Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın prioritetləri adlı mühüm sənəd imzalanmışdır. Bu sənəddə bir çox məsələlər öz əksini tapır. Xüsusilə onu vurğulamalıyam ki, Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan məsələlər çox müsbət xarakter alır. Bu sənəddə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Xalqımızın və dövlətimizin xoşbəxtliyidir ki, Prezident İlham Əliyevin istənilən xarici səfərindən sonra politoloq və siyasi analitiklər diplomatiyamızın növbəti uğurundan danışırlar. Cənab Prezidentin mayın 13-də reallaşdırdığı Brüssel səfəri də bu baxımdan istisna təşkil etmədi. Rəsmi protokolda işgüzar səfər kimi qeyd edilən bu səfər, sözün həqiqi mənasında, çox işgüzar oldu. Belə ki, dövlət başçımız səfərin ilk günü Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşdü. Müzakirələr çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Azərbaycanın Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaş olduğunu qeyd edən Donald Tuskun etirafı Bakıda və xaricdəki dostlarımızın yanında nə qədər məmnunluqla qarşılandısa, onun Azərbaycanın regiondakı rolunun Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulaması da Ermənistanda bir o qədər narahatlıq və qısqanclıqla qəbul edildi.

Xatırladaq ki, son zamanlar Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər uğurla inkişaf edir və ölkəmiz bu əlaqələrin genişlənməsinə böyük önəm verir. Elə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tuska Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə ətraflı məlumat verməsi də bu əlaqələrin genişləndirilməsinə verdiyimiz önəmin göstəricilərindən biri idi. Tərəflər Azərbaycan və Avropa İttifaqı arasında bir il qabaq imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin əhəmiyyətini vurğulamaqla yanaşı, üzərində danışıqlar aparılan tərəfdaşlıq sazişi ilə bağlı fikir mübadiləsi də ediblər.
Bundan başqa, Avropa İttifaqı Şurasının prezidentinin adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyində çıxış edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Şərq Tərəfdaşlığı Proqramında iştirak edən fəal ölkələrdən biri olmaqla yanaşı, Avropa İttifaqına üzv dövlətərlə də sıx əlaqələrə malikdir. Belə ki, Azərbaycanın Avropa İttifaqının üzvü olan doqquz ölkə ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır.
Bu gün təkcə Avropada deyil, eləcə də bütün dünyada hamıya məlumdur ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və təşkilatın üzv dövlətləri ölkəmizdə aparıcı sərmayəçi qismində çıxış edirlər. Amma, çox təəssüf ki, qurumun Şərq Tərəfdaşlığı Proqramının iştirakçısı olan Ermənistan və Azərbaycan arasında münaqişənin öz həllini tapmaması da günün reallıqları sırasındadır. Dövlət başçımız beynəlxalq təşkilatın üzvü olan dövlət və hökumət rəhbərlərinin nəzərinə çatdırıb ki, bu münaqişə yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır.
Siyasi ekspertlərin fikrincə, bu gün təkcə Avropa İttifaqı deyil, eləcə də bütün beynəlxalq təşkilatlar Azərbaycanın yeganə problemi olan Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın ərazi bütövlüyünün bərpası şərti ilə həllini istəyirlər. Özü də tezliklə. Çünki bugünkü Avropaya hansısa ac-yalavac ölkə ilə münaqişədə olan Azərbaycan yox, qüdrətli iqtisadiyyatı və müstəqil siyasəti olan Azərbaycan Respublikası lazımdır. Nə üçün? Bu sualın cavabını da cənab Prezidentin Brüsseldəki çıxışında tapmaq mümkündür. Dövlət başçımız Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfələr verdiyini vurğulayaraq bildirdi ki, ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrində hasilatçı, tranzit və istehlakçı dövlətlərin maraqları onların əməkdaşlığı çərçivəsində birgə şəkildə qorunur. Eləcə də, Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşdırılmasında mühüm rol oynadığını qeyd edən Prezident ölkəmizin Avropa İttifaqı ilə nəqliyyat sahəsində də uğurla əməkdaşlıq etdiyini bildirdi. Bütün bunlar isə müasir Avropada günün ən aktual məsələlərindən biri kimi qəbul edilir. Ona görə də Azərbaycana olan münasibət gündən-günə daha da yaxşılaşır. 
Yeri gəlmişkən, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşündəki çıxışında bildirib ki, Avropa İttifaqı xarici ticarət dövriyyəmizdə təxminən 42 faizlik paya malik olmaqla, Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Həmçinin Avropa İttifaqı Azərbaycanda ən böyük investordur. Ənənəvi birgə Avropa İttifaqı --Azərbaycan Biznes Forumu Avropa İttifaqının müxtəlif sənaye və xidmət sektorundan çoxlu nümayəndə cəlb edir. Növbəti biznesforum bu il iyunun 13-də Bakıda keçiriləcək. 
Azərbaycanın baş diplomatı xüsusilə vurğulayıb ki, biz Avropa İttifaqı ilə yeni ikitərəfli müqavilə ilə bağlı keyfiyyətyönümlü danışıqlar vasitəsilə ikitərəfli münasibətlərdə uğur əldə etməkdə maraqlıyıq. Biz həm bir-birimizdən öyrənirik, həm də əməkdaşlıq prosesində bir-birimiz barədə məlumatlanırıq.
Xatırladaq ki, Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədinin imzalanmasından əlavə, daha yeni olan iki sektoral format – təhlükəsizlik və nəqliyyat dialoqlarına başlanılıb. Nazir vurğulayıb ki, 2017-ci ildə Brüsseldə keçirilmiş sonuncu Şərq Tərəfdaşlığı Sammiti konkret məqsədlərə nail olmağı özündə əks etdirən “2020-ci il üçün 20 nəticə” adlı sənədi dəstəkləyib. Tərəflər inanırlar ki, bu nəticələr regionumuza daha böyük dərəcədə davamlılıq, rifah, inkişaf və bağlılıq gətirmək imkanında olacaq. 
Bununla yanaşı, Azərbaycan təmsilçisi həmin məsələdə də milli maraqlarımızın və dövlətimizin mənafelərinin qorunması zərurətini indidən dilə gətirir. Özü də, böyük ustalıqla: “Lakin “2020-ci il üçün 20 nəticə” üzrə danışıqlar bərabər tərəfdaşlar arasındakı kimi baş tutmalıdır. Bu prosesin müvəffəqiyyəti nəzərəçarpacaq nəticələrdən asılı olacaq. Həmin məqsədlərdən bəziləri Azərbaycanın əsas sektorları üzrə Strateji Yol xəritələrinə uyğun gəlir”.
İndiyədək Avropadakı məlum antiazərbaycan dairələrin müxtəlif tribunalardan dilə gətirdiyi bəzi məsələlərə üstüörtülü olsa da, münasibət bildirən nazir xüsusi olaraq vurğulayır ki, Azərbaycan hökuməti vətəndaşlarının bütün insan hüquq və fundamental azadlıqlarından tam yararlanmasını təmin etmək üçün genişmiqyaslı proqramlar həyata keçirir: “Bu xüsusda, 2019-2023-cü illərdə ədliyyə sisteminin təkmilləşdirilməsinə dair əlavə qanunvericilik və struktur tədbirlərini nəzərdə tutan ədliyyənin inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramını qeyd etmək lazımdır”.
Avropa İttifaqının, eləcə də, bütün beynəlxalq təşkilatların əsas prinsiplərindən biri də üzv ölkələrin öz qonşuları ilə münasibətlərdə əməkdaşlıq və tərəfdaşlıq kursu götürməsinin zəruriliyidir. Fikrimizcə, Azərbaycan bu baxımdan bir çox ölkələrə nümunə göstərilə bilər. Çünki Azərbaycan, demək olar ki, bütün qonşuları ilə çox yaxşı, bəziləri ilə isə strateji xarakterli münasibətlər qurub. Ölkəmiz özünü regionda, eləcə də Avropa İttifaqı ilə münasibətlərində etibarlı tərəfdaş kimi doğruldub.
Amma o da faktdır ki, Avropa İttifaqının və Azərbaycanın qonşuluğunda bəzi problemlər hələ də qalmaqdadır. Bir sıra regional perspektivlər, o cümlədən bağlılıq, ticarət layihələri və bəzi digər təşəbbüslər həll edilməmiş münaqişələrin girovu olaraq qalmaqdadır. Belə ki, Azərbaycan ərazilərinin işğalının Ermənistan tərəfindən davam etdirilməsi bölgənin daha yüksək əməkdaşlıq səviyyəsinə keçməsinə maneələr törədir. Elmar Məmmədyarovun fikrincə, əgər biz birlikdə Şərq Tərəfdaşlığı vasitəsilə irəliləyiriksə, onda Avropa İttifaqının qonşuluq siyasətinin məqsədlərinə nail olmaq üçün münaqişələrin nizamlanması və işğalın aradan qaldırılması məsələləri öz həllini tapmalıdır. 
Xatırladaq ki, Avropa Parlamentinin 2013-cü ilin oktyabrında qəbul etdiyi qətnamədə vurğulandığı kimi, Avropa İttifaqının bir tərəfdaşı digər tərəfdaşının ərazisini işğal edə bilməz. Beləliklə, burada təkcə BMT Təhlükəsizlik Şurası, BMT Nizamnaməsi və ya ATƏT sənədləri deyil, Avropa İttifaqının qanunverici qurumu da hər şeyi öz adı ilə çağırıb. Azərbaycan tərəfi inanır ki, Şərq Tərəfdaşlığının gələcəyi və uğuru məhz bölgədə təhlükəsizlik və sabitliyin qoruna biləcəyindən asılıdır. Bu təhlükəsizlik və sabitliyin qorunmasının qarşısındakı yeganə maneə isə Ermənistan dövləti və onun işğalçı siyasətidir.

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

 

 

16 2019 12:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə