Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Mixaylo” Kiyevdədir

“Mixaylo” Kiyevdədir

Ukrayna paytaxtında əfsanəvi partizan haqqında kitabın təqdimatı keçirilib

Böyük Vətən müharibəsində sovet xalqlarının  Qələbəsinin 74-cü ildönümü günlərində Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı, “Mixaylo” ləqəbli əfsanəvi partizan Mehdi Hüseynzadəyə həsr olunan yeni kitabın təqdimatı keçirilib.

Balkanların uzaq sahillərində Mehdi Hüseynzadənin qəhrəmanlığına meydan olmuş Sloveniyanın çağdaş yazıçısı Peter Amaliettinin çəsur soydaşımızın 100 illik yubileyi münasibətilə  ərsəyə gətirdiyi “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabını ana dilimizə Azərbaycan Dövlət Tərcümə Mərkəzi çevirib çap etmişdir.

Kiyevdəki  xarici ölkə təmsilçilərinin, yazarların və Azərbaycan diasporu nümayəndələrinin iştirak etdiyi mərasimin aparıcısı tarix elmləri namizədi Oleq Kupçik Mehdi Hüseynzdənin hünərinin Ukraynada da həmişə yüksək ehtiramla xatırlandığını vurğulayıb.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev isə bildirib ki, hələ Sloveniyada diplomatik korpusda çalışdığı zaman bu kitabın rus dilinə tərcümə edilərək çapına nail olub: “Mehdi Hüseynzadə Azərbaycanın şanlı tarixidir. Onun bütün dünyada tanıdılması üçün bu kitab ən gözəl mənbələrdən biri hesab edilir. Qəhrəma soydaşımızın keçdiyi şərəfli döyüş yolundan bəhs edən bu kitab gənc nəslə milli öyünc hissi aşılanması baxımından əhəmiyyətlidir”.

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin idarə heyətinin sədri, yazıçı Afaq Məsud söyləyib ki, Mehdi Hüseynzadə döyüşərkən, bəlkə də, əbədi tarixdə qalacağını ağlına gətirməyib. Kitabın milli sərvət kimi bütün dillərə, o cümlədən Ukrayna dilinə tərcümə olunmasının vacibliyini vurğulayan yazar qeyd edib ki, bu əsər təkcə Mehdi Hüseynzadə qəhrəmanlığından danışmır, həm də Azərbaycanı ən yaxşı nümunələr əsasında tanıtmaq baxımından əvəzsizdir. A.Məsud kitabın ərsəyə gəlməsində xidmətlərinə görə səfir Azər Xudiyevə təşəkkürünü bildirib.

“Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” əsərinin tərcüməçisi Fərhad Abdullayev, Azərbaycanın Milli Qəhrəmanı Mirzə Quliyev, Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, gənc şair Şəhriyar Del Gerani də Mehdi Hüseynzadənin qəhrəmanlığından, hərbi-vətənpərvərlik  mövzusunda yazılmış belə əsərlərin dəyərindən söz açıblar.

 

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

15 2019 12:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 00:09
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə