Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan–Avropa İttifaqı əlaqələri yeni inkişaf mərhələsində

Azərbaycan–Avropa İttifaqı əlaqələri yeni inkişaf mərhələsində

Hazırda Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Eyni zamanda, ölkəmizin həyata keçirdiyi enerji layihələri, beynəlxalq inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları regionda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində də fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə dəyərli töhfələr verir.

Son illər ölkəmizin evsahibliyi etdiyi, eləcə də dövlətimizin başçısının təşəbbüsü ilə keçirilən bir sıra mühüm əhəmiyyətli beynəlxalq tədbirlər Azərbaycanın dünyada nüfuzunun daha da yüksəlməsinin göstəricisidir.
Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycanın strateji mövqeyi həm də Avropa İttifaqına üzv dövlətlərlə siyasi və iqtisadi münasibətləri daha da inkişaf etdirməkdən ibarətdir. Avropa İttifaqı tərəfindən irəli sürülmüş Vahid Avropa Birliyi formulu Azərbaycan üçün də önəmlidir. Bu model region dövlətləri ilə nüfuzlu qurum arasında əməkdaşlığın ən müxtəlif istiqamətlərdə möhkəmləndirilməsinə yönəldilib. 1993-cü ildə bu mötəbər qurumla əsası qoyulmuş diplomatik münasibətlər son 16 ildə daha da inkişaf etdirilmiş, əlaqələr getdikcə möhkəmləndirilmişdir. 
Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq Azərbaycanın xarici siyasət kursunun prioritetlərindən biri kimi müəyyənləşdirilmişdir. Prezident İlham Əliyev 2017-ci il noyabrın 24-də Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasındakı çıxışında səsləndirdiyi fikirlər də bu təşkilatla münasibətlərin yeni mərhələyə qədəm qoymasından xəbər verir: “...Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu ilin fevralında biz yeni sazişlə bağlı fəal danışıqlara başladıq. Bu, ölkələrimiz arasında əməkdaşlığı davam etdirmək üçün imkanlar yaradacaq. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin demək olar ki, 50 faizini üzv ölkələrlə olan ticarət təşkil edir. Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb. Bu, bizim yaxşı investisiya mühitinə malik olduğumuzu nümayiş etdirir. Avropa şirkətləri bizim iqtisadiyyatımızı dəstəkləmək üçün çox maliyyə vəsaiti yatırmağa hazırdır. Eyni zamanda, biz üzv dövlətlərlə ikitərəfli formatda əlaqələrimizi fəal şəkildə inkişaf etdiririk. Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu, gənc müstəqil ölkə üçün çox vacibdir və əlbəttə ki, biz Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşmanı strateji əlaqələrin gücləndirilməsində daha bir mühüm mərhələ hesab edirik”.
2018-ci il iyulun 11-də Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” adlı mühüm sənəd ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində əhəmiyyətli rol oynadı. Bu sənədin imzalanması bir daha təsdiqlədi ki, Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini daha da inkişaf etdirmək istəyir. Tərəfdaşlığımızın son ili Avropa İttifaqı ilə əməkdaşlıq gündəliyinin daha da irəli aparılması baxımından olduqca faydalıdır. Ötən il iyulun 11-də Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk tərəfindən Brüsseldə paraflanmış, həmin il oktyabrın 15-də isə Lüksemburqda keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin nazirlər görüşü çərçivəsində qəbul edilməsi rəsmiləşdirilən “Tərəfdaşlıq prioritetləri” sənədini vurğulamaq istərdim.
İkitərəfli əməkdaşlığımızda mühüm mərhələni açacaq Avropa İttifaqı və Azərbaycan arasında yeni hərtərəfli sazişi və onun üzərində aparılan danışıqları da qeyd etmək lazımdır. Dövlət başçımız bu günlərdə Brüsselə səfəri zamanı Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşərkən “Tərəfdaşlıq prioritetləri” sənədinin əhəmiyyəti ilə yanaşı, tərəflər arasında üzərində danışıqlar aparılan tərəfdaşlıq sazişi ilə bağlı da fikir mübadiləsi aparılmışdır. Söhbət zamanı Azərbaycanın istər Şərq Tərəfdaşlığı proqramı çərçivəsində və istərsə də ikitərəfli formatda Avropa İttifaqı ilə yaxından əməkdaşlığı xüsusi qeyd olunmuşdur. Bu sazişin ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcəyi və qarşılıqlı tərəfdaşlığı daha da möhkəmləndirəcəyinə əminlik ifadə olunmuşdur. 
İnanırıq ki, bu saziş bərabərhüquqlu tərəfdaşlıq və birgə maraqlara əsaslanan strateji əhəmiyyətli sənəd olacaq. Bu saziş, həm də Avropa İttifaqı üzv ölkələri üçün də əhəmiyyətlidir.

 

Məlahət İBRAHİMQIZI,
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

 

17 2019 00:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə