Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Suriya konsensusa çox yaxındır

Suriya konsensusa çox yaxındır

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Suriyada Konstitusiya komitəsinin yaradılması məsələsində nəzərəçarpan konsensusa nail olunub. Xəbəri “Anadolu” agentliyi yayıb. 

Qeyd edək ki, Türkiyənin xarici siyasət idarəsinin rəhbəri İstanbulda Suriya müxalifətinin lideri Naser Hariri ilə görüşərək onunla danışıqlar aparıb. Türkiyəli diplomat görüşün nəticəsi barədə öz “Twitter” səhifəsində bildirib: “Biz Suriyada Konstitusiya komitəsinin formalaşdırılması məsələsində mühüm razılığın əldə olunmasına çox yaxınıq”. 
Nazir həmçinin qeyd edib ki, Bəşər Əsəd rejiminin Suriyanın şimalında dörd deeskalasiya zonasından biri olan İdlib bölgəsinə hücumları Soçi memorandumunun tələblərinin kobud surətdə pozulması deməkdir ki, bu, Astana danışıqlarının ruhu ilə tam ziddiyyət təşkil edir. 
Xatırladaq ki, Suriya ordusunun hissələri İdlibdə deeskalasiya zonasının yaradılması barədə 2017-ci il sentyabrın 17-də Soçidə əldə olunmuş razılaşmaya məhəl qoymadan, ərazidə kəskin hücumlar təşkil edirlər. 
Təhlilçilər bildirirlər ki, bu il 25-26 aprel tarixlərində Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən danışıqlar ərəfəsində başlanan hücumlar ara vermədən davam etdirilir. Yerli müşahidəçilərin sözlərinə görə, son iki həftə ərzində Suriya ordusunun hücumları xüsusilə intensiv xarakter alıb.
Yeri gəlmişkən, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bugünlərdə İdlibdə yaranmış ağır vəziyyəti telefon vasitəsi ilə müzakirə ediblər. Hər iki lider bölgədə vəziyyətin daha da gərginləşdirilməsinin yolverilməz olduğunu bildiriblər. 

M.HACIXANLI, “Xalq qəzeti”

 

16 2019 11:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə