Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UEFA Avropa Liqasının final oyunu Bakıda yüksək səviyyədə keçəcək

UEFA Avropa Liqasının final oyunu Bakıda yüksək səviyyədə keçəcək

Bu gün Azərbaycanın dünyada nüfuzlu idman ölkəsi kimi tanınması və əldə etdiyi nailiyyətlər beynəlxalq idman ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. İdmançılarımızın istər ölkə daxilində, istərsə də respublikamızdan kənarda əldə etdikləri uğurlar  Azərbaycanın idman şöhrətini daha da yüksəldib. Bu uğurların və təşkilati işlərin yüksək səviyyədə qurulmasının nəticəsini 2015-ci ildə Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edilən zaman da şahidi olduq. Həmin vaxt Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında Birinci Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi haqqında qərar 38 dövlətin dəstəyi ilə qəbul edildi.

Güclü rəqabətin olmasına baxmayaraq, 42 ölkədən 38-nin Azərbaycana səs verməsi nəticəsində oyunlara evsahibliyi etmək hüququ Bakıya verildi. 
İdmanın inkişafını araşdırma qurumu olan “Sportcal Resurs”un bir neçə il əvvəl hazırladığı reytinq cədvəlində də Azərbaycan dünyanın idman ölkəsi kimi öz təsdiqini tapmışdı. Xatırladım ki, bu araşdırma dünyanın 97 faizini əhatə edən 190 ölkədə idmanın hazırkı inkişafının vəziyyətinin öyrənilməsi məqsədilə aparılmışdı. Beynəlxalq idman ictimaiyyəti tərəfindən qəbul edilən belə bir mühüm idman qurumunun ölkəmizə verdiyi həmin qiymət heç də təsadüfi deyil. Azərbaycan son dövrlərdə olduqca mötəbər beynəlxalq idman yarışlarına evsahibliyi edib. Son illər ölkəmizdə dünya standartlarına cavab verən müasir idman infrastrukturu yaradılıb, idmançılarımız mühüm beynəlxalq idman tədbirlərində tarixi qələbələrə imza atıblar.
Ölkəmizdə keçirilən nüfuzlu idman yarışlarının yüksək səviyyədə təşkili Azərbaycanı dünyada layiqincə tanıdıb. Tanınmış idman mütəxəssislərinin Azərbaycanda idmana verdiyi qiymətdə bu amil də mühüm rol oynayıb. Bütün bunlardan sonra UEFA Avropa Liqasının final oyununun Azərbaycanda keçirilməsi gözlənilən idi. Məlum olduğu kimi, bu il mayın 29-da UEFA Avropa Liqasının final matçı Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu barədə qərar ötən il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində keçirilən iclasında açıqlanıb. Qitənin ali futbol qurumunun İcraiyyə Komitəsinin 13-cü növbədənkənar konqresi çərçivəsində keçirilən iclasda UEFA Çempionlar Liqasının və UEFA  Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçlarına evsahibliyi edəcək şəhərlərin adları açıqlanıb. Qərara əsasən, Bakı Olimpiya Stadionu UEFA Avropa Liqasının final matçına evsahibliyi edəcək.
Final oyununun vaxtı yaxınlaşdıqca Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr ölkəmizə qarşı qarayaxma kampaniyasına əl ataraq, bu mühüm idman yarışmasının baş tutmamasına çalışırlar. Biz dəfələrlə şahidi olmuşuq ki, Azərbaycanın beynəlxalq aləmdə reytinqi yüksəldikcə, respublikamızda dünya miqyaslı idman yarışları, humanitar, mədəniyyət və başqa sahələri əhatə edən tədbirlər ərəfəsində xaricdə fəaliyyət göstərən antiazərbaycan qüvvələr və onların əlaltıları bu uğurlardan ciddi narahatlıqlarını ört-basdır edə bilmir, çirkin kampaniyalarını işə salırlar.
Növbəti piar kampaniyası mayın 29-da UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ərəfəsində başlanıb. Hər kəsə bəllidir ki, belə xəbis niyyətli insanların və ölkəmizə qarşı qərəzli olan qüvvələrin əsas məqsədi növbəti şər-böhtan, qarayaxma kampaniyası aparmaqla Azərbaycanın getdikcə artan nüfuzuna xələl gətirmək, beynəlxalq aləmdə mənfi rəy formalaşdırmaqdır. İdmana aidiyyəti olmayan belə ünsürlərin xəbis niyyətləri 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları zamanı da özünü büruzə vermişdi. O vaxtlarda da Azərbaycana qarşı belə çirkin kampaniyalar təşkil olunmuşdu. Ancaq ölkəmiz həmin tədbirləri çox yüksək səviyyədə təşkil edərək bütün dünyaya nəyə qadir olduğunu nümayiş etdirmişdi. Yəni Azərbaycan Avropa Liqasının final oyununu da yüksək səviyyədə keçirməklə dünyada idman ölkəsi olduğunu bir daha nümayiş etdirəcək.

 

Rüstəm XƏLİLOV,
Milli Məclisin deputatı

 

 

17 2019 00:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə