Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cəbrayıllıların heyvanlarında profilaktiki peyvəndləmə etdirilir

Cəbrayıllıların heyvanlarında profilaktiki peyvəndləmə etdirilir

Yanvar ayının ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) Cəbrayıl Rayon Baytarlıq İdarəsi 11 sahə baytarlıq məntəqəsi ilə ölkənin bütün rayon və şəhərində məskunlaşmış Cəbrayıl rayon əhalisinə məxsus iribuynuzlu, xırdabuynuzlu heyvan, at, it, dəvə və  quşlara baytarlıq xidməti göstərir.

Rayon baytarlıq İdarəsi cari ilin ilk günlərindən başlayaraq bu günə kimi rayon əhalisinə məxsus iribuynuzlu, xırdabuynuzlu, təkdırnaqlı, dəvə və itlərdə xəstəliklərə qarşı peyvənd aparıb.

Fevral ayından cəbrayıllılara məxsus iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Mart ayının ilk günlərindən isə Cəbrayıl Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb.

Bundan başqa məlumat üçün bildirək ki, heyvan sahiblərinin şəxsi vəsaiti hesabına epizootik planda nəzərdə tutulmayan xəstəliklərə qarşı vaksinasiya aparılıb.

Qeyd edək ki, cəbrayıllılara məxsus təsərrüfatlarda baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiqi barədə heyvan sahibləri ilə söhbətlər və izahat işləri aparılır. Həmçinin tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumatlar verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Cəbrayıllılara məxsus heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək.  

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

14 2019 12:22 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə