Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xarici ölkələrdə diaspor, təhsil və biznes fəaliyyəti paralel aparılmalıdır”

“Xarici ölkələrdə diaspor, təhsil və biznes fəaliyyəti paralel aparılmalıdır”

Son illər Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil edən, təhsil, elm, sahibkarlıq sahəsində yetərincə ciddi uğurlar əldə edən gənclik ərsəyə gəlmişdir. Belə gənclər Azərbaycan diasporunun fəal bir hissəsinə çevrilərək, Vətənimizin həqiqətlərini təbliğ etməklə təqdirəlayiq işlər görürlər. Uzaq Yaponiyada ixtisaslaşmaq, karyera qurmaq, ölkəmizi təmsil etmək çox çətin bir proses olduğu qədər də maraqlıdır. Bu baxımdan, uzaq “Gündoğar ölkə”də Azərbaycan adını fəaliyyətində ön plana keçirən gənclərimizdən biri ilə tanışlıq oxucular üçün də maraqlı olar. Müsahibimiz Yaponiyanın Hokkaydo Universitetində pedaqoq kimi fəaliyyət göstərən, Yaponiya–Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri Əlibəy Məmmədovdur.

 

– Azərbaycan oxucusu sizin haqqınızda o qədər də məlumatlı deyil. Zəhmət olmasa, özünüzü təqdim edin.

 

– 1988-ci il oktyabrın 30-da Moskvada ziyalı ailəsində anadan olmuşam. Valideynlərim Moskva Dövlət Universitetinin tarix fakültəsinin məzunlarıdır. Sovet İttifaqı dağıldıqdan sonra ailəlikcə müstəqilliyini bərpa etmiş Azərbaycanımıza geri döndük. Uşaqlıq illərimi Bakıda keçirmişəm. 1994-2000-ci illərdə 111 nömrəli orta məktəbdə, 2000-2005-ci illərdə isə Xətai rayonundakı 147 saylı texniki-humanitar liseydə təhsil almışam. 2004-cü ildə tarix fənni üzrə respublika olimpiadasında 2-ci yerə layiq görülmüşəm. 2005-ci ildə qəbul imtahanında beynəlxalq münasibətlər və beynəlxalq hüquq kimi fakültələri arzulasam da, həyat elə gətirdi ki, mən Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin yapon dili və ədəbiyyatı bölməsinə qəbul olundum. Yaponşünaslıq sahəsi üzrə ixtisaslaşmışam.

 

– Nə üçün məhz Yaponiya?

 

– Yapon tarixi, yapon xalqının əzmi, mübarizliyi hələ lisey illərində mənim diqqətimi cəlb etmiş və gələcəyimi də məhz Yaponiya ilə əlaqələndirmək haqqında xəyallar üzərində qurmuşdum. Ona görə də, seçimimi yaponşünaslıq üzərində dəqiqləşdirdim.

 

– Şərqin ən qədim və ən çətin dillərindən biri də məhz yapon dilidir. Bəs belə çətin bir dili öyrənməyi necə bacardınız?

 

– Universitetdə oxuyarkən Yaponiyanın dövlət vəsaitləri hesabına təşkil olunmuş mükəmməl dərs otağımız var idi. Yaponiyadan yerli müəllim də ezam olunmuşdu,– deyə, yapon dili tələffüzü ilə bağlı hazırlığımız da uğurlu gedirdi. Eyni zamanda, ayda bir dəfə Bakıdakı Yaponiya səfirliyinin təşkilatçılığı ilə danışıq klubları təşkil olunur, paytaxtımızda az sayda olan yaponlarla ünsiyyət qurmaq, dost olmaq şansı əldə edirdik. Qrupumuzda cəmi 8 nəfər idik. Bununla belə çox güclü rəqabət var idi. İlk iki ildə 8 nəfər içində yapon dili üzrə ya 7-ci, ya da 8-ci yeri tuturdum. Əslində, qiymətlərim əla idi. Amma nisbət etibarilə geri qalırdım. 3-cü kursa keçəndə dərslərə tamamilə yeni əhvali-ruhiyyə ilə başladım. Yaponiyadan da Vatanabe adlı tanınmış müəllim təşrif buyurmuşdu. Bu insan, yaxşı müəllim olsa da, bir filosof təsiri bağışlayırdı. Onun düşüncələri, mənimlə olan görüşləri, söhbətləri, işlətdiyi hər ifadə sanki hava-su kimi mənə lazım idi. Sonda dostlar mənə “gəzən lüğət” deyə müraciət etməyə başlamışdılar. Çünki, yapon dili üçün ən vacib hesab olunan heroqlifləri çox yaxşı öyrənmişdim, hətta yaponiyalı qonaqlarımız belə bəzi heroqliflərin yazılışını unutduqda müəllimim Vatanabe məni önə çıxardardı və mən onların əvəzinə yazardım.

– Yapon dilinə dünyanın bir sıra ölkələrində tələbat varkən, nə üçün məhz “Gündoğar ölkə”ni seçdiniz?

 

– Mən hələ BDU-da 3-cü kursda oxuyanda Yaponiya səfirliyində keçirilən imtahanda lazımi balı toplaya bilmədim. Qrup yoldaşım olan qız 1-ci yerə çıxmaqla Yaponiya dövlətinin təqaüdü hesabına Tokioda 1 illik təhsil almaq hüququ qazandı. Düzünü desəm, bu uğursuzluğum mənə o zaman çox pis təsir etmişdi. Az qalırdı ki, ətrafdakıların “sən uğursuzsan”, “yapon dili sənlik deyil” kimi iradlarını həqiqət qəbul edim. Amma bu da uzun sürmədi.

BDU-nu qırmızı diplomla bitirib, 2009-cu ilin iyul ayında Füzuli rayonuna hərbi xidmətə göndərildim. Hərbi xidmətimi uğurla başa vurub Bakıya qayıtdım. 2010-cu ilin iyul ayı idi. Bir növ boşluğa düşmüşdüm. Beynimdə əsgərlik xatirələri, silahlar, atışmalar, Milli Qəhrəmanımız Mübariz İbrahimovun şəhid olması, bütün bu gərginliklər məhz bu dövrə təsadüf etdiyindən bir növ nə edəcəyimi, nədən başlayacağımı bilmirdim. Lakin digər tərəfdə yapon dili üzrə bilgilərim də az deyildi. Bu bilgiləri artırıb Yaponiyaya getmək istəyim də var idi.

Bir çox yerlərdə yapon dili müəllimi, yapon dili tərcüməçisi kimi işləməyə başladım. Yaponiya səfirliyi, JİCA və digər yerlərdən də iş təklifləri gəlməyə başladı. Özümü iqtisadi cəhətdən təmin etməyə tam nail oldum. İşləyə-işləyə, Bakıda yaşayan yaponlarla xoş münasibət qura-qura öz yapon dili bacarığımı inkişaf etdirməyə müvəffəq oldum. 2011-ci ilin may və iyun aylarında ölkəmizdəki Yaponiya səfirliyində iki imtahanda ard-arda 1-ci yeri qazandım. İlk dəfə 2011-ci ilin avqust ayında 2 həftəlik Yaponiyaya getmək şansı, daha sonra isə 2012-ci ilin aprel ayından etibarən 6 illik Yaponiya hökumətinin təqaüdləri hesabına təhsil almaq hüququ əldə etdim. Nəhayət, arzum gerçəkləşdi. Və mənim bütün əsas uğurlarım da bundan sonra başladı. Yaponiyanın 3 ən öndə gedən universitetləri, Vaseda Universiteti, Kyushu Universiteti və Hokkaydo Universiteti mənim mövzumu bəyəndiklərini və qəbul etmək istədiklərini bildirdilər. Sonda seçdiyim mövzu üzrə ən tanınmış və məşhur yaponiyalı professorun Hokkaydo Universitetində çalışmasını nəzərə alaraq Hokkaydonu seçmək qərarına gəldim.

Beləcə, Yaponiyanın 5 ən prestijli universitetindən biri olan Hokkaydo Universitetində 2012-2013-cü illərdə tədqiqatçı tələbə, 2013-2015-ci illərdə magistratura, 2015-2018-ci illərdə isə doktorantura təhsilimi aldım və fəlsəfə doktoru oldum.

– Elmi işiniz hansı istiqamətdə idi?

 

– Elmi mövzum əsasən siyasət, konfliktologiya sahəsidir. Yaponiya və Rusiya arasında mövcud olan “Cənubi Kuril adaları problemi” və “Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”, onların müqayisəli təhlili olmuşdur. Bu mövzularda 2014-cü ilin iyulunda Sankt-Peterburqda beynəlxalq konfransda, 2016–2017-ci illərdə ABŞ-ın Reno və San-Fransisko şəhərlərində keçirilmiş 58-ci və 59-cu Qərb Sosial Elmləri Assosiasiyasının (WSSA World Conference) elmi konfranslarda, Yaponiyanın Sapporo, Nemuro, Fukuoka, Tokio şəhərlərində təşkil olunmuş elmi konfranslarında, xüsusilə, Yaponiya Siyasi Elmlər Konfransı, Rusiya-Şərqi Avropa Konfransı, Yaponiya Mərkəzi Asiya konfransı və digər tədbirlərdə iştirak edərək məruzələr etdim. Çıxışlarımın yapon və ingilis dillərində olan yazılı versiyaları sözügedən konfransların elmi jurnallarında dərc edilmişdir.

 

– Bildiyimizə görə, yapon mediası ilə əməkdaşlığınız da olmuşdur...

– Bəli, mənim elmi işlə paralel olaraq Yaponiyada gündəlik milyon tirajlarla çap olunan “Hokkaydo”, “Yomiuri”, “Mainiçi”, “Tokio”, “Çyuniçi”, “Hokuriku Çyuniçi”, “Sankei” və digər qəzet və jurnallarında Dağlıq Qarabağ və Cənubi Kuril adaları münaqişəsi ilə bağlı geniş müsahibələrim çap olunub. Bütün bunlar həm təhsil, həm də ictimai fəaliyyətimizi konstruktivləşdirmək imkanı verdi.

 

– Xaricdə təhsil alan, fəaliyyəti olan bir sıra gənclər üçün diaspor mövzusu aktuallığı ilə seçilir. Siz necə, fəaliyyətinizdə diaspor sahəsini hədəfə çevirə bilmişsinizmi?

– Əlbəttə, öncə də qeyd etdiyim təhsillə bağlı fəaliyyətim bir növ diaspor fəaliyyətinin özülünü təşkil edir. Mənim diaspor fəaliyyətim əsas etibarilə 2014-cü ilin may ayından sonraya təsadüf edir. 2014-cü ilin may ayında təhsil aldığım Hokkaydo Universitetinin Xarici Tələbələr Assosiasiyasının sədri seçildim. O zaman universitetimizdə 1800 nəfərdən çox xarici tələbə təhsil alırdı. Bu assosiasiya müstəqil qurum olmaqla, öz büdcəsinə və bir çox hüquqlara malik idi. Məhz buranın rəhbəri olduğum 2 il (2014-2016) ərzində Sapporo şəhərində və Hokkaydo Universitetində keçirilən ölkədaxili və beynəlxalq tədbirlərdə Azərbaycan adını tez-tez eşitdirməyə çalışdım. Ən maraqlı işlərimizdən biri, 2015-ci ilin fevral ayında Sapporo şəhərində keçirilən Qar Fiqurları festivalında Qız qalası və qarşısında milli geyimli azərbaycanlı fiqurlarının qardan hazırlanıb, 1 həftə ərzində festivalı ziyarət edən 2 milyondan çox yerli və xarici turistlərə təqdim edilməsi olmuşdur. Bununla bağlı yerli biznesmenlər, tələbələr və şəhər sakinlərinin ayrıca görüşləri də keçirilmiş, yerli ictimaiyyət arasında işıqlandırılmışdır. 2016-cı ildə isə sözü gedən festivalda Heydər Əliyev Mərkəzinin qardan maketini hazırlayıb təqdim etdik.

Bir məsələni də qeyd edim ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Hokkaydo Universitetinin razılaşmasına əsasən 2017-2018-ci illərdə, yaponiyalı tələbələrə “Azərbaycan multikulturalizmi” fənni üzrə dərslər demişəm. Bundan əlavə, 2016-cı ildən bugünədək Tokio və ətrafında yerləşən şəhərlərin məktəblərində “Azərbaycan mədəniyyəti” üzrə dərslər deyirəm. Dəfələrlə Yaponiyanın “World Investors TV” internet kanalının canlı efirinə fəxri qonaq qismində dəvət olunmuşam, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Konstitusiya Günü, Müstəqillik Günü, 20 Yanvar faciəsi, Azərbaycanın milli bayramları, 4 günlük müharibə və s. mövzularla bağlı yaponiyalı tamaşaçılara məlumatlar vermişəm, Azərbaycanın Qarabağ problemi haqqında slaydlar göstərmişəm.

 

– Ümumiyyətlə,Yaponiyada diaspor fəaliyyətimiz barədə nə deyərdiniz?

 

– Diaspor işi həm strateji, əhəmiyyətli, həm də vətənpərvərliyi göstərən bir fəaliyyətdir. Ona görə də bu fəaliyyət hərtərəfli, düşünülmüş şəkildə qurulmalıdır. Hesab edirəm ki, Şərqin bu uzaq, lakin ən inkişaf etmiş ölkəsində buna çox böyük ehtiyac var. Yaponlar Azərbaycanı yaxından tanımalıdırlar, həm uğurlarımızı, həm də haqq səsimizi, mədəniyyətimizi tanıtmalıyıq. Diaspor fəaliyyəti çətin işdir. Bu işdə təhsil və biznes birlikdə hərəkət etməlidir. Əks halda, bu işi başlayanlar yarı yolda qalmalı olurlar.

Biz, məhz buna görə də diasporla bağlı işimizi daha peşəkar şəkildə idarə etmək üçün 2016-cı ilin iyun ayında yaponiyalı biznesmen dostlarımla birlikdə “Yaponiya – Azərbaycan Əməkdaşlıq Assosiasiyasını” təsis etdik. Artıq 3 ildir ki, Yaponiyada təşkil edilmiş bir çox biznes və mədəni yönümlü tədbirlərə dəvət olunuruq. Hətta bir sıra hallarda özümüz təşkilatçı oluruq. 2017-ci ilin iyulunda Yaponiyanın şimalındakı UNESCO irsinə daxil edilmiş regionda Şiretokoda, 2018-ci ildə isə Yaponiyanın cənubunda Amami adasında təşkil olumuş biznes konfranslarının təşkilatçısı və iştirakçısı olmuşuq. Hər ikisində təxminən 200 nəfərdən çox yaponiyalı biznesmen istirak edib. Bu konfranslarda əsas şüarımız Azərbaycanın yaponsevər dövlət olması, Azərbaycan məhsullarının keyfiyyətliliyi və Yaponiya bazarında öz layiqli yerini tuta bilməsi məsələsini işıqlandırmışıq.

Bu məsələ həm də mənim və rəhbərlik etdiyim diaspor qurumun vitse-prezidenti Taniquçi Hirokazunun birgə müəllifi olduğumuz “Azərbaycanın indi maraqlı olmasının səbəbləri” adlı kitabımızda da öz əksini tapmışdır. Kitabı 1 il ərzində yazmışıq. Yapon dilində Azərbaycanla bağlı pozitiv əhvali-ruhiyyədə, geniş məzmun və mündəricə ilə yazılmış ilk kitabdır. Kitab Yaponiyada böyük rezonans doğurmuşdur. Amazonun iqtisadi-əməkdaşlıq kateqoriyasında satışlarda 1-ci yerə layiq görülmüşdür.

Düşünürəm ki, ilk növbədə təhsillə – yaponları Azərbaycanla bağlı maarifləndirmək, sonrakı mərhələdə diaspor fəaliyyəti ilə onları dostlarımıza çevirmək və bu işlərin daimi olması üçün, möhkəm və ardıcıl biznes bağları paralel qurulmalıdır. Xarici ölkələrdə güclənməyimiz üçün bu, çox vacibdir. Yaponiya da Azərbaycanla bir sıra sahələrdə sıx əməkdaşlıq edən ölkələrdən biridir. Məsafələrimiz uzaq olsa da, elm, təhsil, texnologiya, səhiyyə, iqtisadiyyat sahəsində yapon təcrübələrindən bəhrələnmək inkişaf etməkdə olan Azərbaycan üçün çox vacibdir.

Söhbəti qələmə aldı:
Anar TURAN,
“Xalq qəzeti”

 

 

17 2019 00:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə