Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Avropa üçün etibarlı dost və məsuliyyətli tərəfdaşdır

Azərbaycan Avropa üçün etibarlı dost və məsuliyyətli tərəfdaşdır

Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi, çevikliyi ilə xarakterizə olunub və milli maraqlara söykənib. Son 16 ildə daxili və xarici siyasət kursundakı dinamiklik Azərbaycanı iqtisadi cəhətdən güclü, özünü təmin edən, rəqabətədavamlı ölkəyə çevirib. Dövlət başçısının xarici ölkələrə səfərlərinin böyük maraqla izlənilməsinin əsas səbəblərindən biri də məhz onun müstəqil xarici siyasət yeritməsidir. Prezidentin Brüsselə işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlərdə səsləndirilən fikirlər də bunu təsdiqləyir.

Ölkəmizin hazırda dünyanın aparıcı güc mərkəzləri, qonşu dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq əlaqələri qurması, bir sıra regional formatların təşəbbüskarı və fəal iştirakçısı olması, eləcə də, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı daha da genişləndirməsi dünya birliyindəki reytinqini getdikcə yüksəldir. Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin getdikcə möhkəmlənməsi, bu mötəbər qurumla tərəfdaşlığın yeni mərhələyə qədəm qoyması xarici siyasətimizin prioritetini təşkil edir. Cənab İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti ilə görüşü zamanı cənab Donald Tuskun ölkəmizin regiondakı rolunun Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilməsi barədə səsləndirdiyi fikirlər, Azərbaycanın Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaş olduğunu, əlaqələrin inkişafından məmnunluq ifadə etməsi xarici siyasətimizin ­uğurlarından xəbər verir.
Məlum olduğu kimi, Avropa İttifaqı hər ölkə ilə geniş şəkildə əməkdaşlığa razılıq vermir. Ancaq Azərbaycan özünün hərtərəfli inkişafı, iqtisadi qüdrəti, enerji resursları ilə təkcə Avropanın yox, eləcə də dünya birliyinin diqqət mərkəzindədir. Bu baxımdan Avropa İttfaqı ilə münasibətlərin getdikcə yaxşılaşdırılması Azərbaycan üçün nə qədər önəmlidirsə, Avropa İttifaqı üçün də ölkəmizlə yaxınlaşmaq bir o qədər vacibdir. Əgər Avropa kimi inkişaf etmiş bir bölgə, nüfuzlu Avropa İttifaqı kimi mötəbər bir qurum ölkəmizlə əməkdaşlığa önəm verirsə və bu məqsədə çatmaq üçün danışıqlar aparırsa, bunlar respublikamızın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. 
Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması bu ­nüfuzlu quruma üzv dövlətlərlə starteji tərəfdaşlığı daha da genişləndirəcək. Təbii ki, ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyması ölkəmizin inkişafını gözü götürməyən qüvvələri ciddi təşvişə salıb. Ermənistan tərəfi münasibətlərin inkişafından daha çox narahatdır. Çünki Azərbaycanla Avropa İttifaqı arasında imzalanan sənədlərdə ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının təmin olunması öz əksini tapıb. Avropa İttifaqı ilə imzalanan sənədlərə nəzər yetirməklə bunu aydın hiss etmək mümkündür. 
Məsələn, Şərq Tərəfdaşlığı üzrə 2017-ci ildə qəbul edilmiş Brüssel Zirvə Bəyannaməsində tərəfdaş ölkələrin hər birinin suvereneliyinin, ərazi bütövlüyünün təmin edilməsi və sərhədlərinin toxunulmazlığı yer almışdı. Bu mövqe 2018-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli “Tərəfdaşlıq prioritetləri” sənədində də öz əksini tapıb. Dövlətimizin başçısı Donald Tuskla keçirdiyi görüşdə də bu sənədin əhəmiyyətindən söhbət açılıb. Sənəddə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub. Bununla yanaşı, tərəflər arasında üzərində danışıqlar aparılan tərəfdaşlıq sazişi ilə bağlı da fikir mübadiləsi aparılıb. Həmin sənəddə qeyd olunub ki, münasibətlər suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı dəstəklənməsi əsasında inkişaf edəcəkdir. 

 

Çingiz QƏNİZADƏ,
Milli Məclisin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru 

 

14 2019 22:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə