Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qalmaz yeraltı qaz anbarında yeni kompressor stansiyası istismara verilib

Qalmaz yeraltı qaz anbarında yeni kompressor stansiyası istismara verilib

İstismara verilən yeni kompressor stansiyası Qalmaz yeraltı qaz anbarının sutkalıq məhsuldarlığını 30 faiz, yaxud 13 milyon kubmetrədək artırır. Bununla da Qalmaz yeraltı qaz anbarının həcmi 1,5 milyard kubmetrə çatdırılır. 

SOCAR-dan aldığımız məlumatda bildirilir ki, əlavə qaz həcmləri hesabına qış aylarında abonentlərə tələbata uyğun daha böyük həcmdə təbii qaz çatdırılacaq. Mayın 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayevin iştirakı ilə Qalmaz yeraltı qaz anbarında inşa edilmiş 3 saylı yeni kompressor stansiyasının istismara verilməsi mərasimi keçirilmişdir. Gündəlik məhsuldarlığı 3 milyon kubmetr olan yeni kompressor stansiyası Qalmaz yeraltı qaz anbarının sutkalıq məhsuldarlığını 30 faiz artıraraq 13 milyon kubmetrə çatdıracaq.

Yeni stansiya SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən layihələndirilmiş, inşası “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında SOCAR-ın “Neftqaztikinti” tresti tərəfindən həyata keçirilmişdir. Layihəyə əsasən stansiya həm bir pilləli, həm də iki pilləli rejimdə işləyəcəkdir. 

SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Yeraltı qaz anbarlarını genişləndirməkdə əsas məqsədimiz ölkənin artan daxili tələbatını təmin etmək, istehlakçılara təbii qazı maksimum sürət və səmərə ilə çatdırmaqdır. Biz yay aylarında yeraltı qaz anbarlarına təbii qazı tədarük edir, qış aylarında isə tələbat artdıqca istehlakçılara çatdırırıq. Yeni kompressor stansiyası vasitəsi ilə təbii qaz anbara daha böyük həcmlərdə vurulacaq, abonentlərə daha çox mavi yanacaq çatdırılacaqdır.” 

Qalmaz Yeraltı Qaz Anbarı 1975-ci ildə “Qalmaz” neft-qaz yatağının şimal-qərb hissəsində yaradılmışdır. Qalmaz neft-qaz yatağı Aşağı Kür çökəkliyinin şimal-şərq hissəsində Bakı şəhərindən 75 km cənub-qərbdə yerləşir. Sahəsi 975 hektardır. Qalmaz Yeraltı Qaz Anbarı məhsuldar qatın I, II, Abşeron və Ağcagil horizontlarında yaradılıb.

 

Samirə Əliyeva,
"Xalq qəzeti”

15 2019 11:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə