Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Suraxanıda tibbi müayinə uğurla başa çatıb

Suraxanıda tibbi müayinə uğurla başa çatıb

Prezident İlham Əliyevin 2019-cu il fevralın 11-dən mayın 11-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı Suraxanı rayonunda da böyük ruh yüksəkliyi ilə icra edilmişdir. Rayon icra hakimiyyəti (RİH) başçısının 5 fevral 2019-cu il tarixli sərəncamı ilə tibbi müayinənin yüksək səviyyədə, operativ təşkili məqsədilə müvafiq komissiya yaradılmış, müəssisə və idarə kollektivlərinin tibbi müayinədənkeçmə qrafiki tərtib olunmuşdur. Rayon ərazisindəki 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada əhalinin pulsuz tibbi müayinəsi uğurla keçirilmişdir.

Əhalin tibbi müayinəsinin aparıldığı dövrdə bu sosial tədbirin mütəşəkkilliyi məqsədilə RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, bələdiyyələr və Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən əhali arasında maarifləndirici tədbirlər həyata keçirilmişdir. Görülən işlərin nəticəsidir ki, əhalinin tibbi müayinəsi uğurla başa çatmışdır.
Suraxanı üzrə 180 min 668 nəfər (18 yaşdan yuxarı) sakinin və rayonda məskunlaşan məcburi köçkünün tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində müayinə olunmuşdur. Rayon üzrə 159 min 15 nəfərin (əhalinin 88,01 faizi) və 127 müəssisə kollektivinin tibbi müayinəsi aparılmışdır. Onlardan 9 min 33 nəfəri rentgen, 5 min 102 nəfəri USM aparatından, 16 min 568 nəfəri laboratoriya və 3 min 265 nəfəri EKQ müayinəsindən keçmişdir. Bu zaman 4 min 41 nəfərdə müxtəlif xəstəliklər aşkarlanmış, 137 nəfər stasionar müalicəyə cəlb edilmiş, 152 nəfər təkrar müayinə və müalicə olunmaq üçün paytaxtın müxtəlif xəstəxanalarına göndərilmişdir.
Tibbi müayinənin keçirildiyi dövrdə səhiyyə müəssisələrində işləyən həkimlərdən ibarət səyyar briqadalar fəaliyyət göstərmişdir. Həmin briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərmiş, aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilmişdir.
Rayonda tibbi müayinənin aparıldığı səhiyyə ocaqlarından biri də 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsi olmuşdur. Xəstəxananın baş həkimi Azər Məmmədov bildirmişdir ki, tibbi müayinələrin aparılması üçün şöbə əvvəlcədən tam hazır vəziyyətə gətirilmiş və müayinə uğurla başa çatmışdır. A.Məmmədov vurğulamışdır ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, vətəndaşların tibbi müayinəsi əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin vaxtında aşkarlanmasına xidmət edir. ­Poliklinika 36 min 952 nəfər böyük əhaliyə xidmət göstərir. Tibbi müayinə dövründə 30 min 32 nəfərin tibbi müayinəsi aparılmışdır. Onlardan 2 min 840 nəfəri rentgen, 790 nəfəri USM aparatından, 4 min 118 nəfəri laboratoriya və 684 nəfəri EKQ müayinəsindən keçmiş, 1162 nəfərdə müxtəlif xəstəliklər aşkar olunmuş, 31 nəfər stasionar müalicəyə və 30 nəfər paytaxtın digər xəstəxanalarına müayinə üçün göndərilmişdir. 
Tibbi müayinədən razı qalan sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. 

“Xalq qəzeti”

 

16 2019 12:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə