Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin inkişafı məmnunluq doğurur

Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin inkişafı məmnunluq doğurur

Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı əlaqələri yüksələn xətlə inkişaf etməkdədir. Bunu Avropa İttifaqı, ayrı-ayrı Avropa ölkələri nümayəndələrinin ölkəmizə,  eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin və digər rəsmilərimizin Brüsselə mütəmadi səfərlərindən də görmək mümkündür. Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının V iclasının Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda keçirilməsi, Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottinger və digər rəsmilərin ölkəmizə səfəri, dövlət başçımız tərəfindən qəbul edilməsi, tərəflər arasında yeni saziş layihəsi ilə bağlı müzakirələrin növbəti raundunun baş tutması bunu deməyə əsas verir.
Hazırda Azərbaycanla Avropa İttifaqı arasında enerji, təhlükəsizlik və nəqliyyat məsələləri üzrə məsləhətləşmə mexanizmləri fəaliyyət göstərir ki, bu da Aİ-nin ölkəmizin regiondakı aparıcı mövqeyinə verdiyi əhəmiyyətin bariz nümunəsidir. Eyni zamanda, bir neçə ay əvvəl Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq üzrə sazişə dair danışıqlar davam etdirilib. 
Mayın 13-də isə Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə növbəti səfəri baş tutdu və dövlət başçısı səfər çərçivəsində Avropa İttifaqı Şurasının sədri Donald Tuskla görüşdü, “Şərq Tərəfdaşlığı” ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə Donald Tuskun adından verilmiş şam yeməyində iştirak etdi. Həm Azərbaycan Prezidenti, həm də Aİ Şurasının sədri qarşılıqlı əlaqələrin inkişafından məmnunluqlarını bildirdilər. Donald Tusk ölkəmizin Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaş olduğunu, Azərbaycanın regiondakı rolunun Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd etdi.
Şam yeməyində çıxış edən Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən fəal ölkələrdən biridir, ittifaqa üzv ölkələrlə sıx əlaqələrə malikdir, hətta 9 üzv ölkə ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. Ancaq “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan Ermənistanın Azərbaycana təcavüzü davam edir,  torpaqlarımızın 20 faizi bu ölkənin işğalı altındadır, bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. Onun sözlərinə görə, münaqişə yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır. Ötən il Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub.
Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi qətiyyətli və milli maraqlar üzərində qurulmuş uğurlu xarici siyasət nəticəsində mümkün olur. Hazırda bu siyasət uğurla davam etdirilir və Azərbaycan-Aİ əlaqələri günbəgün güclənir. 

 

Nizami SÜLEYMANOV, 
ADİU-nun professoru, tarix elmləri doktoru

14 2019 22:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə