Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu il ali məktəblərə qəbul olunmuş tərtərli gənclərlə görüş

Bu il ali məktəblərə qəbul olunmuş tərtərli gənclərlə görüş

Tərtər rayonunda bu il ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçirilmişdir. İştirakçılar əvvəlcə mərkəzi meydanda ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, ulu öndərin xatirəsini dərin ehtiramla yad etmişlər. 
Mədəniyyət Mərkəzində davam edən görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu il ali məktəblərə qəbul olunmuş tələbələri, onların müəllim və valideynlərini rayon ictimaiyyəti adından təbrik etmişdir. O, ümumölkə bilik yarışmasında rayonun şərəfini layiqincə qorumuş gənclərə təhsilin növbəti mərhələsində uğurlar diləmiş, həyatda bütün arzularına çatmağı arzulamışdır.
Rayon rəhbəri qeyd etmişdir ki, “Təhsil millətin gələcəyidir” deməklə ümummilli lider Heydər Əliyev respublikamızın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu uzaqgörənliklə bildirmiş və Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ölkəmizdə təhsilin inkişafına yüksək qayğı göstərmişdir. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev də ölkəmizdə müasir təhsil sistemi yaradılmasına müstəsna önəm verir. 
Tərtər rayonunda dövlət rəhbərliyinin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya cavab olaraq qazanılan uğurlardan danışan Müstəqim Məmmədov daha sonra bildirmişdir ki, bu il ali təhsil ocaqlarına sənəd verən 363 abituriyentdən 224 nəfəri tələbə adı qazanmışdır. Onlardan 191 gənc orta məktəbi bu il bitirənlər, 33 nəfər isə əvvəlki illərin məzunlarıdır. Builki qəbul kampaniyasında 108 tərtərli orta ixtisas məktəblərinə, 1 nəfər isə C.Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur.
Ali məktəbə daxil olan 10 gənc 600-dən, 19 nəfər isə 500-dən yuxarı bal toplamışdır. 600 baldan yuxarı nəticə göstərənlərin 4 nəfəri Tərtər şəhər 2 saylı, 2-si şəhər 1 saylı, 1-i şəhər 6 saylı, 1-i Bəyimsarov, 1-i Dəmirçilər, 1-i isə Seydimli kənd tam orta məktəblərinin məzunlarıdır. Ali məktəblərə qəbul zamanı rayon üzrə Tərtər şəhər 1 və 2, Güləbatlı, Qapanlı kənd tam orta məktəbləri fərqlənmişlər. 
Mərasimdə Milli Məclisin Tərtərdən seçilmiş deputatı Sahib Alıyev də gəncləri təbrik etmiş, onlara təhsildə və həyatda daha böyük uğurlar arzulamışdır.
Təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, Gülabatlı kənd tam orta məktəbinin direktoru Asif Alıkişiyev, Dəmirçilər kənd tam orta məktəbini “qızıl medal”la bitirmiş Kubra Bayramovanın atası Talıb Bayramov, Qapanlı kənd tam orta məktəbin direktoru Fitat Əliyeva da tələbə olmaları ilə tərtərliləri sevindirmiş gəncləri bir daha təbrik etmiş, onlara təhsildə və ictimai işlərdə uğurlar arzulamışlar. Onlar rayonda ali və orta ixtisas məktəblərinə qəbul üzrə göstəricilərin ildən-ilə yüksəlməsinə yaratdıqları şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər. 
Tərtər şəhər 1 nömrəli tam orta məktəbinin 687 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuş məzunu Laçın Əliyeva, şəhər 2 nömrəli məktəb-liseyin 659 bal toplamış “qızıl medal”çısı Nuranə Kərimova Vətənə daha gərəkli olmaq üçün bundan sonra da elm və biliklərə səylə yiyələnəcəklərini söyləmiş, rayon ictimaiyyətinin gözləntilərini həmişə doğruldacaqlarını vurğulamışlar. 
Görüşdə qeyd olunmuşdur ki, Tərtər rayonunda son illərdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı ardıcıl işlər görülür. Təhsil ocaqları təmir olunur, yeni məktəblər tikilir. Ötən tədris ilində Tərtər şəhər 6 saylı tam orta və Qazyan kənd ümumi orta məktəbləri əsaslı təmir olunmuşdur. Prezident İlham Əliyevin sərəncamına əsasən, Bayandur, Poladlı kəndləri üçün modul tipli məktəblər istifadəyə verilmişdir, Zolgəran kənd ümumi orta və Kovdadıq kənd ibtidai məktəbləri üçün də belə binalar tikiləcək. Seydimli kənd tam orta məktəbinin əlavə korpusu əsaslı təmir olunmuşdur. Qaradağlı kənd tam orta məktəbinin bir korpusunu isə Yaponiya səfirliyi əsaslı təmir etdirmişdir. Təhsil Nazirliyi Buruc kənd tam orta məktəbində cari təmir işləri aparır. 
Sonda 600 və 500-dən yuxarı bal toplayan tələbələrə hədiyyələr və fəxri fərmanlar verilmişdir.
 

Ziyəddin SULTANOV, 
“Хаlq qəzеti”nin bölgə müхbiri 

3 2018 21:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə