bu il respublikada sahələrdən bol məhsul götürülməsi üçün fermerlər pambığın becərilməsində kimyəvi preparatlardan düzgün istifadə barədə vaxtaşırı məlumatlandırılıblar. Məsələn, bir müddət bundan əvvəl Ağcabədi rayonunda pambıq bitkisinin aqrotexniki qaydada becərilməsi, kimyəvi preparatlardan düzgün istifadəyə həsr olunmuş seminar keçirilib. Seminarda “EMA” MMC-nin, Qida Təhlükəsizliyi Agentliyinin, “Azərpambıq” MMC-nin, Türkiyənin meyvəçilik və bitkiçilik sahələri üzrə ixtisaslaşmış “Hektaş” şirkətinin nümayəndələri, pambıqçılıqla məşğul olan fermerlər iştirak ediblər.
Ağsu rayonunda da pambıq yığımı kampaniyasına hazırlıq işləri başa çatdırılıb. Cari mövsümdə bölgədə 2600 hektar sahədə məhsul yetişdirilib. Pambıq kollarında artıq daban qozalar açılıb. Bir neçə gündən sonra  kütləvi surətdə məhsul yığımına başlanılacaq.
Rayonda pambığın təqribən 70 faizinin maşınlarla yığılması nəzərdə tutulur. Bu məqsədlə 6 ədəd pambıqyığan maşın start vəziyyətindədir. Məhsulun qalan hissəsi isə əl ilə toplanacaq. Bunun üçün 2500-3000 nəfərədək işçi qüvvəsi səfərbər olunacaq.
Məhsul yığımına hazırlıqla əlaqədar kifayət qədər lazımi texnika hazırlanıb. Texnikanın normal hərəkəti üçün tarlaların kənar hissələri hamarlanıb.
Onu da xatırladaq ki, bu il rayon üzrə 5000 tondan çox “ağ qızıl” tədarük olunacağı proqnozlaşdırılır.
Ucar rayonunda cari mövsümdə 2500 hektarda “ağ qızıl” yetişdirilib. Qeyd edək ki, yetişdirilən məhsulun 80 faizinin pambıqyığan maşınlarla, qalan 20 faizinin isə əl ilə yığılması nəzərdə tutulub. Bu məqsədlə ilkin olaraq 3 ədəd pambıqyığan maşın hazır vəziyyətə gətirilib. Əl ilə yığımda isə 350-400 nəfər işçi qüvvəsi səfərbər olunacaq.
Sözügedən sahəyə göstərilən diqqət və qayğının nəticəsidir ki, respublikanın digər pambıqçılıq rayonlarında olduğu kimi, Beyləqanda da pambıq əkinləri və məhsul istehsalı ildən-ilə artır. Belə ki, əgər rayon ərazisində 2016-cı ildə 4035 hektarda pambıq əkilmişdisə, 2017-ci ildə 8550 hektara, 2018-ci ildə isə 9560 hektara çatdırılıb. 
Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir.

V. BİNYATOĞLU,
 “Xalq qəzeti”

 

3 2018 22:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Aprel 2019 | 13:39
Sosial islahatların uğurları

Ən son xəbərləri səhifəmizdən də izləyin