Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

YAP Lerik Rayon Təşkilatı Gənclər Birliyinin V konfransı

YAP Lerik Rayon Təşkilatı Gənclər Birliyinin V konfransı

Konfrans iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə gül-çiçək dəstələri düzdülər. Sonra tədbir Lerik Rayon Mədəniyyət Mərkəzində Azərbaycan respublikasının Dövlət Himninin səsləndirilməsi ilə davam etdirildi.

Tədbiri giriş sözü ilə açan YAP Lerik rayon təşkilatının sədri Cəlil Baxşiyev bildirdi ki, son illər respublikamızda gedən dinamik inkişafın mərkəzində məhz Yeni Azərbaycan Partiyası durur. İqtidar partiyası daim dövlətçilik ənənələrinə sadiq olmuş, dövlət quruculuğuna öz töhfələrini vermişdir. YAP-ın hər bir üzvü ulu öndərin yaratdığı siyasi məktəbin yetirməsi, onun ideyalarının təbliğatçısıdır. Ümummilli liderin müəyyən etdiyi istiqamət, doğru yol onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Sonra YAP Lerik rayon təşkilatı Gənclər Birliyinin sədri Nüsrət Kərimov hesabat məruzəsi ilə çıxış etdi. Məruzə ətrafında gənc partiya fəallarından Orxan Abbaszadə, Veysəl Məlikov və Şəms Cabbarova çıxışlar etdilər.

Çıxışlardan sonra rayon təşkilatının Gənclər Birliyinin sədri, şura üzvləri, idarə heyəti  və YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçildi. Nüsrət Kərimov yenidən YAP Lerik rayon təşkilatının Gənclər Birliyinin sədri seçildi.

Konfransda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov çıxış edərək Gənclər Birliyinin yeni seçilmiş tərkibini təbrik etdilər. Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin uğurlarından danışdılar. Həmçinin Lerik gənclərinin də ictimai  fəallığı təqdir edildi. Partiyada təmsil olunan gənc fəallara işlərində yeni uğurlar, nailiyyətlər arzuladılar.

Konfransda partiya sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim edildi. Sonda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul edildi.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

15 2019 12:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə