Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəhərli ilanlardan neçə qorunmalı?

Zəhərli ilanlardan neçə qorunmalı?

Havaların istiləşməsi ilə ilanların çöl-bayırda görünməsi, insanların rastına çıxması halları çoxalıb.Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu ilanların həyatının fəal dövrünün başlaması ilə əlaqədar insanları diqqətli olmağa çağırıb.

İnstitutun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, zəhərli ilanların öyrənilməsi ilə məşğul olan Təvəkkül İsgəndərov mediaya açıqlamasında  bildirib:

--Azərbaycan ərazisinin 60 faizindən çoxunda ilanlara rast gəlmək mümkündür. İlanlar ölkəmizin bütün isti və quraq dağətəyi çöllüklərində olurlar. Hazırda ilanların, o cümlədən levantin gürzələrinin fəal dövrü başlayıb. Buna görə də həmin ərazilərdə yaşayan, işləyən və ya gəzintidə olan insanlar diqqətli olmalıdırlar. İlanlar, adətən, kolların dibində, qayaların altında, siçan və siçovulların yuvalarının içində, tərəvəz tağlarının altında, torpaqlardakı çatlarda, eləcə də zirzəmilərdə, abad olmayan həyətlərdə tullantıların içində, daş qalaqlarının, taxta materiallarının altında, evlərin damlarında gizlənirlər.

Zəhərli ilanlardan qorunmaq üsullarını şərh edən alim aşağıdakıları bilıdirib:

--Öz həyətində ilanlardan qorunmağın ən yaxşı yolu budur ki, həyətini ilanlar üçün cəlbedici etməyəsən. Çalışmaq lazımdır ki, həyətlərdə ilanların gizlənə bilməsi üçün yer, qidalanması üçün yem – siçan, qurbağa, kərtənkələ olmasın. İlanlar iyunun ortalarından yumurta qoymağa başlayırlar, qeyd edilən yerlərdə ilanlar öz yumurtalarını gizlədə də bilərlər.

Tullantı olan yerlərdə olarkən, məsələn, həyətindəki taxtanı qaldırarkən, yaxud tağlar arasında işləyərkən çox diqqətli olmaq lazımdır. Bunun üçün insanlar birinci növbədə ilan gizlənə biləcək yeri cubuqla yoxlamalıdırlar. Əgər ilan görərlərsə, narahat olmasınlar. Əllərində heç nə olmadıqları halda, onu tutmağa, ya da öldürməyə cəhd etməsinlər. Bu, onların həyatı üçün təhlükəli olar. İlanı tapdalamasan, ona yaxınlaşmasan, o, səni sancmayacaq, gizlənmək üçün özünə yer axtaracaq.

Unutmayın ki, ilan sizi heç vaxt təqib etməyəcək, o, yalnız özünü müdafiə edəcək. Yaxşısı budur ki, ilanı gördükdə onun ərazidən uzaqlaşmasına, gizlənməsinə imkan yaradasınız və  onun harada gizləndiyini müəyyən edəsiniz. Bundan sonra isə ilanın gizləndiyi ərazidə, 1,5 metr məsafədən onun üstünü tamamilə örtmək üçün üzərinə kisə, pencək və s. atın. O, üstünü bağlı gördükdə özünü gizlənmiş hesab edəcək. Yalnız bundan sonra ilanı zərərsizləşdirmək olar.

Təvəkkül İsgəndərov sonda deyib:

--Bəzən həyətdə bir deyil, bir necə ilan olur və onların da hamısı eyni vaxtda görünmür. İlanı öldürdükdən sonra həyətdəki ilanlardan digərini görən şəxs də elə bilir ki, bu ilan həyətə qisas almaq üçün gəlib. Lakin bu məlumatların heç biri düzgün deyil. İlanların öldürülməsinə görə onun cütünün, yaxud qardaşının qisas alması barədə deyilənlər ancaq rəvayətdir.

Hazırıadı: R. TAHIR.

“Xalq qəzeti”

17 2019 00:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Avqust 2019 | 11:21
“Azercell” Lənkəranda
23 Avqust 2019 | 11:00
Yeni planet kəşf edilib
23 Avqust 2019 | 11:00
Ən çox qazanan aktyor

Köhnə versiyamızdan xəbərləri izlə