Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Muzeydə muğam axşamları” musiqili layihəsinin açılış mərasimi

“Muzeydə muğam axşamları” musiqili layihəsinin açılış mərasimi

Ölkəmizin tarix və mədəniyyətinin cövhəri olan İçərişəhər incəsənətin çiçəklənməsi, tərəqqisi üçün əsrlər boyu mərkəz rolunu oynamışdır. Bu tərəqqinin keçdiyi yolu isə musiqi olmadan təsəvvür etmək mümkün deyil. Bütün bəşəriyyəti birləşdirən, hər kəsə sevinc hissi aşılayan musiqinin gücü inkaredilməzdir. Bu ilin yaz mövsümündə də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qədim şəhərdə musiqili layihə ənənəsini yenidən canlandırmağı qərara almışdır.

"İçərişəhər" DTMQİ "İçərişəhər" Muzey Mərkəzi, Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə may ayından etibarən "Muzeydə muğam axşamları" adlı yeni layihəsini təqdim edir. İlk dəfə Şirvanşahlar Saray Kompleksində təşkil ediləcək musiqili tədbirin keçirilməsində məqsəd xalqımızın tarixi qədər qədim olan, böyük təkamül yolu keçmiş musiqi mədəniyyətimizi təbliğ etməkdir. Milli musiqimizi tərənnüm edəcək konsert proqramının - Saray məclisinin minillik tarixi olmuş, ən uzunömürlü orta əsr dövlətimizin iqamətgahında - Şirvanşahlar Sarayı Kompleksində keçirilməsi heç də təsadüfi deyildir. Bugün "saray məclisləri"nin təşkil edilməsi vaxtilə sarayda keçirilmiş məşhur "şərq gecələri", "musiqi məclisləri" ənənəsinin yaşadılmasına xidmət edəcəkdir.

Layihənin ilk saray məclisi 20 may 2019-cu il tarixində xalq artisti Mənsum İbrahimovun ifası ilə açılacaq. Xanəndəni əməkdar artistlər - tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov, nağarada Kamran Kərimov müşayiət edəcək. İnanırıq ki, Azərbaycanın ən qədim xalq musiqi növlərindən biri olan muğamın təbliğinə həsr edilmiş tədbirlərin qədim məkanda təşkili, eləcə də klassik musiqi və tarixi məkanımızın bir vəhdətdə təqdim edilməsi şəhərimizin sakinlərinə və qonaqlarına qeyri-adi bir hiss bəxş edəcək.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

16 2019 11:39 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə