Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DOST sosial müştərilərin etibarlı dostudur

DOST sosial müştərilərin etibarlı dostudur

2019-cu il may ayının 9-u ömrümün ən yaddaqalan günlərindən biri oldu. Çünki həmin gün Azərbaycan dövlətinin sosial sahədəki islahatlarının indiyədək qeydə alınan ən möhtəşəm layihəsinin təqdimatında mən də iştirak etdim. O gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində iştirak edirdilər. 

Əlbəttə, cənab Prezidentin  sosial qayğıya ehtiyacı olan insanlara xidmət edəcək bu agentliyin  fəaliyyət istiqamətləri və burada işləyənlərə də, müraciət edən vətəndaşlara da yaradılan şəraitlə tanış olması, hamımızla salamlaşması, ona verilən məlumatların hər biri ilə maraqlanması bizim üçün çox maraqlı idi. Ancaq onun ilk DOST mərkəzində işləyənlərlə görüşdə biz gənclərə nə dərəcədə inanıb, etimad göstərməsini eşitmək daha xoş idi.
Prezident  sosial sahədə həyata keçirilən islahatlardan, Azərbaycan dövlətinin qayğıya ehtiyacı olan insanların hamısını əhatə edən layihələr həyata keçirməsindən və bu sahədəki uğurlardan əhatəli şəkildə danışdı. Sonda isə sözü biz gənclərə olan inamın üstünə gətirdi: “Mən çox şadam ki, burada işləyənlərin, demək olar, hamısı gənclərdir və gənclər üçün yaradılan şərait gələcəyə qoyulan sərmayədir. Çünki gənclər gələcəkdə ölkəmizi idarə edəcəklər, öz töhfələrini verəcəklər. Gənclər bilikli, savadlı, vətənpərvər və qayğıkeş olmalıdırlar. Əminəm ki, siz burada vətəndaşlara çox yüksək xidmət göstərəcəksiniz”. 
Biz də möhtərəm Prezidentimizi əmin edirik ki, DOST “həqiqətən” sosial qayğıya ehtiyacı olan vətəndaşlarımızın etibarlı dostu olacaq. O ki qaldı burada çalışan gənclərin hazırlıq səviyyəsinə, deyə bilərəm ki, əvvəla, onların hər biri çoxsaylı gənclər arasından seçilib. İkinci, biz bu fəaliyyətə başlayanadək bir ay müddətində həm nazirlikdə, həm də ADA Universitetində intensiv təlimlər keçmişik. Mütəxəssislər bizim informasiya texnologiyaları ilə mükəmməl işləməyimizi yoxlayıb,  kömək göstərib, əhalinin həssas  zümrələrindən olan insanlarla işləməyi öyrədib, dövlətin bu sahəyə aid olan qanunları, qərarları, fərman və sərəncamları barədə ətraflı məlumat veriblər. 
Ən başlıcası, qeyd ediblər ki, Azərbaycan dövlətinin  sosial siyasəti məhz   DOST mərkəzlərində öz əksini tapır – islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Elə dövlət başçımız da dedi ki,  bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcəkdir.
Təlimlərdə onu da eşitdik ki, DOST Agentliyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir. Bu isə o deməkdir ki, bizim üzərimizə həm Prezidentin imzaladığı fərman və sərəncamların layiqincə yerinə yetirilməsi, həm də Birinci vitse-prezidentin təşəbbüsünün yüksək səviyyədə icrasına nail olmaq kimi məsuliyyət düşür. 
Mən altı ildən çoxdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində çalışıram. İkinci dərəcəli dövlət qulluqçusuyam. Yəni istənilən halda dövlət qulluqçusu kimi hansısa perspektivi gözləyə bilərdim. Amma, nazirliyin müvafiq qurumlarından DOST-da fəaliyyət göstərmək təklifini alanda, qətiyyən tərəddüd etmədən dövlət qulluqçusu statusundan ayrılaraq buraya gəldim. Özü də haqlı olaraq. 
Bu cümlədəki “təklif” sözünü təsadüfən yazmadım. Çünki nazirliyin indiki rəhbərliyi, sözün həqiqi mənasında,  perspektivli, qabiliyyətli gəncləri seçir və onların irəli çəkilməsini təmin edir. DOST-un ilk mərkəzində çalışmaq üçün seçilən 96 nəfərdən biri olduğuma görə də bu seçimi edənlərə minnətdarlığımı bildirirəm.
Vətəndaşlara hansı istiqamətlərdə, hansı səviyyədə xidmət göstərəcəyimizin, necə DOSTluq edəcəyimizin  şahidləri isə, ilk növbədə, Yasamal və Səbail rayonlarının bizə müraciət edən sakinləri olacaqlar. Onları məmnuniyyətlə gözləyirik. İnanıram ki, dostluğumuz səmimi və uzunömürlü olacaq. 

 

Natiq QAÇAYEV,
Bakıdakı ilk DOST mərkəzinin əməkdaşı

 

16 2019 12:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə