Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan – ISESCO: Əməkdaşlığın yeni mərhələsi

Azərbaycan – ISESCO: Əməkdaşlığın yeni mərhələsi

Azərbaycan müstəqillik qazandıqdan sonra dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə münasibətlər qurmağa başladı. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi xarici siyasət kursunda bu əlaqələrə mühüm önəm verilirdi. Ümummilli lider Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrinin gələcək konturlarını müəyyənləşdirmiş və bu gün həmin təşkilatlarla əlaqələr müsbət yöndə davam etməkdədir. İSESCO ilə münasibətlər isə son illər daha da intensivləşmişdir.
Qeyd edək ki, İslam dünyasında elm, təhsil və mədəniyyətin inkişafında bu təşkilatın xidmətləri böyükdür. Azərbaycan da İslam dünyasının inkişafda olan ölkələrindən biri kimi bu təşkilatla sıx əməkdaşlıq edir.
Bu gün İSESCO İslam dünyasını birləşdirmək istiqamətində çox uğurlu addımlar atır. Azərbaycan Prezidenti İlham Əliyev İSESCO-nun müasir dövr üçün mühüm əhəmiyyət kəsb etdiyini dəfələrlə vurğulamışdır: “İSESCO-nun əsas vəzifəsi İslam aləmində elmin, təhsilin inkişafıdır, İslam aləminin zəngin mədəni irsinin qorunmasıdır. İSESCO bu sahədə çox böyük uğurlara nail olubdur. Eyni zamanda, bu gün dünya miqyasında beynəlxalq təşkilatlar arasında da İSESCO-nun öz yeri var. Son illər ərzində baş direktor cənab Əbdüləziz Osman əl-Tüveycrinin rəhbərliyi ilə İSESCO dünya miqyasında çox önəmli və böyük nüfuza malik olan təşkilata çevrilibdir.”
İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri ölkəmizlə əməkdaşlığın səviyyəsindən razılığını və bu əməkdaşlığın genişləndirilməsinə marağını dəfələrlə bəyan etmişdir. Bunun səbəbi isə Azərbaycanın islami dəyərlərə hörmətlə yanaşması olmuşdur. Qarşılıqlı etimadın nəticəsidir ki, bu təşkilat mühüm əhəmiyyətli bir sıra tədbirləri məhz Bakıda keçirmişdir. Bu baxımdan “Gənclər sivilizasiyaların alyansı naminə” mövzusunda beynəlxalq konfrans (1-2 noyabr 2007-ci il), Heydər Əliyev Fondunun təşəbbüsü, UNESCO və İSESCO-nun dəstəyi ilə keçirilmiş “Mədəniyyətlərarası dialoqda qadınların rolu” mövzusunda forum (10-11 iyun 2008-ci il), İslam ölkələri elm və təhsil nazirlərinin VI konfransı (6-7 oktyabr 2008-ci il), “Bakı - İslam mədəniyyətinin paytaxtı - 2009” mədəniyyət ilinin açılış mərasimi (18 fevral 2009-cu il), İslam Ölkələri Mədəniyyət Nazirlərinin VI konfransı (13-15 oktyabr 2009-cu il), Dünya dini liderlərinin Bakı Sammiti (26-27 aprel 2010-cu il) və Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları xüsusilə qeyd edilməlidir.
İSESCO Azərbaycanın uğurlarının beynəlxalq miqyasda təbliğinə xüsusi önəm verir. Təşkilatın aylıq jurnalında Azərbaycanla əlaqələrə həmişə geniş yer ayrılır. Qarabağ problemi ilə bağlı jurnalda mütəmadi olaraq yazılar dərc olunur. Azərbaycan mədəniyyətinin İslam dünyasına inteqrasiyasında təşkilatın xidmətləri böyükdür.
2004-cü ilin noyabrında İSESCO-nun regional ofisi tərəfindən Bakıda “Qloballaşma və onun müsəlman ölkələrində iqtisadi və mədəni sahələrə təsiri” mövzusunda beynəlxalq simpozium keçirilməsi əhəmiyyətli hadisə idi. Bu tədbir Azərbaycan Respublikası Təhsil Nazirliyi və İSESCO tərəfindən təşkil olunmuşdu. Simpoziumda bir sıra qlobal məsələlərə aydınlıq gətirilmiş, müsəlman dünyasında təhsil problemləri barədə təqdimatlar olmuşdur. İSESCO və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakıda “Qızların təhsilinin təşviq edilməsi: hazırkı vəziyyət, çağırışlar və gələcək perspektivlər” mövzusunda 2011-ci ildə keçirilən beynəlxalq tədbirdə təhsillə bağlı bir sıra məsələlərin müzakirəsi aparıldı və həlli yolları müəyyənləşdirildi. Sonrakı illər belə tədbirlər əlaqələrin inkişafına mühüm təsir göstərmişdir.
Məsələn, 2012-ci il fevralın 24-də Xocalı soyqırımının 20 illiyi ilə bağlı tədbirin hazırlanması və keçirilməsi ilə bağlı Ə.O.əl-Tüveycrinin göstərdiyi səylər və onun mərasimdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə ədalətli və cəsarətli çıxışı xüsusilə qeyd edilməlidir. Bakıda keçirilmiş “XXIII Krans Montana illik forumu”nda iştirak etmək məqsədilə ölkəmizə səfəri çərçivəsində Ə.O.əl-Tüveycri Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən qəbul edilmişdir. O, həmin görüşdə İSESCO-nun 30 illik yubiley xatirə qızıl medalını Mehriban xanım Əliyevaya təqdim etmişdir.
İSESCO Bakı Beynəlxalq Humanitar forumlarının iştirakçısı olmuşdur. Azərbaycandakı nümunəvi dini tolerantlığa heyranlığını gizlətməyən İSESCO-nun baş direktoru deyib: “İSESCO bütün dünyaya çatdırmalıdır ki, siz necə də qədim və zəngin mədəniyyətə sahibsiniz. Ölkənizlə əməkdaşlıq sahəsində imzalanan sənədlərin həyata keçirilməsi üçün biz öz tərəfimizdən hər tələbi yerinə yetirəcəyik və bu əməkdaşlıq digər üzv dövlətlər üçün nümunə olacaqdır”. Həqiqətən də, bu gün Azərbaycanın İSESCO ilə münasibətləri İslam dünyasına əsl mənada nümunədir.
Bu təşkilat Azərbaycanla bağlı maraqlı layihələr də reallaşdırır. İSESCO rəhbərliyinin təşkilatçılığı ilə görkəmli şərqşünas alim A.İmanquliyevanın “Müasir ərəb ədəbiyyatının korifeyləri” əsəri və “Ərəb hərfləri ilə Azərbaycan yazısı” kitabı ərəb dilində çap edilmişdir. 
Respublikamızda fəaliyyət göstərən Kainat Gənclik Mərkəzi 2011 və 2012-ci illərdə İSESCO-nun baş direktoruna müraciət edərək, İslam dünyası gənclərinin (20 yaşadək) klassik musiqi ifaçılığı ilə bağlı beynəlxalq müsabiqəsinin keçirilməsi layihəsinə maliyyə yardımı göstərilməsini xahiş etmişdir. İSESCO rəhbərliyi adıçəkilən mərkəzin müraciətinə cavab olaraq, həmin məqsədilə 10 min ABŞ dolları ayırmışdır. 
Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarının təşkilində də bu təşkilat xüsusi fəallıq göstərir. 2011-ci ildə elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin yaradılması və xalqlar arasında dialoqun qurulmasında səmərəli fəaliyyətinə görə Ə.O.əl-Tüveycri Heydər Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq mükafatına layiq görülmüşdür. 
2011-ci il oktyabrın 17-də İSESCO-nun Rabat şəhərindəki Daimi Qərargahında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə Sivilizasiyaların Alyansı üzrə Əlaqələndirmə Mərkəzinin 2-ci toplantısı çərçivəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə tədbir keçirilmişdir. 
Qeyd edilməlidir ki, 
Azərbaycan Respublikasının ­Prezidenti İlham Əliyev İSESCO-nun baş direktoru Ə.O.əl-Tüveycrini ölkəmizə səfərləri çərçivəsində həmişə qəbul etmiş, Azərbaycan ilə İSESCO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulamışdır. Ə.O.­əl-Tüveycrinin ölkəmizə səfərləri zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən də qəbul edilmişdir.
İSESCO-nun baş direktoru III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə 2015-ci il aprelin 27-dən 30-dək Bakıya səfər etmişdir. Səfər çərçivəsində İSESCO-nun baş direktoru bir sıra görüşlər keçirmiş, o cümlədən Azərbaycan Respublikası xarici işlər naziri tərəfindən qəbul edilmişdir.
2015-ci il noyabrın 23-dən 25-dək İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının İcraiyyə Şurasının 36-cı sessiyası Bakıda keçirilmişdir. 2015-ci ilin Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası və ISESCO arasında hərtərəfli uğurlu əməkdaşlığın qurulmasında səmərəli fəaliyyətinə və Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasında müstəsna xidmətlərinə görə İSESCO Baş direktoru Ə.O. əl-Tüveycri “Dostluq” ordeni ilə təltif edilmişdir.
2015-ci il noyabrın 26-dan 27-dək İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının 12-ci Baş Konfransı Bakıda keçirilmişdir. Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı, İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da iştirak etmişlər.
2017-ci il dekabrın 22-də isə Bakı Biznes Mərkəzində İSESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının növbəti iclası keçirilmişdir. Mədəniyyət naziri və İSESCO üzrə Milli Komissiyanın sədri Əbülfəs Qarayevin rəhbərliyi, İSESCO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri, İSESCO üzrə Milli Komissiyanın və Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi üzvlərinin iştirakı ilə keçirilən iclasda İSESCO-Azərbaycan münasibətləri, İSESCO üzrə Azərbaycan Milli Komissiyasının fəaliyyəti, 2017-ci il “İslam Həmrəyliyi ili” çərçivəsində keçirilmiş tədbirlər və görülmüş işlər, eyni zamanda, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar Tədbirlər Planına əsasən bu istiqamətdə görülən işlər müzakirəedilmişdir.
Açılış nitqi ilə çıxış edən mədəniyyət naziri və İSESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının sədri Əbülfəs Qarayev son iki ildə ölkəmizin uğurları, İslam dünyası ilə əməkdaşlıq, ölkə başçısı tərəfindən elan edilmiş “İslam Həmrəyliyi ili” çərçivəsində təşkil olunan tədbirlər, xüsusilə İslam Həmrəyliyi Oyunları, 2017-ci ildə Bakı şəhərində keçirilmiş 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, onun çərçivəsində həyata keçirilmiş layihə və tədbirlər, növbəti il “Bakı Prosesi”nin 10 illik yubileyinin qeyd ediləcəyini, İSESCO-nun bir tərəfdaş kimi bu hadisənin beynəlxalq miqyasda təbliğində fəallığının vacibliyini diqqətə çatdırmışvə 2018-ci ildə Naxçıvanın İslam mədəniyyətinin paytaxtı kimi qeyd edilməsi barədə məlumat vermişdir. İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri İSESKO-Azərbaycan əməkdaşlığı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu əlaqələrin inkişafında müstəsna rolu və dəstəyini xüsusilə qeyd etmişdir. Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar təsdiqlənmiş Tədbirlər Planı və bu istiqamətdə görülmüş işlər haqqında məlumat vermişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, İSESCO üzrə Milli Komissiyanın üzvü Vasim Məmmədəliyev çıxışında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasının əhəmiyyətini vurğulamışdır. Qeyd etmişdir ki, hər hansı şəhərin İslam mədəniyyətinin paytaxtı elan olunması üçün həmin paytaxt ölkə və region səviyyəsində mühüm tarixi keçmişə, islam və bəşər mədəniyyətində elm, incəsənət, ədəbiyyat sahəsində töhfələrə, elmi tədqiqat, arxeoloji təhsil mərkəzlərinə malik olmalıdır. Naxçıvan şəhəri öz qədimliyi və müasirliyi ilə bütün bu qayda və prinsiplərə cavab verir.
Azərbaycanın ­İSESCO ilə münasibətləri ildən-ilə genişlənməkdədir. İSESCO-nun baş direktoru Əbdüləziz əl-Tüveycri bu əlaqələr barədə deyib: “ Azərbaycan İSESCO-ya daxil olduğu vaxtdan bu yana böyük inkişaf yolu keçib. Biz əlaqələrimizin hazırkı səviyyəsindən məmnunuq. Dünyada belə bir tendensiya mövcuddur ki, müsəlman dövlətləri ilə bağlı mənfi rəy yaradılır. Bütün bunlara sədd çəkməliyik. Azərbaycan müasir müsəlman aləminin mirvarisidir. Bu ölkənin getdiyi yol sabitlik və inkişaf yoludur. Biz Azərbaycandan çox şeylər götürə bilərik”.
 

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

3 2018 22:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin