Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sözünüzü axıracan deyin, cənab Paşinyan!

Sözünüzü axıracan deyin, cənab Paşinyan!

Ermənistan hökumətinin başçısı Nikol Paşinyan Pekində keçirilən “Asiya sivilizasiyalarının dialoqu” forumunda çıxış edərək deyib: “Biz XXI əsrdə absurd hesab edilən ayırıcı xətlərin, süni maneələrin və bağlı sərhədlərin əleyhinəyik, amma bizim qonşularımız belə maneələri saxlamaqda davam edir, təhlükəsizliyə təhdid və iqtisadi əngəllər yaradırlar”.     
Görünür, Paşinyan “qonşular” dedikdə Azərbaycanı və Türkiyəni nəzərdə tutur. Həqiqətən, Ermənistan Azərbaycan ərazisinin bir hissəsini işğal edəndən sonra  Azərbaycan və Türkiyə Ermənistanla sərhəd hissələrini bağlayıblar.
Ermənistan baş nazirinin dedikləri ilk baxışda tamamilə doğrudur və bu məsələnin təfsilatını bilməyən “obıvatel” ehtiyatsızlıq edərək onun fikri ilə razılaşa da bilər. Lakin “A” deyəndən sonra “B” də demək lazımdır – Paşinyanın dediklərinin hamısı nəticədir, səbəbi isə o, biabırçı şəkildə gizlədir.
Paşinyan ayırıcı xətlərin əleyhinədir. Bakı və Ankara isə başqasının ərazisinin işğal edilməsinin əleyhinədirlər.
Paşinyan XXI əsrdə bağlı sərhədlər olmasını absurd hesab edir. Bu sərhədləri bağlamış dövlətlər isə hələ XX əsrdən davam edən qeyri-qanuni işğalı absurd sayırlar. 
Nəticə var, lakin səbəb də var. Buna görə də səbəbi gizlədərək təkcə nəticə barədə danışmağa dəyməz.
Bir absurd olmasa, ondan irəli gələn başqa absurd da yaranmaz.
Hər şey son dərəcə sadədir, cənab Paşinyan. Gələn dəfə sözünüzü axıracan deyin.

 

Pərvanə QARAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

17 2019 00:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə