Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa İttifaqı ilə əlaqələrin genişlənməsi təqdirəlayiqdir

Avropa İttifaqı ilə əlaqələrin genişlənməsi təqdirəlayiqdir

Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrin dövlət və hökumət başçılarının sammiti başa çatıb. Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyində çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Şərq Tərəfdaşlığı Proqramında iştirak edən fəal ölkələrdən biridir. Müstəqil ölkəmizin aparıcı Avropa strukturları, xüsusilə Avropa İttifaqı kimi nüfuzlu bir təşkilat ilə hərtərəfli əlaqələrinin genişlənməsi ölkə ictimaiyyətində dərin razılıq hissi ilə qarşılanıb. Bu barədə Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Atamoğlan Məmmədli fikirlərini bizimlə bölüşdü: 
– Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin Brüsselə işgüzar səfərini, orada keçirdiyi mühüm görüşləri, səsləndirdiyi dəyərli fikir və təklifləri ölkə və qlobal media vasitəsilə dərin maraqla izlədim. Hesab edirəm ki, Azərbaycanın Avropa İttifaqı ilə hərtərəfli əlaqələrinin genişlənməsi hər cür təqdirə layiqdir. 
Dövlətimizin başçısı Brüsseldə haqlı olaraq bildirib ki, Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə sıx əlaqələrə malikdir. Avropa İttifaqının bir sıra dövlətləri ilə əlaqələrimiz hətta strateji tərəfdaşlıq xarakteri daşıyır. Sevindirici haldır ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və təşkilatın üzv dövlətləri ölkəmizdə aparıcı sərmayəçi qismində çıxış edirlər.
Avropa da regionun lideri sayılan müstəqil Azərbaycanla hərtərəfli əlaqələrin güclənməsində maraqlıdır. Axı, ölkəmiz son illər qitənin enerji təhlükəsizliyinə böyük töhfələr verir. Bunu Brüsseldə dərin məmnunluq hissi ilə etiraf edir və yüksək qiymətləndirirlər. 
Dövlətimizin başçısı Brüsseldəki çıxışlarında Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin vacibliyi məsələsinə də toxunub. Problemin həllinin yubadılması təkcə region üçün deyil, bütövlükdə, qitənin təhlükəsizliyi üçün təhdiddir. Buna görə də beynəlxalq qurumlar, o cümlədən Avropa İttifaqı Qarabağ münaqişəsinin həllində daha konstruktiv mövqe nümayiş etdirməyə çalışmalıdır. 
Sonda qeyd etmək istəyirəm ki, Avropa İttifaqı ilə əlaqələrimizin yeni, keyfiyyətcə daha yüksək səviyyəyə yüksəlməsi hər iki tərəfin maraqlarına xidmət edir. Qarşılıqlı inam və etimad üzərində qurulan bu əlaqələrin gələcəkdə daha sıx, intensiv xarakter alacağına əminəm. 

Söhbəti qələmə aldı: 
M.HACIXANLI,
“Xalq qəzeti” 

16 2019 12:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə