Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Amerikada yaşayan ərkivanlı gənc alim

Amerikada yaşayan ərkivanlı gənc alim

ABŞ-da yaşayan həmyerlimiz, riyaziyyat elmləri doktoru, 32 yaşlı Tural Sadıqov əslən Masallı rayonunun Ərkivan qəsəbəsindəndir.  “Cənub xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənovun yazdığına görə,   ABŞ-da çalışan Qorxmaz və Rahib Mikayılov qardaşları, eləcə də Mikayılovların ABŞ-da çalışan digər 2 nümayəndəsi okeanın o tayında Azərbaycanı layiqincə təmsil edirlər. Bu günlərdə rayona gələn, ABŞ-da çalışan digər gənc ərkivanlı alim Tural Sadıqov da orada millətimizə başucalığı gətirənlərdəndir.  

Tural orta təhsilini ilk illərdə Ərkivandakı Bağlaküçə tam orta məktəbində, 6-cı sinifdən sonra isə Lənkəran Özəl Türk Liseyində alıb. 2003-cü ildə yüksək balla Türkiyənin İstanbul şəhərində Boğaziçi Universitetinə daxil olub, 2008-ci ildə bu ali təhsil ocağının Riyaziyyat fakültəsini uğurla başa vurub və bakalavr dərəcəsini qazanıb. Hələ Türkiyədə oxuyarkən təhsilini davam etdirmək üçün dünyanın bir neçə nüfuzlu ali məktəbinə müraciət edib. ABŞ-ın Bloominqton şəhərindəki İndiana Universitetindən doktoranturaya qəbul üçün dəvət alıb. Bu təhsil ocağı yüksək göstəricilərinə görə onun təhsil xərclərinin 95 faizini öz üzərinə götürüb. Həmçinin bakalavr səviyyəsində dərs demək üçün onu müəllim kimi də işə qəbul edib. Beləliklə, təhsil aldığı məktəbdə həm müəllim, həm tələbə olub.   

T.Sadıqov ölkə miqyaslı riyaziyyat olimpiadalarında ardıcıl olaraq dörd dəfə qızıl mükafatlara layiq görülüb. İki dəfə dünya olimpiadasına qatılıb və 2003-ci ildə Yaponiyadan, beynəlxalq riyaziyyat olimpiadasından (IMO – International Mathematical Olympiad) bürünc medalla qayıdıb. Doktorantura məzunu olmazdan bir az əvvəlsə T. Sadıqov Nyu-York Dövlət Universitetinə (SUNY– The State University of New York) dəvət edilib. ABŞ-da təhsil pillələrini uğurla keçərək 2015-ci ildə doktoranturanı müvəffəqiyyətlə bitirib, elmi işini yüksək səviyyədə müdafiə edərək (Mövzu: Qismi differensial tənliklərin analizi) Doctor of Philosophy alimlik dərəcəsi alıb. Hazırda onun əsas hədəfi çalışdığı Universitetdə daimi işçi olub professor dərəcəsinə yüksəlmək, Nyo-Yorkun güclü riyaziyyatçılarının toplaşdığı, ABŞ-ın ən reytinqli banklarını əhatə edən Wall Street-də data analizçi kimi yer almaqdır. Onu da bildirək ki, Tural Sadıqov çalışdığı universitetdəki riyaziyyat kafedrasının müdiri William Thistletonla birlikdə dünyanın məşhur onlayn təhsil platformalarından olan Coursera saytından orada onlayn dərs vermək üçün dəvət alıb. Bu layihə artıq həyata keçirilib. Hazırda Tural Sadıqov və William Thistletonun verdiyi zaman sıraları analizi (Practical Time Series Analysis) dərsi onlayn olaraq məşhurdur. Bu dərsdə toplam 9800 tələbə var və bunların 7098 nəfəri aktiv olaraq təhsillərini davam etdirir. Qeyd edək ki, həmin tələbələr arasında  dünyanın bir neçə ölkəsindən (ABŞ, Hindistan, Böyük Britaniya, Almaniya, Kanada, Çin, Braziliya və.s), o cümlədən Azərbaycandan da tələbələr var.

Nəhayət, onu da deyək ki, Tural Sadıqov Masallı rayonunda gözəl riyaziyyat müəllimi kimi tanınan Həsənağa Sadıqovun oğludur. Həsənağa müəllim Turala riyaziyyati çox kiçik yaşlarında öyrətməyə başlayıb.

Tural Sadıqovun dediklərindən:

- ABŞ mənim uşaqlıq və gənclik xəyallarımın ünvanı idi. Xüsusən, həmyerlilərim Qorxmaz və Rahib Mikayılovların ABŞ-dakı uğurları məni ruhlandırır və ora çəkirdi. Yeri gəlmişkən, mən bu alim qardaşlarla ABŞ-da bir neçə dəfə görüşmək imkanı qazanmışam. Bundan sonra da ABŞ-da ölkəmizi, millətimizi layiqincə təmsil etməyə çalışacağam.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

15 2019 12:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə