Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT ABŞ-ın Fələstin qaçqınlarına yardımı dayandırmasından təəssüflənir

BMT ABŞ-ın Fələstin qaçqınlarına yardımı dayandırmasından təəssüflənir

BMT-nin Baş katibi Antoniu Quterreş ABŞ-ın Yaxın Şərq Agentliyinə Fələstin qaçqınları üçün yardımları dayandırmaq barədə qərarından təəssüfləndiyini bildirib və digər ölkələri bununla bağlı yaranmış maliyyə çatışmazlığını aradan qaldırmağa çağırıb. Bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bəyan edib. Məlumatı TASS verib. 
“Biz ABŞ-ın bu məqsəd üçün maliyyəni dayandırmaq barədəki qərarından təəssüflənirik. Bu yardım Fələstin qaçqınlarına əhəmiyyətli dəstək olurdu və regionda sabitliyə ciddi töhfə verirdi, – deyə Düjarrik bildirib. – Baş katib digər ölkələrə maliyyə çatışmazlığını tamamlamaq və Fələstin əhalisinin müdafiəsiz hissəsini ümidsiz qoymamaq çağırışı ilə müraciət edib”.
Onun sözlərinə görə Yaxın Şərq Agentliyi Baş katibin tam etimadını qazanıb: “Baş komissar Pyer Krenbul ABŞ-ın yardımı dayandırması səbəbindən bu il təşkilatda yaranmış görünməmiş böhranı aradan qaldırmaq üçün fəal və yorulmaz səylər göstərib, donorların sayının artırılmasına, yeni maliyyə vəsaitlərinin cəlb edilməsinə nail olub. Bundan əlavə, agentlik ekstraordinar tədbirlər görərək xərcləri azaldıb və fəaliyyətində effektivliyi artırıb”. 
Qeyd edək ki, bir qədər əvvəl ABŞ Yaxın Şərq Agentliyinin “iş modelini və büdcə praktikasını qeyri-rasional” hesab edərək, ona maliyyə ayrılmasını tamamilə dayandırdığını elan edib. Dövlət Departamentinin bununla bağlı bəyanatında deyilir ki, əvəzində Vaşinqton ABŞ-ın və digər tərəfdaşların “birbaşa köməyi” də daxil olmaqla, yeni model və yardım üsulu təklif etmək niyyətindədir. 
Xatırladaq ki, Yaxın Şərq Agentliyi (BAPOR) BMT Baş Assambleyasının 8 dekabr 1949-cu il tarixli qətnaməsi əsasında 1948-ci il ərəb-İsrail münaqişəsi nəticəsində ev-eşiyini və yaşamaq üçün hər cür şəraitini itirmiş Fələstin qaçqınlarına kömək üçün təsis edilib. Təşkilat Fələstin qaçqınlarına təhsil, səhiyyə, humanitar yardım və digər sosial xidmətlər sahəsində kömək edir. 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

 

3 2018 21:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin