Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq kənd təsərrüfatı sərgisi böyük maraqla qarşılanır

Beynəlxalq kənd təsərrüfatı sərgisi böyük maraqla qarşılanır

Bakı Ekspo Mərkəzinin qarşısında qələbəlik idi. Bu dəfə  sərgi iştirakçıları  Bakıda keçirilən XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi – “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgilərinə baxmaq üçün gəlmişdilər. 

 

Mərkəzin həyətindəki  böyük monitorda Azərbaycanın təbiətini, turizm potensialını özündə əks etdirən  videoçarxla sərgi təşkilatçıları  sanki gələnləri salamlayırdı.

Həyətə girər-girməz stenddə qoyulmuş samovar  qonaqlarda  xoş ovqat yaradırdı. Ağ rəngli buzovun və inəklərin baxışlarını görüb özümüzü kənd ab-havasında hiss etdik.  Öyrənirik ki, Qəbələdə fəaliyyət göstərən “Aqro Kompleks Qəbələ MMC”yə məxsus fermalarda bəslənilən bu heyvanlar ətlik və südlük məqsədilə saxlanılır.   Hər biri haqqında geniş  məlumat  Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Damazlıq Heyvandarlıq Təsərrüfatının  attestasiyasından keçməsi haqqında şəhadətnamədə öz əksini tapıb.  “Aqrokompleks Qəbələ MMC”-nin baytar həkimi Bəhruz bəy bizi xarici görünüşü ilə diqqət çəkən simmental cinsinə aid inəklə--“Tarakan”la və digər  heyvanlarla  tanış edir: “Bu cins inəklər  ətlik üçün nəzərdə tutulub. Onların nə vaxt doğulması,  vaxtı-vaxtında mal-qaraya vurulan vaksinlər, hətta ata-anasının adları daşəhadətnamədə qeyd edilib. Tarakan  53 kiloqram doğulub. İndi isə  diri çəkisi 1496 kiloqramdır. Bu cinslərdən ətlik üçün istifadə edirik. Davarlara gəldikdə isə, qoyunlar yerli--Qala və Qarabağ cinslərindəndir. Görünüşcə kobud və iri olan keçilər isə Hələb cinsindəndir. Onlar çox süd verir.”

Kənd-ab havasından ayrılaraq Mərkəzə daxil olur, sərgidə  stendlərə nəzər yetiririk. Bu dəfəki sərgi də əvvəlki illərdəki kimi qida və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən bir çox yerli və xarici şirkətləri özündə əks etdirir. Söhbət edərkən bir sıra şirkətlərin Bakıda  sərgidə ilk dəfə  iştirak etdiklərini öyrəndik. Bu dəfə dünyanın 32 ölkəsini təmsil edən 440 şirkəti, eləcə də 11 milli və regional qrupu Bakıda XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi -- “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı -- “Caspian Agro” sərgilərinə toplaşmışdı.

İlk olaraq, Azərbaycan Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanovla sərgi barədə danışdıq. O,  ölkəmizdə keçirilən XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisini yüksək qiymətləndirdi: “Bu sərgi Azərbaycanın qida potensialını nümayiş etdirməklə yanaşı, dünyanın aparıcı şirkətlərinin ölkəmizə  olan marağını göstərir. Bu cür sərgilər vasitəsilə görürük ki, ölkəmizdə şirkətlər ildən-ilə inkişaf edir, fərqli məhsul çeşidləri ilə seçilirlər. Bununla da Azərbaycan bazarında yeni markalar meydana gəlir. Ənənəvi olaraq keçirilən bu sərgidə dünyanın müxtəlif ölkələrindən gəlmiş 400-dən çox şirkət təmsil olunur. İldən-ilə artan bu şirkətlərin sayı onu göstərir ki, Azərbaycan dünya üçün əhəmiyyətli və maraqlıdır. Təqdirəlayiq  haldır ki, ölkəmizdə sabitliyin və tərəqqinin, əlverişli iqtisadi mühitin olması əksər şirkətləri ölkəmizə cəlb edir. ”

Belarus  təmsilçisi: Çox istərdik ki, məhsullarımız Azərbaycan bazarında da olsun

Belarus Respublikasının  “Qanna” quşçuluq-broyler fabrikinin marketinq üzrə mütəxəssisi  Alesia İvanova bildirir: Bizim fabrikimiz toyuq məhsulları üzrə ixtisaslaşıb. Biz sadəcə toyuq məhsulları istehsal edirik. Toyuq ətindən olan kolbasa və digər  məhsullarımızı nümayiş etdiririk. İlk dəfədir ki, Bakıdayam. Şəhəriniz heyranedici olmaqla yanaşı, həm də səliqəlidir. İnsanların ünsiyyəti və mental dəyərləriniz çox gözəldir.”

Belarusun “Soloqarskaya” quşçuluq fabrikinin təmsilçisi Yuliya Kupriyanoviç  də sərginin yüksək səviyyədə təşkil olunduğunu bildirdi və qeyd etdi ki, ilk dəfədir, təmsil etdiyi qurum Bakıda sərgidə təmsil olunur. “ Biz  bu sərgidə öz məhsullarımızı nümayiş etdirməklə, onları tanıdır, həm də Azərbaycan bazarına daxil olmaq istəyirik. Əgər distribüter şirkət tapa bilsək , Azərbaycandakı müştərilər də  mütəmadi olaraq məhsullarımızdan alıb  dada biləcəklər. “

İspaniyanın  “Viveros Veron” şirkətinin  təmsilçisi Chus Veron tingçiliklə məşğul olduqlarını bildirdi: “ Bizim də uğurla təmsil olunduğumuz bu sərgi çox maraqlıdır, yaxşı təşkil edilib. Azərbaycanda ilbə-il kənd təsərrüfatı sahəsi inkişaf edir. Biz artıq 3 ildir ki, Bakıda fəaliyyət göstəririk. Sizin bir sıra yerli şirkətlərlə əməkdaşlıq edirik. Burada fəaliyyət göstərmək və bir sıra yerli və xarici şirkətləri bir araya gətirən belə bir sərgidə iştirak etmək xoşdur.”

Gürcülərin çurçxella, çərəz və şərabları

Gürcüstandan olan şirkətlərin stendinə yaxınlaşırıq. Cürbəcür şirniyyatlar, meyvə quruları,  üzüm və qozdan hazırlanmış xüsusi gürcü sucuqları – çurçxella, bal, eləcə də məşhur gürcü şərabları stenddə nümayiş etdirilirdi. Gürcüstanın builki sərgidə  iştirakı barədə  Gürcüstan Ətraf Mühitin Mühafizəsi və  Kənd Təsərrüfatı Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin  mütəxəssisi təmsilçisi Salome Oboladzedən məlumat alırıq: “Artıq altıncı dəfədir ki, ölkəmiz bu sərgidə iştirak edir. Bu il də müxtəlif şirkətlər milli gürcü ənənələrinə uyğun olaraq hazırlanmış şirniyyat növləri, eləcə də, şərabları ilə Bakıya gəlib. Bildiyiniz kimi, Gürcüstan daha çox şərablarına görə tanınır. Həmçinin bal istehsalı ilə məşğul olan qurumların məhsulları da stenddə yer alır.  Biz qonşu ölkəyik və Azərbaycanla yaxşı əlaqələrimiz var. Azərbaycanda belə sərgilərin keçirilməsi çox yaxşıdır. Çünki bu cür sərgilər şirkətlərimizə yeni müştəri qazanmağa imkan verir.

Fermerlər üçün  texniki vasitələr

Sərgidə nümayiş etdirilən  kənd təsərrüfatı texnikaları da diqqət mərkəzindədir. Sevindirici haldır ki, onlar artıq  Gəncə Avtomobil Zavodunun istehsal etdiyi məhsullardır. Gəncə Avtomobil Zavodunun satış şöbəsinin rəisi  İsmayıl Səfərov bildirdi : Zavodumuzda müxtəlif çeşidli kənd təsərrüfatı texnikası, o cümlədən  MTZ markalı “Belarus” modelli traktorlar, müxtəlif kombaynlar  istehsal olunur. Sərgidə yeni kombaynımıza maraq var. Sözsüz ki, kənd təsərrüfatı  texnikasının ölkəmizdə istehsalı və bu sahənin tərəqqisi kənd təsərrüfatının daha da inkişafına müsbət təsir edir. Məhsullarımıza tələbat var. Sərginin əhəmiyyəti böyükdür. Potensial müştərilərimiz yaxınlaşıb, onları maraqlandıran suallarını verir, məhsullarla ətraflı tanış olurlar.”

Yerli qida sənayəmizin  brendlərinə maraq böyükdür

Yerli şirkətlərdən olan “Can” şirkəti sərgidə Azərbaycan milli şirniyyatlarının müxtəlif çeşidlərini istehsal edir. Stenddə paxlavadan tutmuş, noğula qədər hər bir şirniyyat növü  alıcılarının damaq dadına uyğun hazırlanıb. Şirkətin təmsilçisi Səvanə Əsgərova bildirir ki, 1993-cü ildən fəaliyyət göstərən şirkətin məhsulları artıq alıcıların etimadını qazanıb. Onların hazırladıqları şirniyyatları həm də soydaşlarımız xaricə səfər edərkən milli sovqat kimi ürəkaçıqlığı ilə əcnəbi tanış və dostlarına təqdim edə bilirlər.

Turqay İsmayılovun təmsil etdiyi “FOOD TRADE” MMC şirkəti isə sərgidə məşhur firmaların süd məhsullarını nümayiş etdirirdi.  Turqay bəy  bildirdi ki, bu cür sərgilər yeni firma və şirkətlər arasında əlaqələr qurmaq və genişləndirmək üçün olduqca əhəmiyyətlidir. Odur ki, ölkəmizdə keçirilən beynəlxalq sərgilərdən onun şirkəti də faydalanır.   Təqdirəlayiq haldır ki, qida sərgisində artıq brendə çevrilmiş  ABAD məhsulları da yer alır.  ABADın baş marketoloqu Nərmin Məmmədli onların məhsullarına istər yerli, istərsə də xarici iştirakçıların marağının yüksək olduğunu bildirdi və qeyd etdi ki, ABAD qida  məhsulları artıq ölkədə təbii və keyfiyyətli məhsullar olaraq müştərilərin etimadını qazanıb.

Ətirlisən, dadlısan …

Azərbaycan süfrəsini çaysız təsəvvür etmək qeyri-mümkündü. Çünki çay ilin bütün fəsillərində  azərbaycanlıların sevimli içkisidir. Elə bu səbəbdəndir ki, sərgidə müxtəlif çay çeşidləri təqdim edən  şirkətlərə maraq böyük idi.  Onlardan Seylon çayı istehsal edən  “Ceylon fresh Teas pvt ltd”nin təmsilçisi  Asanka Deşapriya  ilə söhbətləşdik. Bizi stendlə tanış etdi. “Biz  sərgidə seylon çaylarının tanıtımını edirik. “Zylannica” çayları barədə məlumat veririk. Azərbaycanda olmaqdan çox məmnunuq və Bakının evsahibliyi etdiyi sərgini yüksək qiymətləndiririk. Sevinirəm ki, azərbaycanlı müştərilər Seylon çayını bəyənir və içirlər. Şri Lankada becərilən  Seylon çayını  digər çaylardan fərqləndirən xüsusiyyət onun gözəl özünəməxsus ətridir. Bakıda keçirilən bu sərgi bizə bir daha imkan yaradır ki, öz məhsullarımızla müştəriləri və şirkətləri daha yaxından tanış edək.”

Əfsanə BAYRAMQIZI,
Şəkillər Elşən AĞALARINDIR
“Xalq qəzeti”

 

17 2019 00:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə