Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aqroparkların yaradılması sürətlə həyata keçirilir

Aqroparkların yaradılması sürətlə həyata keçirilir

Son illərdə Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər və icra olunan dövlət proqramları nəticəsində sahibkarlar yeni zavod, fabrik və digər istehsal müəssisələri yaradırlar. Bununla da, ölkəmizin iqtisadi potensialı güclənir, özəl sektor inkişaf edir və ən əsası isə işsizlik problemi aradan qaldırılır. 
Prezident İlham Əliyevin yürütdüyü uğurlu aqrar siyasət, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarına uyğun olaraq yaradılan infrastruktur, suvarma və irriqasiya sistemləri, maliyyə dəstəyi və subsidiyalar, aqrar sektora vergi güzəştləri kəndliyə son illərdə bol məhsul yetişdirməsi üçün geniş imkanlar yaradıb. Dövlət başçısının 2014-cü ildə imzaladığı müvafiq fərmanla aqroparkların yaradılması da məhz bu problemlərin aradan qaldırılmasına yönəlib. 
Aqroparklar fermer təsərrüfatlarının idarə olunmasının mütərəqqi aqrar-sənaye üsuluna keçidinin inteqrasiyasını, məhsuldarlığın artırılması və saxlama şəraitinə görə itkilərin azaldılmasını, ixrac coğrafiyasının genişləndirilməsini və “Made in Azerbaijan” brendi ilə xarici bazarlara sabit və etibarlı çıxışını təmin etməyə müsbət təsir göstərir. Bundan başqa, ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından da böyük əhəmiyyətə malik aqroparkların yaradılması rayonların iqtisadi imkanlarını artırmaqla yanaşı, yeni iş yerlərinin yaranmasına da səbəb olur. 
Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ərzaq təhlükəsizliyində aqroparkların mühüm önəm daşıdığını xatırladaraq deyib: “Mən hesab edirəm ki, bu aqroparklar nəticəsində biz ərzaq təhlükəsizliyi ilə bağlı olan əsas məsələləri həll edəcəyik. Bu aqroparklarda ət, quş əti, süd, yem, buğda, arpa, soya istehsalı da nəzərdə tutulur. Bu aqroparklara 183 min hektar torpaq ayrılıb. Burada biz çox yüksək məhsuldarlıq gözləyirik. Misal üçün, taxılçılıqda hektardan məhsuldarlıq 50 sentnerdən aşağı olmamalıdır. Belə də olacaq. Çünki indi bizim iri fermer təsərrüfatlarımızda, - hansı ki, dövlət dəstəyi ilə yaradılıb, - hektardan məhsuldarlıq 45-50 sentner və bəzən ondan da yüksəkdir. Ona görə biz buna nail olsaq, onda xaricdən asılılıq tamamilə aradan götürüləcək”.
İndiyə qədər aqroparkların yaradılması üçün dövlət dəstəyi hesabına infrastruktur, o cümlədən su, elektrik, qaz,  yol çəkilişi, meliorativ tədbirlər və digər infrastruktur işlərinə 218 milyon manatdan çox investisiya qoyulub. Ümumi dəyəri 457 milyon manatdan çox olan 17 aqroparkın yaradılmasına dövlət tərəfindən 111,2 milyon manat güzəştli kredit ayrılıb və 15 aqropark üzrə dəyəri 563,5 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib. Artıq dörd aqroparkda birinci mərhələ üzrə işlər başa çatdırılıb. 
Yeni aqroparklardan biri də İsmayıllı rayonunun Kürdmaşı kəndində “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkdır.
Prezident İlham Əliyevin bu yaxınlarda açılışında iştirak etdiyi həmin müəssisənin ümumi dəyəri 22 milyon manatdır. Bu aqroparkın yaradılmasına birinci mərhələdə 7,7 milyon manat investisiya qoyulub. Bunun 1,9 milyon manatı İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılıb. 
Ərazisi 602 hektar olan aqroparkın tərkibinə əkinçilik təsərrüfatı, soyuducu anbar kompleksi, istehsal olunmuş kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və paketlənməsi sahələri daxildir. Aqroparkda cari ildə 120 hektar buğda, 120 hektar kartof və 96 hektar qarğıdalı əkilib. Əkin sahələrinin davamlı və keyfiyyətli su təminatının həyata keçirilməsi üçün 2 su anbarı inşa edilib, su və elektrik xətləri çəkilib, ilkin olaraq 90 hektar sahədə müasir pivot suvarma sistemi qurulub, müxtəlif kənd təsərrüfatı təyinatlı texnika və aqreqatlar alınıb.
İntensiv texnologiyaların  geniş tətbiq edildiyi aqroparklardan biri də Füzuli rayonunun Haramı ərazisində yaradılıb. 
“Füzuli Aqropark”ın fəaliyyətində əsas məqsəd ölkəmizdə idxaldan asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin təmin olunması üçün strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının yetişdirilməsidir.
Xatırladaq ki, 2700 hektar ərazini əhatə edən aqroparkda lazımi infrastruktur yaradılıb. Yeraltı su boruları, 11 ədəd müasir pivot suvarma sistemi, nasosxana və hidratlar qurulub. Aqroparkın su təminatı Yuxarı Mil kanalı vasitəsilə həyata keçirilir.
Yeri gəlmişkən, bu gün bütün dünyada pivot suvarma sistemlərinə xüsusi diqqət yetirilir. Çünki  bu sistemlə suvarma nəticəsində suya qənaət edilir, su itkisinə yol verilmir. Torpaqların şoranlaşmasının qarşısı alınır. Bitkilər vegetasiya dövründə optimal nəmliklə təmin edilir. Nəticədə məhsuldarlıq bir neçə dəfə artır.  
 

Vaqif BAYRAMOV, 
“Xalq qəzeti”

3 2018 22:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin