Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Astara: Nəticələr ürəkaçandır

Astara: Nəticələr ürəkaçandır

Cənub bölgəsinin gözəl diyarı Astara ildən-ilə, rübdən-rübə inkişaf edir, yeni nailiyyətlər qazanılır. Rayon icra hakimiyyətində 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda bu barədə ətraflı danışılıb.   

Yığıncağı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev deyib ki, aprelin 30-da möhtərəm Prezidentimiz İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında geniş nitq söyləyən dövlət başçısı ötən il prezident seçkilərindən sonra islahatların yeni mərhələsinin başlandığını və onun icrası üçün məqsədyönlü addımlar atıldığını bildirmişdir. Bu ilin yanvar ayında qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair 4-cü Dövlət Proqramının əhəmiyyətindən danışan cənab Prezident hazırda iqtisadiyyatın yeni inkişaf strategiyasının hazırlandığını, ölkədə aparılan islahatların beynəlxalq qurumlar tərəfindən dəstəkləndiyini vurğulamışdır.
Hesabat dövründə cənab İlham Əliyevin imzaladığı sərəncamlarla böyük həcmli sosial paketin icrasına başlanmış, dövlət büdcəsindən maliyyələşən bütün təbəqədən olan insanların əmək haqları, təqaüdlər, maaş və məvaciblər artırılmışdır. Minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə çoxalmışdır. Prezidentin tapşırığına əsasən, problemli kreditlərlə bağlı məsələlər həllini tapmışdır. Ölkə rəhbəri tərəfindən atılan bu humanist addımlardan bütün vətəndaşlar kimi, Astara sakinləri də hədsiz razıdırlar. 
Azərbaycan Respublikası Prezidentinin milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsində proiritet sahələrin – kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, nəqliyyat və loqistika mərkəzinin yaradılması, ixtisaslaşmış turizm sənayesinin inkişafı və digər sahələri əhatə edən meqa layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, şimal-cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində tikilmiş Astara-Astara dəmiryol xətti yükdaşıma xərclərini əhəmiyyətli dərəcədə azaldaraq, ölkəmizin qeyri-neft sektorunun inkişafına böyük töhfə verəcək. Həmçinin rayon ərazisində tikiləcək loqistika və ticarət mərkəzi bölgənin sosial-iqtisadi, xüsusilə də turizmin inkişafı üçün böyük imkanlar yaradacaq. 
2019-cu ilin ilk rübündə Astara rayonunda da xeyli iş görülmüşdür. Yerli gəlir və xərclərin icrası tam həyata keçirilmiş, ümumi məhsul və xidmətlərin həcmi 33 milyon manat olmuşdur. Bunun 12 faizi sənayedə, 26 faizi kənd təsərrüfatında, 11 faizi tikintidə, 48 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 2 faizi nəqliyyat və anbar təsərrüfatında, 1 faizi informasiya və rabitədə olmuşdur.
Tikinti-abadlıq və quruculuq sahəsində də rayonda müəyyən işlər görülmüşdür. Hazırda 360 şagird yerlik Burzubənd kənd tam orta məktəbi üçün yeni binanın, Ərçivan qəsəbəsində çəltik dəyirmanının, Astara şəhərində 48 mənzilli yeni yaşayış binasının tikintisi və uzunluğu 11,6 km olan, 6 yaşayış məntəqəsini birləşdirən Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş avtomobil yolunun yenidən qurulması işlərinə başlanmışdır. Şəmətük kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəb binasının tikintisi və beynəlxalq inkişaf agentliyinin dəstəyi və kənd icmasının köməyi ilə Kijəbə qəsəbəsi ərazisində su xəttinin çəkilişi başa çatdırılmışdır. Motalayataq kənd tibb məntəqəsi üçün yeni bina tikilir. Kələdəhnə ərazisində keçmiş peşə məktəbinə məxsus yararsız yataqxana binaları Mənzil Kommunal Tikinti Təsərrüfatı İstehsalat Birliyinin balansına götürülmüş, orada təmir bərpa işlərinə başlanmışdır.
Rayonda su, qaz, işıq təchizatı yaxşılaşmışdır. Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik təchizatını yaxşılaşdırmaq məqsədilə vəsait ayrılması sakinlərin böyük sevincinə səbəb olmuşdur. 
Rayonda aqrar sahənin inkişafına da diqqətlə yanaşılmışdır. Vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində müəyyən işlər görülmüş, qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar müsbət nəticələr vermişdir. 
Məruzə ətrafında Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov, Astara Elektrik Şəbəkəsinin rəisi Namiq Quliyev, 49 nömrəli Yol İstismarı MMC-nin rəisi Qurban Əliyev və başqaları çıxış ediblər.
Şura iclasına yekun vuran icra başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, rayonun gələcək sosial-iqtisadi inkişafı, tikinti-quruculuq və abadlıq işlərinin davam etdirilməsi məqsədilə daha prioritet məsələlər gündəmdədir. Prezidentin tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün mövcud imkanlardan səmərəli istifadə edərək rayonda sitrusçuluq, çayçılıq, çəltikçilik, tərəvəzçilik, arıçılıq və digər sahələri genişləndirməklə məhsul istehsalı artırılmalı, ərzaq bolluğunun yaradılmasına nail olunmalıdır. 
Şura iclasında Prezident Administrasiyasının sektor müdiri Dəyanət Abdullayev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi altında son 15 ildə görülmüş işlərdən danışıb və diqqəti qarşıda duran vəzifələrə cəlb edib.  

 

Əli NƏCƏFXANLI, 
“Xalq qəzeti”

 

17 2019 00:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Avqust 2019 | 11:00
Yeni planet kəşf edilib
23 Avqust 2019 | 11:00
Ən çox qazanan aktyor

Köhnə versiyamızdan xəbərləri izlə